Deputat: "Borcu az olan vətəndaşlar üçün bu qadağa aradan qaldırılmalıdır"

Bu gün, 11:34           
Deputat: "Borcu az olan vətəndaşlar üçün bu qadağa aradan qaldırılmalıdır"
"Ölkədə kredit və digər tənzimləmələr ilə bağlı qanunlar mövcuddur. Milli Məclisdə problemli kreditlərə yenidən baxılması ilə bağlı bir neçə sənəd daxil olur. Milli Məclisin deputatları, tanınmış iqtisadçılar, mütəxəssislər bu məsələ ilə bağlı təkliflər irəli sürürlər. Həmkarım Vüqar Bayramov az miqdarda borcu olan vətəndaşların ölkədən çıxışına qadağanın aradan qaldırılması ilə bağlı təklif irəli sürüb".

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərli deyib.

Deputat bildirib ki, vətəndaşların hər birinin ölkədən sərbəst çıxması ilə bağlı hüquqları var:

"Qanunla banklara, kredit təşkikatlarına yüksək borcu olan vətəndaşların ölkədən çıxışına məhdudiyyətlər qoyulur. Bu bir növ vətəndaşı borcun qaytarılmasına vadar edir. Hazırda banklarda və kredit təşkilatlarında kreditlərini ödəməyən çox sayda borclular var.

Həmkarımın təklifini mən də dəstəkləyirəm. Məsələn, 120, 80, 200 manat borcu olan şəxslərə də ölkədən çıxmağa məhdudiyyət qoyulur".

O bildirib ki, az məbləğdə borcu olan vətəndaşlara qadağaların qoyulması məsələsinə bir də baxılmalıdır:

"Əgər məbləğ aşağıdırsa, bu məhdudiyyət götürülə bilər. İnsanların gediş-gəlişinə məhdudiyyət qoyulması hüquqi məsələrlə tənzimlənir. Borc məbləği çoxdursa, hər hansı məhdudiyyətin olması zəruridir. Az məbləğdə borcu olan vətəndaşlara qoyulan məhdudiyyətlərin aradan qaldırılması vətəndaş məmnuniyyətinə xidmət edəcək".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.