Bu rəsmi qurumların “Qaynar xətt”ləri cavab vermir

26-07-2018, 09:00           
Bu rəsmi qurumların “Qaynar xətt”ləri cavab vermir
Bu gün ölkəmizdə bütün dövlət qurumlarının “Qaynar xətt” xidməti mövcuddur. Ancaq müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaradılan “Qaynar xətt” xidmətlərinin bəzisi iflic vəziyyətdədir. Dəfələrlə mətbuatda və sosial şəbəkələrdə bununla bağlı məsələ qaldırılsa da, problem öz həllini tapmır.

Axar.az xəbər verir ki, millət vəkili Fazil Mustafa bu problemi yenidən gündəmə gətirib. Millət vəkilinin sözlərinə görə, ölkədə bir çox icraedici qurumların “Qaynar xətt” nömrələri işləmir:

“Bu problemlə bağlı mənə bir çox müraciətlər daxil olur. Belə ki, DİN (102), Təcili Tibbi Yardım (103), FHN (101, 112) və daha bir neçə qurumun “Qaynar xətt”indən başqa, ölkədəki əksər “qaynar xətlər” formal fəaliyyət göstərir”.

Millət vəkili vurğulayıb ki, vətəndaşı aldatmaq naminə “Qaynar xətt” yaratmağın bir mənası yoxdur:

“Bu formal xarakter almaqdan çıxmalıdır. Xətt işləmirsə, bağlayın. Əgər belə bir xətt varsa, deməli, işləməlidir”.

Millət vəkilinin gündəmə gətirdiyi mövzu ilə bağlı növbəti sorğu keçirdik. Sorğuda iştirak edən sosial şəbəkə iştirakçıları əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Bakı Nəqliyyat Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti, “Azəriqaz”, “Azərişıq”, AZAL, “Azərenerji”, “Azərsu” və s. kimi qurumlarda da “Qaynar xətt” fəaliyyətindən narazılıq etdilər. Hətta sosial şəbəkə istifadəçilərindən biri apteklərdə dərmanların mövcudluğu barədə “153 Qaynar xətt”inin səriştəsizliyindən geniş söz açdı. İstifadəçinin sözlərinə görə, bu “Qaynar xət”də ölkədə satışda hansı dərmanın olub-olmamasını belə düzgün bilmirlər.

Sosial şəbəkə istifadəçiləri ən aktiv “Qaynar xətt”ə DİN və FHN-in sahib olduğunu da qeyd etdilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.