Bakıda silahla həbs edilənlərin sayı artıb - təhlükə

2-03-2018, 10:50           
Bakıda silahla həbs edilənlərin sayı artıb - təhlükə
Mahmud Hacıyev: “Azərbaycanlılar qafqazlı olaraq evdə silah saxlamağa, silahla gəzməyə meyllidirlər”

Azərbaycan regionda olduqca həssas dönəmə- növbədənkənar prezident seçkisi mərhələsinə qədəm qoyub. Düzdür, Azərbaycanda sabitlik var və kriminogen durum nəzarət altındadır. Son günlər polis xüsusilə paytaxt Bakıda silahlı şəxslərə qarşı uğurlu əməliyyatlar aparıb.

DİN-in mətbuat xidməti xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş, Maştağa qəsəbə sakini İmran Cavadov qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanılıb. Onun evinə baxış keçirilən zamanı çarpayının altında gizlətdiyi 1 ədəd “Naqan” markalı tapança və 3 ədəd patron aşkar olunaraq götürülüb. Sabunçu Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində isə əvvəllər məhkum olunmuş Balaxanı qəsəbə sakini Bəybala Qarabəyov saxlanılıb. Polis idarəsində hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman əlindəki çantanın içərisindən sandıqçasında 10 ədəd patron “AKS-74" markalı avtomat aşkar olunaraq götürülüb.

Səbayel Rayon Polis İdarəsi 8-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Abzər Abzərov saxlanılıb. Bölmədə hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman əlindəki çantanın içərisindən sandıqçasında 21 ədəd patron olan “AK-74" markalı avtomat aşkar olunaraq götürülüb. A.Abzərov odlu silahı satmaq məqsədilə Bayıl qəsəbəsinə gətirdiyini bildirib.

Nizami polisinin əməkdaşları Naxçıvan şəhər sakini Rəhim Bayramovdan “EKOL” markalı pnevmatik tapança götürülüb. Masallı rayonunda da xeyli silah-sursat götürülüb. Daxili İşlər Nazirliyinin saytında yer alan məlumatda qeyd edilir ki, Masallı RPŞ-nin əməkdaşları tərəfindən Səmidxan kənd sakini Pərviz Səmədovdan nömrəsi silinmiş “AKS” markalı silah, 5 ədəd qumbara, 5 ədəd alışdırıcı, 50 ədəd avtomat patronu və 2 ədəd patron darağı götürülüb.

Sabiq polis rəisi Mahmud Hacıyev deyir ki, vətəndaşlarda silah-sursat aşkar olunmasına bir neçə kontekstdən yanaşmaq lazımdır: “Azərbaycan Qafqaz ölkəsidir, Cənubi Qafqaz milləti kimi odlu silaha, soyuq silaha tarixən meyl güclü olub. Azərbaycanlılar qafqazlı olaraq evdə silah saxlamağa, silahla gəzməyə meyllidirlər”.

M.Hacıyev əhalinin silahı haradan əldə etməsi haqda bunları deyib: “SSRİ dağılandan sonra sovet qoşunları Azərbaycanı qeyri-nizamlı şəkildə tərk etdilər. Yəni silahları, hərbi hissələri qanuni şəkildə təhvil verib getmədilər. Bilərəkdən, kortəbii surətdə, silahları səpələyərək ölkəni tərk etdilər. Həmin illərdə müəyyən qisim insanların əlinə silah keçdi”.


Sabiq polis rəisi silahların əhalinin əlinə keçməsinin bir səbəbinin də müharibə olduğunu bildirdi: “Ermənistanla müharibə şəraitində olmağımız sərhəd bölgələrində yerləşən rayonlarımızın əhalisinin silahlanmasına səbəb olmuşdu. O dövrlər Müdafiə Nazirliyi yox idi, müstəqil özünümüdafiə batalyonları vardı. İnsanlar özlərini müdafiə etmək üçün ən müxtəlif ünvanlardan silahlar əldə etmişdilər. Atəşkəs əldə ediləndən sonra həmin rayonların sakinləri Bakı şəhərinə və digər rayonlara köç etdilər. Aydın məsələdir ki, sərhəd bölgəsindən ölkənin içərilərinə gələn əhali özü ilə silahlarını da gətirib. Zaman-zaman, son 25 ildə vətəndaşlardan xeyli silah-sursat götürülüb. İnsanlar da baxır ki, silah ona o qədər də lazım deyil. Ötən dövrdə silahları könüllü surətdə təhvil verənlər də olub. Həmin silahlarla cinayət törədənlər də olub. Odlu silah belə bir şeydir ki, uzun müddət bir ailədə, bir əldə qalanda, yazılmamış qanundur, mütləq qaydada, haradasa, kiməsə qarşı istifadə edilməli, açılmalıdır. Tarixən belədir. Elə silah sahibləri də var ki, könüllü surətdə silahları təhvil verməkdən çəkinir, silahı harasa tullayır. Elə şəxslər var ki, silahı tullayır və anonim zəng etməklə silahın yerini hüquq-mühafizə orqanlarına deyir. Və yaxud silahı tullayıb bu haqda məlumat verməyənlər də var. Belə silahları da sahə müvəkkilləri, əməliyyatçılar aşkarlayıb rəsmiləşdirirlər”.

M.Hacıyev deyir ki, əvvəllər əhalidə daha çox silah sursat olub: “Statistik məlumatlar yayılanda belə təəssürat yaranır ki, əhalidə silah-sursat çoxdur. Faktiki isə ötən 10 illə müqayisədə hazırda əhalidə silah-sursat daha azdır”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.