“Bunu nəzərə alaraq prezident Cavid Qurbanovu dəmiryoluna göndərdi”
7-04-2015, 11:26

İqtisadçı ekspert, millət vəkili Vahid Əhmədov İranla "altılıq" ölkələri arasında əldə olunan Lozanna razılaşmasından sonra yaranmış durumla və gündəmin digər aktual mövzularıyla bağlı Moderator.az-ın suallarını cavablandırıb:
-Vahid müəllim, İranla “altılıq” ölkələri arasındakı Lozanna razılaşmasını şərh etməyinizi xahiş edirik. Bu anlaşma regiona və bütövlükdə dünyaya nə verəcək?
-Etiraf edək ki, 79-cu ildəki inqilabdan üzü bəri İranın ən yaxın müttəfiqi Rusiya və Çin olub. Xüsusilə Tehranla Moskva arasında hər zaman sıcaq münasibətlər olub. Özü də təkcə iqtisadi deyil, bir çox siyasi məsələlərdə də Rusiya ilə İran asanlıqla dil tapa bilib. Amma 36 ildən sonra İranla başda Amerika olmaqla “altılıq” ölkələriylə nüvə böhranının çözülməsi istiqamətində danışıqlarda ortaq məxrəcin tapılması çox böyük tarixi hadisə hesab olunmalıdır. Hələ əsas sazişin iyunun sonlarında imzalanması gözlənilir və belə bir razılaşmanın imzalanacağı isə yaşadığımız əsrin ən böyük hadisələrindən biri olacaq. Təsəvvür edin ki, bu anlaşma yeni dünya düzəninin formalaşmasının əsasını qoyacaq və qlobal oyunçuların yerində dəyişikliklər qaçılmaz olacaq. Mənim qənaətim belədir ki, İyunun sonlarınadək bu sazişin imzalanmasına əngəl ola biləcək bütün məqamlar aradan qaldırılacaq və nəhayət, bəşəriyyət iyulda yeni bir düzənin astanasına qədəm qoyacaq. Təbii ki, bütün bu pərdəarxası oyunlarda əsas hədəf Rusiyanı mümkün qədər zəiflətmək və onu dünyanı, xüsusən də Avropanı yarım əsr ərzində özündən asılı vəziyyətdə saxladığı rıçaqlardan məhrum etməkdir. Təbii ki, İran da yaranmış fürsətdən maksimum faydalanmaq niyyətindədir və Rusiyanın itirdiyi mövqeləri qazanmağa çalışacağı şəksizdir.
-Təbii ki, Rusiya baş verənləri izləyir və sakit oturmaq niyyətində deyil...
-Rusiya bu günədək nəyi bacarıbsa edib və bundan artığına dişini qıcasa belə nail olası deyil. Çox vaxt deyirlər ki, Rusiyanın Çin kimi nəhəng müttəfiqi var. Amma bunu iddia edənlər unudur ki, hiyləgər Pekinlə Vaşinqtonun da münasibətləri heç pis deyil və bu iki ölkə arasındakı ticarət dövriyyəsi Rusiya ilə Çin arasındakı əlaqələri xeyli kölgədə qoyur. Siyasi münasibətlərdə problemlər olsa da ticari əlaqələr çox yüksək səviyyədədir və heç də təsadüfi deyil ki, Vaşinqtonun Pekinə külli miqdarda borcu olsa da Çin bir dəfə də bu məsələni qaldırmayıb. Bir məsələ tam yəqindir ki, bütün bu siyasi gəlişmələrin əsas ssenaristi və oyunçusu ABŞ-dır və Vaşinqton ipə-sapa yatmayan Putin Rusiyasını dalana dirəmək üçün gözlənilir ki, hələ bundan sonra da çeşidli projelərə patronajlıq, ssenarilərə rejissorluq etsin...Etiraf etmək lazımdır ki, bu gün dünyanın əsas söz sahibi Amerikadır və Vaşinqton bu dəfə sovetlərin çöküşündən sonra buraxdığı səhvləri bir daha təkrarlamamaq və Rusiyanı tamamilə diz çökdürmək üçün bütün resurslarını səfərbər edib. Yəni elə bir zərbə vurmağa hazırlaşır ki, nə zamansa ikinci Putin zühur edərək çökmüş Rusiyanın qalıqları üzərindən yenidən bəşəriyyəti təhdid edəcək imperiya ambisiyalı bir dövlət qurmaq kimsənin xəyalından keçməsin. Təbii ki, siz bayaq dediyiniz kimi Rusiya da dinc oturmur və o da necə deyərlər saman altdan su yeridərək Amerikanın projelərini əngəlləmək, ən azı yubatmaq üçün hərəkətə keçib. Bu gün Yəməndə baş verənlər, Suriyada Bəşər Əsədin dirəniş göstərməsi də təbii ki, Moskvanın “xidmət”ləridir. Amma gec-tez Rusiya anlayacaq və ya ona anladacaqlar ki, artıq o Vaşinqtonla burun-buruna gələcək səviyyədə deyil və birqütblü dünya düzəniylə razılaşmaq zorundadır.
