Azərbaycan Saitovu Ukraynaya yox, Çeçenistana verəcək
25-07-2018, 15:17
Azərbaycan ukraynalı deputat Mustafa Nayemə hücumda ittiham olunan əslən çeçen Maqomed-Amin Saitovu Ukraynaya ekstradisiyadan imtina edib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə məlumatı Ukrayna Baş Prokurorluğunun mətbuat katibi Andrey Lısenko paylaşıb. Onun sözlərinə görə, Kiyevə bu cavab bir ay əvvəl verilib. O, məhkəmənin niyə belə qərar qəbul etdiyinin açıqlanmadığını bildirib.
Faktı Ukrayna baş prokurorunun müavini öz “Feysbuk” səhifəsində Yevgeni Yenin də təsdiqləyib. O, Saitovun Kiyevə verilməməsinə əsas səbəblərdən biri kimi Azərbaycanın Nayemin Bakıya qarşı davranışlarını göstərdiyini bildirib.
Xatırladaq ki, aprelin 30-da Kiyevin mərkəzində Nayemin avtomobili “Mercedes”lə toqquşub, mübahisə başlayıb. Həmin vaxt onların yanına “BMW” avtomobili yaxınlaşıb. Münaqişə zamanı kişilərdən biri deputatın üzünə vurub. Bu şəxs hadisə yerindən qaçıb gizlənib. Nayem xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Hüquq mühafizəçiləri hücumda şübhəli bilinən üç nəfəri - iki RF vətəndaşını və bir Ukrayna vətəndaşını saxlayıblar. Onlara qarşı Ukrayna Cinayət Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş cinayəti (xuliqanlıq) törətməkdə şübhəli bilinmə ittihamı irəli sürülüb. Deputata hücum etməkdə şübhəli bilinən dördüncü şəxs- Ukrayna Respublikasında peşəkar boks klubunun prezidenti olmuş Maqomed-Amin Saitov hadisə baş verən gün təyyarə ilə Bakıya gəlib. Ona qarşı qiyabi olaraq CM-in 296-cı maddəsinin 2-ci hissəsində (xuliqanlıq) və 122-ci maddənin 1-ci hissəsində (qəsdən orta ağır bədən xəsarəti yetirmə) nəzərdə tutulmuş cinayətləri törətməkdə şübhəli bilinmə ittihamı irəli sürülüb, barəsində axtarış elan olunub...
Qəribədir ki, M.Saitovun Bakıya gəlişindən bir neçə həftə əvvəl Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarılan Fikrət Hüseynov Ukrayna hüquq-mühafizə orqanlarının susqun razılığı nəticəsində Kiyevdən çıxmağa nail olmuşdu. Azərbaycanın istintaq orqanları F.Hüseynovu dələduzluqda, qanunsuz miqrasiyaya kömək etməkdə və sənədlərin saxtalaşdırılmasında ittiham edirdilər. Ancaq Ukrayna Fikrət Hüseynovu Azərbaycana verməkdən imtina etdi.