YAP üzvündən prezidentə şikayət: «Mənim YAP-ın vəsiqəsini Heydər Əliyevin məzarı üzərinə qoymaqdan başqa çıxış yolum qalmayıb»

10-05-2016, 10:26           
YAP üzvündən prezidentə şikayət: «Mənim YAP-ın vəsiqəsini Heydər Əliyevin məzarı üzərinə qoymaqdan başqa çıxış yolum qalmayıb»
«Mənim YAP-ın vəsiqəsini Heydər Əliyevin məzarı üzərinə qoymaqdan başqa çıxış yolum qalmayıb»

Yevlax sakini Narıngül Xudiyeva məmur özbaşınalığından, insanların haqqının tapdanmasından gileylənir. YAP-ın üzvü olan bu xanım dövlət başçısına bu barədə məktub yazıb. O, məktubun surətini “Azadlıq”a da göndərib. Narıngül Xudiyeva yazır:

“Icra başçısının qəbulunda olarkən kobud və nəzakətsiz qarşılanmağımın səbəbini hələ də başa düşə bilmirəm. Bu münasibətin qarşılığında mən də əsəblərimi cilovlaya bilmədim. Sonra başa düşdüm ki, məni yuxarılara mənfi formada təqdim ediblər.


Ölkənin həssas təbəqəsinin haqqını tanıyan, hüquqlarını təmin edən yoxdur. Hər yerdə hüquqsuzluq, qanunsuzluq hökm sürür. Insan hüquqları, insan haqları deyilən anlayış nədən, haradan mövcuddur bəs?! Harda rüşvət var, orada da qanun işləyir.

Rayonun sabiq icra başçısı Elmar Vəliyev, hazırkı icra başçısı Qoca Səmədov kimi məmurlar mənim haqqımı mənimsəyib, hüquqlarımı tapdayıb.

Mən illərdir ki, torpaq sahəsi almaq üçün çalışıram. Lakin işə baxan yoxdur. Pulum və imkanım olmadığı üçün bu gün evsiz qalmışam. Daha doğrusu, evimi, torpaq sahəmi məmurlar mənimsəyib. Əksər qurumlara üz tutub məktublar ünvanlasam da, bir nəticəsi olmayıb. Dövlət başçısına çoxsaylı müraciətlər etmişəm. Bir faydası olmayıb, əksinə, deyiblər ki, “prezidentə yazsan da, bizə heç nə etmədilər”. Belə çıxır ki, bəzi hökumət və dövlət məmurları üçün nə dövlət, nə onun prinsipləri, nə də dövlət başçısı var…

Mən öz dövlətim və xalqım haqqında həmişə yaxşı fikirdə olmuşam. Mənim anlamımda müxalifətin və iqtidarın fərqi yoxdur. Mən siyasətçi deyiləm, adi, sadə bir insanam. Lakin məni dövlətə qarşı çıxmaqda ittiham edirlər. Nə qədər absurd bir yanaşmadır.

10 ildir ki, Yeni Azərbaycan Partiyasının üzvüyəm. Bir vətəndaş olaraq, bu partiyanı seçmişəm və partiyaya sadiq, sədaqətli üzv olmuşam. Cənab prezident, sizin seçilməyiniz üçün mən də öz töhfəmi təmənnasız olaraq vermişəm. Lakin məmurlar biz vətəndaşların haqqını ayaqlayır. Dövlət başçısı olaraq sizə məktub yazmaqdan yorulmuşam. Pulum da qalmayıb. Sizə məktub göndərmək üçün Bakıya üz tutmuşam. Çünki yerlərdən məktublar getmir. Icra başçısı Qoca Səmədov, eləcə də Elmar Vəliyev mənim valideynlərimin yaxşı insan olduğunu bilirlər. Lakin mənə qarşı bu cür münasibət göstərilir. Mənim YAP-ın vəsiqəsini Heydər Əliyevin məzarı üzərinə qoymaqdan başqa çıxış yolum qalmayıb. Xahiş edirəm, hüquqlarımın təmin edilməsinə yardımçı olun”.
Adları çəkilən hər bir şəxsin fikirlərinə yer verməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.