-Bu anlaşmanın Azərbaycana hansı isti-soyuğu olacağını proqnozlaşdırırsınız?
-Təbii ki, İranla bağlı yeni beynəlxalq şəraitin formalaşması Azərbayacana da təsirsiz ötüşməyəcək. Əgər İran inadkarlığından imtina edərək Qərblə anlaşa bilsə və beynəlxalq birliklə dil tapa bilsə, ən çox udan tərəflərdən biri də Azərbaycan olacaq. İlk növbədə Azərbaycanın müstəqilliyinə xələl gətirə biləcək dövlətlərin sayı azalacaq və demək olar ki, Rusiyadan başqa suverenliyimizi təhdid edəcək qonşumuz qalmayacaq. Ermənistanı nəzərə almıram və onların da sahiblərinin Moskva olduğunu təkrarlamağa gərək yoxdur. İqtisadi baxımdan da Azərbaycanın uduşları az olmayacaq. Çünki Tehran anlayacaq ki, karbohidrogen ehtiyatlarını dünya bazarına çıxaracaq ən asan yol TAP və TANAP-a qoşulmaqdır və nəticədə Azərbaycanın Avropa üçün önəmi ikiqat artacaq. O cümlədən demokratikləşən və Avropaya inteqrasiya edən İranda yaşayan soydaşlarımız da rahat nəfəs alacaqlar və bu ölkədə haqq etdikləri söz sahibi olacaqlar. Yəni Lozannada imzalanan çərçivə sazişi həqiqi sazişə çevrilsə dünya son 50 ilin ən böyük uduşunu qazanmış olacaq.
-Demokratik İrandakı soydaşlarımızın müstəqlillik istəkləri daha da qabarıq nəzərə çarpmayacaq ki?
-Mən İrandakı azərbaycanlıların müstəqllik istəklərinə o qədər də inanmıram. Amma ən azı onların həyat şəraitlərinin yaxşılaşması, azadlıqların bərqərar olunması onlara çox böyük fayda vermiş olacaq.
-Belə iddialar da var ki, İsrail hər vəchlə təxribat törədərək bu sazişin iyunda imzalanmasını əngəlləməyə çalışacaq...
-İsraillə İranın münasibətləri hamıya məlumdur və inanmıram ki, yaxın dövrdə bu iki dövlət arasında dil tapılsın. Amma Netanyahunun pafoslu bəyanatlarına baxmayaraq İsrail bu günədək Amerikanın ərköyün uşağı olub və lazım gəlsə Vaşinqton Təl-Əvivə təpinərək yerində oturmasını tələb edəcək.
-Bəs İranla anlaşma Türkiyənin bölgədəki yerinə necə təsir edəcək?
-Təbii ki, Azərbaycanın bölgədəki əbədi və əzəli müttəfiqi Türkiyədir və bu ölkənin regionda həlledici söz sahibi olması Azərbaycanın da manevr imkanlarını artırmış olur. Amma məni narahat edən məqam odur ki, son vaxtlar Türkiyəni qarışdırmaq istəyən qüvvələr daha da aktivləşiblər və hər vəchlə bu ölkəni xaosa sürükləmək niyyətləri görsənir.
-Yəni yəhudi barmağa qardaş ölkəni qarışdıra bilər?
-Təkcə yəhudi barmağımı? Məncə xeyli barmağın hərəkətdə olduğunu görmək mümkündür və təbii ki, Türkiyənin güclənməsini istəməyən, bunu qısqanclıqla qarşılayan güclər az deyil. Amma ümid edirəm ki, Türkiyə iqtidarı təhlükənin hardan gəldiyini əvvəlcədən müəyyənləşdirmək və onu neytrallaşdırmaq gücündədir. Güclü Türkiyə isə güclü Azərbaycan deməkdir.
