Magistraturaya boş qalan plan yerlərinə müsabiqənin nəticələri elan olunub

14-08-2018, 15:16           
Magistraturaya boş qalan plan yerlərinə müsabiqənin nəticələri elan olunub
Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən (DİM) “Report”a verilən məlumata görə, nəticələr DİM-in internet saytında yerləşdirilib.

Bakalavrlar müsabiqənin nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Qəbul olan bakalavrların siyahısı, müsabiqə nəticəsində formalaşmış keçid balları avqustun 15-də (günün ikinci yarısında) “Magistr” jurnalının 7-ci sayında dərc olunacaq.

Magistraturanın boş qalan 2533 plan yerinin müsabiqəsində iştirak etmək üçün 631 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 448 nəfər magistraturaya qəbul olub.

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar avqustun 16-dan 24-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər.

Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru