Türkiyədəki sui-qəsd planlarını iranlı general hazırlayıb - KİV

22-08-2022, 19:01           
Türkiyədəki sui-qəsd planlarını iranlı general hazırlayıb - KİV
Türkiyədəki sui-qəsd planlarını iranlı general hazırlayıb
İsrail iyun ayında Türkiyədəki vətəndaşlarının hücuma məruz qala biləcəyini açıqlayaraq Türkiyəyə səyahətlə bağlı xəbərdarlıq etmişdi. Bundan sonra Türkiyə kəşfiyyatı (MİT) İsrail vətəndaşlarına və diplomatlarına hücum cəhdinin qarşısının alındığını bildirdi. İranlılar isə həmin hücumların arxasında duran şəxsin adını və əlaqə şəbəkəsini açıqlayıb. TEREF.AZ reyting.az-a istinadla xəbər verir ki, qərargahı Londonda yerləşən “Asharq Al-Awsat” və “İran İnternational” telekanalı İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandiri, əvvəllər Suriyada xidmət etmiş “Hələb qəssabı” kod adlı komandirin Türkiyədəki İsrail vətəndaşlarını hədəfə aldığını, sahə əməliyyatlarına cavabdeh olduğunu iddia edib.

İnqilab Keşikçiləri Korpusunun keçmiş rəsmisi bildirib ki, ötən ilin noyabrında “Suriyanın suverenliyini pozduğu üçün” bu ölkədən qovulan Qüds qüvvələrinin komandanı general Cavad Qaffari son 9 ayda Türkiyədə olan israilliləri öldürmək üçün planlar hazırlayıb.

Adının çəkilməsini istəməyən iranlı mənbə “Asharq Al-Awsat”-a deyib ki, Qaffari Suriyadan qayıtdıqdan sonra SEPAH-ın Xüsusi Əməliyyat Kəşfiyyat İdarəsində yüksək vəzifəyə təyin edilib və burada İsrail vətəndaşlarına qarşı bir sıra uğursuz hücumlar həyata keçirib.

Qeyd edək ki, Qaffari 2011-ci ildən Suriyadakı İran qüvvələrinin əsas komandirlərindən biri kimi göstərilir. O, Suriyadakı karyerasına İran qüvvələrinin Dəməşqdəki qərargahının komandirlərindən biri kimi başlayıb və daha sonra Hələbdəki qüvvələrin komandanı təyin edilib. Qaffari burada “Hələb qəssabı” kimi tanınıb.

Qaffari Suriyada İran qüvvələri ilə yanaşı, Livan “Hizbullah”ının müvəkkilləri və əfqan muzdluları “Fatimiyuna” rəhbərlik edib.

Qaffari ABŞ qüvvələrinə hücum etmək və təsdiq olunmamış yerlərə İran silahlarını yerləşdirməkdən sonra Suriyanın suverenliyini kütləvi şəkildə pozmaqda ittiham olunduğu üçün Suriyadan qovulub.

Qaffarinin Suriyadan qovulması nəinki təqaüdə çıxması ilə nəticələnib, hətta ona İnqilab Keşikçiləri Kəşfiyyat Xidmətində (SAS) yüksək vəzifə qazandırıb. Onun SAS-dakı uğursuzluqları bir çox SEPAH rəsmilərini qəzəbləndirib və nəticədə SAS-a 13 il rəhbərlik etmiş Hüseyn Taeb vəzifədən gedib. Bununla belə, Qaffari xaricdəki SAS əməliyyatlarına cavabdeh olan ilk və ya yeganə məmur deyil. Onun sələfi Reza Seraj da Kiprdə israilliləri öldürmək üçün uğursuz plana görə vəzifəsindən azad edilib.

İran İnqilab Keşikçiləri Korpusunun keçmiş yüksək rütbəli məmuru “İran İnternational”-a bildirib ki, SAS əks-kəşfiyyatının rəis müavini Ruhullah Bəzqandi Türkiyədə israillilərə qarşı uğursuz sui-qəsd cəhdlərinin digər əsas fiqurudur.

Mənbə iddia edib ki, Bəzqandi İstanbulda İsrail hədəflərinə qarşı hücumlar həyata keçirmək üçün həvəskar agentlərdən istifadə edərək İnqilab Keşikçiləri Kəşfiyyat Təşkilatına ağır zərbə vurub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.