Dəmiryolunda gediş haqqının artım səbəbi
26-07-2018, 08:04

ADY rəsmisi: “Yuxarı yerlər boş qalırdı...”
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti sərnişin qatarlarında gediş haqqını artırıb. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumata görə, iyulun 27-dən etibarən ölkə daxilində hərəkət edən sürət və sərnişin qatarlarının gediş haqqı tariflərində bəzi dəyişikliklər ediləcək.
Belə ki, plaskart və kupe vaqonlarda alt və üst yerlərə və SV tipli vaqonlara olan tələbatın tənzimlənməsi məqsədi ilə iyulun 27-dən ölkədaxili sürət və sərnişin qatarlarında gediş haqları, orta hesabla, 10 faiz artırılacaq.
QSC-nin bu addımı ictimaiyyət arasında birmənalı qarşılanmayıb. Xüsusilə sosial şəbəkələrdə aparılan çoxsaylı müzakirələrdə dəmiryolunda gediş haqqının artırılması üçün heç bir iqtisadi əsasın olmadığı qeyd olunur. Bildirilir ki, enerji tariflərində artım olmadığı üçün atılan addım anlaşılan deyil.
Azərbaycan Dəmir Yolları QSC-nin Sərnişindaşımaları Departamentinin sədr müavini Mədət Şıxəmirov bildirir ki, dəmiryolunda gediş haqqının qaldırılması qərarı bütün yerlərə şamil olunmayıb: “Gedənlərin hamısı aşağı yerləri istəyir. Kassalar açılanda kim qabağa düşürsə, aşağı yerləri alır, yuxarı yerlər qalır boş. Sonra ailəsi ilə bütöv kupeni almaq istəyən adamlar qalır çətin vəziyyətdə. Sərnişinlər çox zaman 4 nəfərlik ailə üzvləri üçün iki kupedən yer almalı olurlar. Buna görə də biz aşağı yerlərin qiymətini qaldırdıq ki, bu vəziyyəti tənzimləyək”.
M.Şıxəmirov hesab edir ki, sərnişindaşıma ilə məşğul olan digər qurumlar gediş haqqını artıranda cəmiyyətdə bu qədər rezonansa səbəb olmadığı halda, ADY-nin cüzi tarif tənzimləməsinin belə qarşılanması təəccüblüdür: “Başqaları gediş haqqını 2-3 dəfə qaldırır, heç onlardan iqtisadi əsaslandırma istəmirlər...”