Azərbaycan musiqisinə qarşı növbəti təxribat törədilib
29-05-2016, 08:57
Mayın 21-də Almaniyanın Hannover şəhərində “Sarı gəlin” adı altında konsert proqramı keçirilib. Şəhər bələdiyyəsinin hamiliyi altında baş tutan konsertdə Suriyadan gəlmiş erməni mənşəli İbrahim Keyvo da çıxış edib. Gecədə ifa olunmuş Azərbaycan xalq mahnısı “Sarı gəlin” erməni mahnısı kimi təqdim olunub.
“Report” xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi bununla bağlı açıqlama yayıb.
Belə ki, folklor nümunələrinin qorunması haqqında Azərbaycan Respublikası xüsusi Qanun qəbul edilib. Qanuna əsasən xarici ölkə vətəndaşları Azərbaycan folklorundan, o cümlədən folklorun tərkib hissəsi olan xalq mahnılarından kommersiya məqsədləri ilə istifadə etmək üçün Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyindən icazə almalı və qanunvericiliklə müəyyən edilmiş qaydada haqq ödəməlidir.
Bu folklor nümunələrinin qorunması ilə bağlı məsələlər “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyanın 15-ci maddəsinin 4-cü hissəsinin “a” yarımbəndinin müddəaları (müəllifi naməlum əsərlərə münasibətdə hüquqları müdafiə etmək həmin ölkənin müvafiq səlahiyyətli dövlət orqanı tərəfindən həyata keçirilir) əsas götürülməklə tənzimlənir. Göstərilən Konvensiyaya, həmçinin “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Müəllif Hüquqları Agentliyi Azərbaycan xalqına məxsus olan folklor nümunələrinin qorunması ilə bağlı müvafiq tədbirlər görməyə səlahiyyətlidir.
Tanınmış Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi Cavanşir Quliyevin Müəllif Hüquqları Agentliyinə təqdim etdiyi Ekspert Rəyində bildirilir ki, “Sarı gəlin” mahnısı “Şur” məqamında yazılıb. “Şur” məqamı Azərbaycan muğam sənətinin yeddi əsas məqamlarından biridir və milli musiqi məişətində ən çox istifadə olunur. Minlərlə Azərbaycan mahnısı bu məqam üzərində qurulub və tarix boyu bütün el şənliklərində ifa olunub. Janr etibarı ilə “Sarı gəlin” uzun havadır. “Uzun hava” türkdilli xalqların folklorunun tərkib hissəsidir. Janrdan gələn forma quruluşu isə başqa xalq mahnılarından fərqlənir: nəqarət yoxdur. Nəqarətin funksiyasını “Şur” muğamının “Şur-Şahnaz” şöbəsinə edilən modulyasiya icra edir. “Şur-Şahnaz” ancaq Azərbaycanda təşəkkül tapmış “Şur” dəstgahının əsas şöbələrindən biridir.
Beləliklə, “Sarı gəlin” azəri türklərinə məxsus olan qədim xalq mahnısıdır. Bu mahnını bütün türk xalqları, hətta ermənilər də ifa edirlər. Lakin “Sarı gəlin”i ermənilərin ifa etməsi onun erməni mahnısı olması demək deyil.
Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov tərəfindən rus, ingilis və digər dillərdə nəşr olunmuş “Armyanskiye inarodnıye skazki” (“Erməni yadelli nağılları”, “Tall Armenian tales: A guide to the “Art” of Heritage thievery”) kitabında erməni ədəbi oğurluqlarını, o cümlədən “Sarı gəlin” xalq mahnısının erməniləşdirilməsi cəhdlərini ifşa edən faktlar toplanıb.
Kitabda “Sarı gəlin” xalq mahnısının erməniləşdirilməsinə göstərilən cəhdlərlə əlaqədar qeyd edilib ki, hələ 1925-ci ildə Yerevanda Elm və Incəsənət İnstitutu yanında xalq musiqisi və folklorunun toplanması və öyrənilməsi üzrə xüsusi bölmə yaradılmışdı. Bu bölməyə çoxsəsli klassik erməni musiqisinin banisi S. Komitasın (Soqomonyanın) şagirdi S. Məlikyan rəhbərlik edirdi.
1959-cu ildə çapdan çıxmış “Ensiklopedik musiqi lüğət”ə uyğun olaraq, çoxsaylı erməni tədqiqatlarında “Erməni musiqisinin dahisi” kimi təqdim olunan S. Komitas dini musiqi ilə yanaşı, üç mindən artıq mahnını da yazıya köçürmüşdür ki, hazırda onlardan 500-ə yaxını saxlanılır. Yazıya köçürülmüş həmin xalq musiqisindən biri “Yes keza tesa” adı altında erməni xalq mahnısı kimi təqdim edilmiş qədim Azərbaycan mahnısı “Sarı gəlin”dir. Başqa mahnılar sırasında bu mahnı da S. Məlikyan tərəfindən S. Komitasın “Etnoqrafik toplusu”nda şərhlə nəşr olunmuşdur. Bu kompilyasiya “SSRİ xalqlarının musiqi tarixi”ndə qeyd edildiyi kimi, sonralar bəstəkar K. Zaxaryanın işləməsində (təxminən ötən əsrin 30-cu illərində) verilib.
Belə cəhdlər bu günə qədər davam edir, özü də ermənilər onu “Sarı gəlin” kimi ifa etməyi daha üstün tuturlar, nəinki “Yes keza tesa” adı altında oxumağı.
“Sarı gəlin” mahnısının etimologiyası da onun türk köklü mahnı olmasını sübut edir.
“Sarı gəlin” sadəcə sarışın saçlı, nurlu, parlaq gəlin deyil, həm də onun gizli mənası vardır. Azərbaycan dilində “gəlin” sözü “gəlmək” felindən yaranmışdır, “sarı” isə “bizə doğru”, deməli, “bizə doğru gələn gəlin” deməkdir.
Mütəxəssislərin fikrincə, “Sarı gəlin” xalq mahnısının ən azı bir neçə yüz illər tarixi var. İntonasiyasına görə mahnı 3-4 notun üzərində qurulub.
“Sarı gəlin” mahnısının erməniləşdirilməsi ilə bağlı bir sıra məqalə, ekspert rəyləri və bəyannamələr Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən dərc olunmuş, hətta mahnının özünkiləşdirməsi ilə bağlı Ümumdünya Əqli Mülkiyyət Təşkilatına öz etirazını göndərib.
Mədəniyyət və Turizm Nazirliyi 2016-cı il iyunun 11-də Almaniyanın Hildeshaymdə və iyunun 25-də Bremerhavendə “Sarı gəlin” adlı konsertlərin keçiriləcəyinə etirazını bildirir və bu məsələdə son dərəcə həssas, diqqətli olmağı, eyni zamanda milli maraqları heç vaxt kommersiya maraqlarına qurban verməməyi tövsiyə edir.