Hüquqşünas sabiq nazir barəsində “ili çıxan” xüsusi qərardaddan danışdı
25-07-2018, 08:40
Əkrəm Həsənov: “Eldar Mahmudovla bağlı müstəntiqin özbaşına qərar verəcəyi inandırıcı deyil”
Ötən ilin iyulunda Bakı Hərbi Məhkəməsində sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyev barəsində xüsusi qərardad çıxarılıb. Xüsusi qərardad aidiyyəti üzrə prokurorluq orqanına göndərilib. Həmin vaxtdan xüsusi qərardadla bağlı hansı qərar qəbul edildiyi ictimiyyətdən gizli saxlanılır.
Hüquqşünas Əkrəm Həsənov deyir ki, məhkəmə prokurorluq orqanına xüsusi qərardad göndərirsə, bu, o deməkdir ki, proses zamanı hansısa cinayət əməlinin törədilməsi şübhəsinin olması müəyyən olunub. Məhkəmə xüsusi qərardad çıxarıb həmin ehtimalın yoxlanılması üçün prokurorluğa yollayıb: “Prokurorluq xüsusi qərardada baxır və hesab edirsə ki, əməldə cinayət tərkibi var, cinayət işi başlayır. Əgər müəyyən olunursa ki, cinayət əməli yoxdur, məhkəməyə məlumat verməklə xüsusi qərardadı rədd edir. Məhkəməyə yazırlar ki, araşdırdıq, cinayət əməli tapmadıq. Cinayət əməli tapıldıqda cinayət işi başlanır”.
Hüquqşünas deyir ki, xüsusi qərardad araşdırılarkən cinayəti törətməsi ehtimal edilən şəxsi istintaqa çağırmaya bilərlər: “Müstəntiq zəruri bilsə, çağırıb dindirə də bilər. Amma Eldar Mahmudovla bağlı müstəntiqin özbaşına belə bir qərar verəcəyi inandırıcı deyil”.
Əkrəm Həsənov deyir ki, mümkündür ki, Eldar Mahmudov və Mövlam Şıxəliyevlə bağlı xüsusi qərardad Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə göndərilsin: “Eldar Mahmudov və Mövlam Şıxəliyevlə bağlı xüsusi qərardad çıxarılandan sonra sabiq naziri Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırıb dindiriblər. 2017-ci ilin noyabrında Eldar Mahmudov ardıcıl olaraq istintaqa çağırılıb. İdarədə Eldar Mahmudov əmisi oğlu, köməkçisi, MTN-in Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş polkovnik-leytenant Vüqar Mahmudova başlanan cinayət işi üzrə ifadə verib. Vüqar Mahmudova dövlət əmlakını mütəşəkkil dəstə tərkibində külli miqdarda mənimsəmə, ayrı-ayrı vətəndaşların əmlakını hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini kobud surətdə pozma, vəzifə saxtakarlığı, eləcə də tamahkarlıq və şəxsi maraqlarına görə qulluq mövqeyindən sui-istifadə əməllərinə görə ittihamlar elan olunub. Bu haqda ictimiyyətə rəsmi açıqlama da verilib. Mümkündür ki, məhkəmədən rayon prokurorluğuna göndərilən xüsusi qərardad İstintaq İdarəsinə göndərilsin və araşdırma orada aparılsın. Yəni Eldar Mahmudovun əməlləri həmin idarədə araşdırıldığından, xüsusi qərardadı da ora araşdırmağa göndərə bilərdilər”.
Ə.Həsənov istənilən halda xüsusi qərardad üzrə qəbul edilmiş qərarın - rədd edilməsi və ya cinayət işi başlanması haqda ictimaiyyətə məlumat verilməli olduğunu da vurğulayıb.
Qeyd edək ki, 2015-ci ilin oktyabrında Eldar Mahmudov vəzifəsindən uzaqlaşdırılandan sonra mətbuatda “MTN işi” adını almış cinayət işi üzrə aparılan istintaq, məhkəmə işləri artıq bitib. Eldar Mahmudovun generalları, onun tapşırıqlarının sözsüz icraçıları olan əlaltıları məhkəmə qarşısına çıxarılıb və cəzalandırılıblar. Sabiq nazirin özü isə məsuliyyətdən kənardadır. Eldar Mahmudov nazir postunu itirsə də, zəifləmiş duruma gətirilsə də, özünü həbsdən qoruya bilir.
Bundan başqa, “MTN işi” üzrə məhkəmə proseslərində belə “Eldar Mahmudov xofu” hiss olunurdu. Eldar Mahmudov məhkəmələrdə sanki hakimlərlə sabiq əlaltılarının arasında dayanırdı. Ötən ilin bu günlərində Bakı Hərbi Məhkəməsində, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi polkovnik Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmışdı. Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə V.Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilməsi haqda hökm verib, onun polkovnik rütbəsindən məhrum edilməsi ilə bağlı da xüsusi qərardad çıxarıb. Bundan başqa, məhkəmə sabiq nazir Eldar Mahmudov və nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlam Şıxəliyev barəsində cinayət işinin başlanması üçün zərərçəkmişlərin şikayəti əsasında prokurorluğa təqdimat göndərib. 1 il əvvəl göndərilən xüsusi qərardadın harada olması, məhkəmənin yolladığı xüsusi qərardad üzrə prokurorluqda hansı addımların atılması bilinmir...
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”