TƏBİB zibilini də özgəsinə daşıtdırmır: “BT TEXNO SERVİS” 4 aya 5 tender udub - İcazə verin şübhələnək...
Bu gün, 11:21

Bakı Baş Səhiyyə Mərkəzi özünün növbəti tenderini elan edib.
Tribuinainfo.az xəbər verir ki, bu barədə açıq mənbələrə məlumat yayılıb.
Bildirilir ki, tender Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrində tibbi tullantıların daşınması məqsədi ilə keçirilib. Həmin tenderi isə “BT TEXNO SERVİS” MMC udub. Tərəflər arasında isə 809 min 84 manata razılaşma əldə edilib.
Tribunainfo.az-ın apardığı araşdırma zamanı məlum olub ki, TƏBİB-in tabeliyində olan əksər xəstəxanaların zibildaşıma işlərini elə bu şirkət həyata keçirib. Belə ki, “BT TEXNO SERVİS” MMC bu ilin ilk 4 ayı ərzində 5 tenderin qalibi olub.
Bildirək ki, bu yaxınlarda MMC “Xəzər Tibb Mərkəzi”nin zibillərini daşımaq üçün 44 min 241 manata anlaşıb. Şamaxı Mərkəzi Xəstəxanasının tibbi tullantılarını daşımaq üçün isə “BT TEXNO SERVİS” MMC 36 min 911 manat alıb.
Analoji işləri Cəlilabad Mərkəzi Xəstəxanasında həyata keçirən şirkət 67 min 860 manatlıq, Qobustan Mərkəzi Xəstəxanasında 21 min 97 manatlıq və Nərimanov Tibb Mərkəzində 162 min 482 manata görüb.
Xatırladaq ki, “BT TEXNO SERVİS” MMC-nin rəhbəri Füzuli Qasımovdur. Hüquqi ünvanı Bakı şəhəri, Nizami küçəsi 94/34a-da yerləşən şirkətin ortağı da var. Belə ki, Kamran Bağırov şirkətin qanuni şəriklərindən biridir. Hazırda isə şirkətin ofisi Məmməd Araz küçəsi 72, 3-cü mərtəbədə yerləşir.