Cahangir Əsgərovun daha bir şirkəti üzə çıxdı
10-05-2016, 00:10
«İpək Yolu Sığorta» ASC-nin sahiblərinin payları bilindi
«Qiymətli kağızlar bazarı haqqında» Qanunda şirkətlərin illik hesabatlarının açıqlanması barədə sərt tələblər bəhrəsini verməkdədir. «İpək Yolu Sığorta» Açıq Səhmdar Cəmiyyəti auditorun müsbət rəy verdiyi illik hesabatı ictimaiyyətin diqqətinə çatdırıb.
MÜƏMMALI 3.6 FAİZ
Sənədə əsasən, payların toplam 77.4 faizi (hər bacıya 6 min 779 səhm) Cəmilə və Məlahət Əsgərova bacılarınındır. Hər səhmin qiyməti 844 manatdır.
Səhmlərin 19 faizi «Silk Way» aviaşirkətinindir. 2011-ci ilin uyununadək «AZAL Sığorta» adlanan bu şirkətdə «Azərbaycan Hava Yolları» QSC-nin payı indi müəmmalı şəkildə 3.6 faizə düşüb.
Rəsmi məlumatlara görə, 2001-ci ildə yaradılan «Silk Way» aviaşirkətində payların 60 faizi «SW Holding» MMC-yə, qalan 40 faizi isə Britaniyanın Virgin adalarında qeydiyyatdan keçmiş «International Handling Company Limited» şirkətinə məxsusdur. 20-dən çox şirkətin daxil olduğu «Silk Way Holding»in prezidenti Zaur Axundovdur. Qrupa da o nəzarət edir. «International Handling Company»nin mülkiyyətçilərinin adları isə açıqlanmır.
ÖTƏN İL TƏMİZ QAZANC 5 MİLYON MANATI AŞIB
«İpək Yolu Sığorta» ASC yetərincə çox mənfəət götürən şirkətlərdəndir. Bu şirkətin ötən il 5 milyon manatdan çox təmiz qazancı, bu ilin ilk 3 ayında isə vergilər ödənilməklə, 485 min manat mənfəəti olub. Şirkətin əsas müştəriləri, AZAL daxil, mülki aviasiya şirkətləri və onlara xidmət göstərən kommersiya qurumlarıdır.
BİNA VƏ TİKİLİLƏRİN QİYMƏTİ, VUR-TUT, 52.6 MİN MANAT
Diqqət çəkən burasıdır ki, şirkətin bina və tikililərinin qiyməti, vur-tut, 52.6 min manatdır. Başqa bir fakt da diqqətəlayiqdir: devalvasiyanın ölkədə bank və tikintisektorlarına, eləcə də biznesin digər sahələrinə ağır zərbə vurduğu 2015-ci ildə «İpək Yolu Sığorta» ASC valyutanın məzənnə fərqindən təxminən 2 milyon manat irəli düşüb.
BÖLÜŞDÜRÜLƏSİ 8.5 MİLYON MANAT VAR
Bu sığorta şirkəti 2014-cü ildən bəri kapitalını artırmaq qayğısına qalmır və qazancın bir hissəsi səhmdarlara ödənilir. Ötən il 4 səhmdara 3.4 milyon manatdan çox divident paylanıb. 2015-ci ilin nəticələrinə görə, daha 2.5 milyon manatın səhmdarlara ödənilməsi qərara alınıb. Bu il aprelin 1-dəki duruma görə, «İpək Yolu Sığorta» ASC-nin səhmdarlar arasında bölüşdürüləsi 8.5 milyon manatı var.
Rəhbər heyət də daxil, şirkətə pul qazandıran 23 əməkdaşa ötən il 183 min 255 manat və yaxud ayda 664 manat əməkhaqqı verilib. (azadliq.org)