-Bu gün Qərblə anlaşmağa çalışan İran digər tərəfdən Yəməndə ikibaşlı oyun oynayır və Rusiyanın maraqlarının ifadəçisi funksiyasını yerinə yetirir...
-Zənn etmirəm ki, bu siyasət Yəməndə uğur qazana və tezliklə burada da Rusiya və İranın oyunları iflasa uğrayacaq. Bilirsiniz, Səudiyyə Ərəbistanı müstəqil dövlət olsa da tarix boyu Amerikanın diktəsiylə oturub-durub. Ərəblərlə amerikanların işbirliyi elə bir səviyyədədəir ki, hələ ən azı yaxın 50 ildə Vaşinqton Ər-Riyad üçün vazkeçilməz olaraq qalacaq. Yəni bu gün dünya bazarında neftin qiymətini yalnız Amerika diktə edir və onun iradəsindən kənar heç bir proses baş verə bilməz.
-İndiki həssas məqamda İlham Əliyevin Səudiyyə Ərəbistanına səfəri də ola bilsin Moskvada qıcıq yaratsın.
-Səudiyyə Ərəbistanı dünyada əsas neft ixracatçısından biridir. Azərbaycan prezidentinin də orada müəyyən danışıqlar aparması zərurəti yaranıb və İlham Əliyev də peşəkar dövlət xadimi kimi baş verən proseslərdən yetərincə məlumatlı olduğundan Azərbaycanın uğurları üçün atılacaq addımları bir daha dəqiqləşdirmək istəyir. Yəni neftin qiymətindəki bu təlatümlərin gələcək aqibəti, artma və azalma ehtimalları barədə qətiləşmiş qənaətə sahib olmaq üçün bu səfər məncə çox faydalı olacaq. İkincisi də Səudiyyə Ərəbistanı ilə Azərbaycanın münasibətləri həmişə yaxşı olub. Doğrudur, bir müddət öncə şeyxin Səudiyyə Ərəbistanı ilə bağlı səsləndirdiyi fikirlər səs-küyə səbəb oldu, amma sonradan hökumət rəsmi bəyanat verdi ki, Azərbaycanın siyasətini prezident müəyyənləşdirir. Bilirsiniz, İlham Əliyev çox peşəkar siyasət aparır və inanıram ki, onun bu səfəri də Azərbaycanın öz imkanlarını və risklərini götür-qoy etmək baxımından çox faydalı olacaq.
-Putin də Bakıya səfərə hazırlaşır. 2013-cü ilin prezident seçkilərində də zühur etmişdi, indi də parlament seçkiləri öncəsidir...
-Mən Azərbaycanın müstəqillik əldə etməsindən bu yana Moskvadan Bakıya təşrif buyuran yüksək çinli rəsmilərin gəlişindən müsbət heç nə gözləməmişəm. Təbii, təkrarlamaq zorundayam ki, Rusiya bizə qonşu olan nəhəng dövlətdir və 2 milyarda yaxınlaşan ticarət dövriyyəmiz, orada yaşayan çoxsaylı soydaşlarımız bu ölkə ilə münasibətləri yüksək səviyyədə saxlamağı şərtləndirir. Amma gəlin razılaşaq ki, tarix boyu Rusiya bizə nəsə vermək əvəzinə hər şeyimizi alıb. Vaxt vardı 90-cı illərin lap əvvəllərində Milli Məclisdə bəzi iqtisadçılar mənimlə mübahisə edirdilər ki, Azərbaycan müstəqil yaşaya bilməz. Amma bu gün çətin də olsa Azərbaycan müstəqil yaşayır.
-Elman Rüstəmova yenidən Mərkəzi Bank sədrliyinin həvalə edilməsi belə bir rəy yaratdı ki, deyəsən ölkədə ondan peşəkar bankir yoxmuş. O bank sistemimiz üçün bu qədərmi əvəzolunmaz personadır?
