"Delta-Telekom"a ciddi rəqib gətirilir - İKT MÜTƏXƏSSİSİ

18-11-2015, 15:35           
"Delta-Telekom"a ciddi rəqib gətirilir - İKT MÜTƏXƏSSİSİ
Noyabrın 16-da Azərbaycan ilk dəfə saatlarla internetsiz qaldı. Beş saatdan sonra qismən internet bərpa edilsə də ayın 17-də qısa fasilələrlə analoji hal yaşanıb. İlkin versiya olaraq hadisəyə səbəb kimi Azərbaycanın qlobal internet şəbəkəsinə əlaqəsini təmin edən milli operator - "Delta-Telekom" MMM Data Mərkəzinin əsas kabellərinin birində tüstülənmə göstərilib.

Baş vermiş hadisəyə qurumdan dərhal reaksiya verilib. Təxirəsalınmaz tədbirlər görülüb, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə xidməti də cəlb edilib. Məlum olub ki, hadisə zamanı açıq yanğın halları baş verməyib, kabellərin əriməsi nəticəsində yaranan tüstü avadanlıqlarda qismən nasazlıq yaradıb. Bununla əlaqədar sistemin ümumi işi dayandırılıb və nəticədə ölkədə internet əlaqəsində kəsinti yaranıb. Bu hadisədən sonra şirkətdən verilən ilkin rəsmi cavab var. Lakin bu qanedici deyil. Elə buna görə də məsələni hüquq mühafizə orqanları araşdırır. Yekun sözü də məhz onların deyəcəyini qeyd edək.

"Delta-Telekom" MMM-də baş verənlər ortaya bir neçə suallar da çıxarmış oldu. Niyə ölkədə bir internet operatoru hökmranlıq edir? Sağlam rəqabət və “Delta”ya alternativ operatorlar olsaydı o zaman da baş verənləri yaşaya bilərdikmi? "Delta-Telekom"-da əlavə ana xətlərin durumu hansı vəziyyətdədir ki, bu qədər yüklənmə olub və ölkənin 95 faizi internetsiz qalıb?

Hafta.az-ın bu suallarına informasiya texnologiyaları (İT) mütəxəssisi və “Delta Telekom”da təcrübə keçmiş Cahid İsmayıloğlu aydınlıq gətirib. Cahid İsmayıloğlu bildirib ki, “Delta Telekom”-un ölkəni təkbaşına internetlə təmin etməsinin bir səbəbi var:

“Əsas baş operator “Delta Telekom” olduğu üçün ölkəni 95 faizni internetlə bu qurum təmin edir. Yerdə qalan cüzi bir hissəsini də “Az Euro Tel” adında operator ödəyir. “Az Euro Tel” yavaş-yavaş Bakının əsas hissəsinin internet təlabatını ödəməyə çalışır. Rəqabətli biznes mühitinin inkişafı üçün alternativ operatorların olduqca vacibdir. Ən son müzakirə olunan məsələlərdən biri də budur ki, bu nüans internetin də qiymətlərinə təsir edəcək. Belə ki, ölkədə nə qədər çox internet təminatçısı olarsa bu rəqabət mühitində internetin ucuzlaşması deməkdir”.

İT mütəxəssisinin sözlərinə görə, “Delta”da olan server mütəxəssisləri bir çox Avropa ölkələrində yoxdur. Cahid İsmayıloğlu deyir ki, bu provayderdə problem yarandığı halda ehtiyat xətlər də mövcuddur:

“Mən “Delta”da işləməsəm də bu provayderdə serverim olub. Ona görə də məni bu sistemlə tanış ediblər. O zaman gördüm ki, “Delta Telekom”da yüksək səviyyəli texnologiya var. Orada ən son texnoloji nəaliyyətlər tətbiq edilir. Bu qurumun ölkəni fasiləsiz internetlə təmin etmək üçün alternativ kanalları da mövcuddur. Bununla da istənilən durumda bu operator ölkəni fasiləsiz internetlə təmin etmək durumuna malikdir”.

"Delta-Telekom" MMM-də təcrübə keçmiş Cahid İsmayıloğlunun sözlərinə görə, bu cür halların yaşanmaması üçün ölkədə mütləq digər operatorların də rəqabətə qoşulmasını təmin etmək lazımdır:

“Düşünürəm ki, son hadisədən dərs götürmək lazımdır. Ölkədə alternativ operatorlar yaradılmalıdır. Bu dünya təcrübəsində də var. Beləliklə provayderlərarası rəqabət yaranacaq. Nəticədə bu həm keyfiyyətə, həm də zəmanətli internet xidmətlərinə, eyni zamanda qiymətlərin ucuzlaşmasına təsir göstərəcək”.

Cahid İsmayıloğlu 16-17 noyabrda yaşanan internet olaylarının hansı səbəbdən baş vermə səbəbləri ilə bağlı versiyalara da münasibət bildirib:

“Delta”da ehtiyyatda 3 ana xətt var. Gərək bunların üçü də sıradan çıxa ki, internetin verilməsi tam şəkildə dayana. Bu isə milyonda bir olan haldır. Biz mütəxəssislər son hadisə ilə bağlı əsas təxribat versiyası üzərində dayanmışıq. Sadəcə olaraq son qərarı dəyərləndirmədən sonra hüquq-mühafizə orqanları çıxarmalıdır. Bunlar sadəcə olaraq versiyalardır”.

Hafta.az -a etibarlı mənbədən daxil olan məlumata görə, ölkədə "Delta"ay rəqib olacaq ciddi milli operator şirkəti bu günlərdə ortaya çıxacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.