Azərbaycanda iyunun 1-dən yeni vergi güzəştləri tətbiq olunacaq

29-05-2016, 12:07           

İyunun 1-dən dəmir yolu ilə nəql edilən yüklər Azərbaycandakı son dəmir yolu stansiyasından avtomobil vasitəsilə ən yaxın gömrük məntəqəsinə daşınırsa yol vergisi və dövlət rüsumundan azad olunacaq.

BAKU.WS-in məlumatına görə, yük gömrükdən keçdikdən sonra ən yaxın dəmir yolu stansiyasına avtomobil yolu ilə daşındıqda da yol vergisi və rüsum ödənilməyəcək. Bununla bağlı Prezident İlham Əliyev "Vergi Məcəlləsi və "Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə fərman imzalayıb. Bu dəyişiklik daşıma xərclərinin azalmasına səbəb olmaqla yanışı Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini artıracaq.

Dəyişikliyə əsasən ölkə ərazisində fəaliyyət göstərən xarici yükdaşıma şirkətləri ölkə sərhədlərinə ən yaxın dəmir yolu stansiyasından gömrük məntəqəsinə qədər qət etdikləri məsafəyə görə yol vergisi və dövlət rüsümundan azad olacaqlar. Eyni qaydada Azərbaycan gömrük keçidindən ölkəyə yük gətirən avtomobilllər ən yaxın dəmir yolu stansiyasına daşınmaya görə vergi və rüsum ödəməyəcək. Güzəşt müddətinin 3 ili əhatə etməsi nəzərdə tutulur. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı bildirir ki, yenilik Azərbaycanın yükdaşıma üçün cəlbedici ölkəyə çevirəcək

Vergi Məcəlləsinə görə əvvəllər yükün daşınması zamanı yol vergisi ölkədə qalma müddəti, yükün həcmi və oxların sayına əsasən müəyyən edilirdi. Belə olan halda İran Astarası ilə Azərbaycan Astarası arasında 8 kilometrlik məsafədə daşıma xərcləri xeyli artırdı.

Dəyişikliklər eləcə də Naxçıvan Muxtar Respublikası üçün də əhəmiyyətli ola bilər. Naxçıvan ilə Türkiyə arasında dəmir yolunun olmaması buna zəmin yaradır. Belə ki, Naxçıvanın Türkiyəyə ən yaxın dəmir yolu stansiyasından gömrük məntəqəsinə qədər olan ərazidə yüklərin daşınması dövlət rüsumu və yol vergisindən azad edilə bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.