-Əvəzolunmaz şəxs yoxdur. Etiraf edim ki, son zamanlar istər bank, istərsə də maliyyə sistemində çox peşəkar gənc kadrlar yetişib. “Paşabank”ın, “Kapitalbank”ın, “Azəriqazbank”ın idarə heyətinin üzvləri və digər tanıdığm insanları nəzərdə tutaraq deyirəm ki, ölkədə bank və maliyyə sistemini əla bilən Qərb təhsilli xeyli sayda gənc kadrlarımız var. Amma etiraf edilməlidir ki, Elman Rüstəmov kifayət qədər bacarıqlı kadrdır və mən hələ onu 1992-ci ildən tanıyıram. O vaxt mən baş nazirin birinci müavini olanda o Milli Bank sədrinin birinci müavini idi. O ölkənin maliyyə və bank sistemini incəliklərindək bilən bir şəxsdir. Mərkəzi Bank sədri hökumətin tərkibinə daxil olmasa da makroiqtisadi durumu dəqiq bilən insanlardan biri, bəlkə də birincisidir. 2008-ci ildəki böhran dünyanı ağuşuna alanda Azərbaycanın bu böhrandan üzüağ çıxmasında Mərkəzi Bankın fəaliyyəti çox böyük idi. Yəni müəyyən qədər vəziyyəti stabilləşdirməyə nail oldular. Amma Elman Rüstəmovun 21 fevraldakı devalvasiya prosesini heç cür qəbul etmək mümkün deyil. Çünki biz hələ iki il öncə deyirdik ki, 2013-cü ildən etibarən yumşaq devalvasiya qaçılmazdır, amma bunu etmədilər. Komitənin iclasındakı müzakirələrdə də ona 3 sual verdim. Manatın devalvasiyası, dollarla verilən kreditlərin aqibəti və bankların problemlərinin necə aradan qaldırılacağı barədə fikirlərini soruşdum. Doğrudur, cavabları bizi o qədər də qane etmədi, amma namizədliyi cənab prezident tərəfindən təqdim edildiyindən və Milli Məclisin sədri Oqtay Əsədov tərəfindən də bu namizədlik dəstəkləndiyindən çox da dərinə getmədim. Mən gizlətmirəm, prezidentə və parlament sədrinə şəxsi hörmətim olduğuna görə Elman Rüstəmovu çox sıxışdırmadım.
-Bu günədək hakimiyyətin kadr islahatlarına gedəcəyi gözləntiləri də özünü doğrultmadı.
-Mən prosesləri dəqiq izləyirəm, görünən odur ki, son vaxtlar istər hökumətin strukturunda, istərsə də kadr məsələsində dəyişikliklərə hazırlıq aparılır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildi, Cavid Qurbanov “Azəryolservis” ASC-dən götürülərək böyük bir quruma-“Azərbaycan Dəmir Yolları”na sədr təyin edildi. Yeri gəlmişkən, Cavid Qurbanov həm də millət vəkili kimi bizim həmkarımızdır, onun yol təsərrüfatının inkişafında böyük rolu olub. Doğrudur, keyfiyyətlə bağlı problemlərin mövcudluğu da zaman-zaman müxtəlif səviyyələrdə deyilib, amma qısa müddət ərzində Azərbaycanda bu qədər yolların çəkilməsində, körpülərin, tunellərin, yol ötürücü qovşaqların, yeraltı keçidlərin tikintisində onun danılmaz rolu oldu. Bunu da nəzərə alaraq cənab prezident onu dəmiryoluna göndərdi. Ora təyinatından qısa müddət keçsə də görürəm ki, yeni layihələrin icrasına başlanılıb. Bakı-Sumqayıt elektrik qatarıyla, eləcə də Bakıətrafı kəndlərin elektrik qatarlarıyla daha da əlçatan olacağı barədə layihələrin icrası dəmiryolunda da gələcək inkişafdan xəbər verir. Arzu edərdim ki, Bakı ilə Xaçmaz arasında da sürətli elektrik qatarları istifadəyə verilsin. Sözümün canı odur ki, kadr islahatları dedikdə təkcə kənardan yenilərinin gətirilməsi nəzərdə tutulmamalıdır, peşəkarlara hər yerdə ehtiyac var və cənab prezident də haqlı olaraq zamanında doğru bildiyi təyinatları, yerdəyişmələri həyata keçirir. Bunun özü elə kadr islahatıdır. Amma təbii ki, çox ciddi struktur islahatlarına ehtiyac var. Bir-birini təkrarlayan nazirlik, komitə və şirkətlərin daha da komplektləşdirilməsinə ehtiyac var. Ehtimal edirəm ki, Birinci Avropa Oyunlarından sonra cənab prezident tərəfindən daha ciddi struktur və kadr islahatlarına imza atılacaq.