"Bacarırsa, məni kənara çəkib, toyları əlimdən alsın" - xalq artisti
9-05-2016, 14:20
“Mənim istedadıma hər yerdə ehtiyac var. Bütün günü verilişdən-verilişə qaçıram. Demək, təlabatlıyam ki, çağırırlar”.
Bu sözləri Axşam.az-a açıqlamasında xalq artisti Səməd Səmədov deyib. Yeniliklərindən danışan müğənni ənənəsinə sadiq qalacağını və bu il də disk çıxaracağını bildirib:
“Uzun müddətdir ki, hər il mütləq disk, klip buraxıram. 2015-ci ilin ən bərkgedən, gündəmdə olan iki mahnısı mənə aid idi: “Mənə belə gözəlsən”, “Evlənirəm”. Hər gün məşğulam. Bu il də albom buraxacam”.
S.Səmədov müğənnilikdən başqa biznesinin olmadığını söyləyib:
“Oğlum Moskvadadır, öz biznesi var. Qızım və kürəkənim şirkətdə işləyirlər. Həyat yoldaşım bir vaxtlar rəfiqəsi ilə restoran götürüb işlədirdi. İndi dedim ki, bəsdir, otur nəvələrinə bax. İndi evdar xanımdır. İlhamə Quliyeva mənə “toylar kralı” adı vermişdi. Çünki toylara yenilik, müasirlik gətirmişdim. Saat 10-a kimi xalq, bəstəkar, aşıq mahnıları oxuyurdum. Ondan sonra isə diskoteka edirdim. İndi mənim tək biznesim toylardır”.
Müğənni gənc ifaçıların “Yaşlılar toyları əlimizdən alıb” ifadəsinə münasibər bildirib. O, “Bu yaxınlarda Xuraman Şuşalı açıqlama verdi ki, istəmirəm müğənnilərimiz yaşlananda toylara getsin. Sizcə, yaşlı müğənnilər toy aparmamalıdır” sualına belə cavab verib:
“25 il bundan qabaq toy biznesinə girdim. Dedim, çəkilin qırağa, Səməd gəlir. İndi də cavanlarda istedad, savad varsa, bizi çəksinlər qırağa. 25 il əvvəl bu addımı atdım, bir nömrə oldum. Bütün toyları aldım əlimə. İndi kim bacarır, məni kənara çəkib, alsın toyları əlimdən”.
S.Səmədov toyların olmamasından da şikayətlənib:
“Toylar yoxdur. Yeni ildən sonra gözlədik ki, toy olacaq. Amma alınmadı. Ümidimizi bağlamışıq iyul və avqusta. Gözləyirik ki, həmin aylarda toy olacaq".