Türkiyədən kritik Rusiya açıqlaması

23-07-2023, 16:58           
Türkiyədən kritik Rusiya açıqlaması
“Birləşmiş Millətlər Təşkilatı (BMT) və Türkiyə Taxıl Müqaviləsi prosesini həyata keçirməyə çalışır. Türkiyə olaraq Rusiya Federasiyasının yenidən masaya gətirilməli olduğuna səmimi qəlbdən inanırıq”.

Musavat.com xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan ötən gün Türkiyəyə səfər edən Venesuela xarici işlər naziri Yvan Gil ilə keçirdiyi görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında deyib.

O, başqa həll yollarının axtarılmasının təhlükəli ola biləcəyi ilə bağlı xəbərdarlıq edib:

“Çox güman ki, başqa həll yolları məcburiyyət və təhlükəsizliyi təhlükə altına salacaq həllər olacaq”.

Fidan BMT-nin baş katibi Antonio Quterreşlə görüşdə onunla razılaşdıqlarını, Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşlərində isə Rusiya tərəfinin bu sazişdən çıxmasının və müqavilənin müddətini uzatmamasının bəzi səbəblərini öyrəndiklərini və onların üzərində işlədiklərini bildirib:

“Bu mövzuları BMT ilə müzakirə edirik. Biz bunun üçün çalışırıq ki, Rusiya yenidən masaya gəlsin və tələblər yerinə yetirilsin, bütün tərəflər bundan qalib çıxsın. Ümid edirəm ki, bu böhran ən qısa zamanda həll olunacaq”.

XİN başçısı Türkiyənin yeni təşəbbüslər edib-etmədiyi sualına belə cavab verib:

“Taxıl müqaviləsi ilə 33 milyon ton taxıl dünya bazarlarına çıxdı. Bu taxıl çatmasa, dünyanın ərzaq təhlükəsizliyi böyük təhlükə altında olacaq. Ərzaq qiymətlərindəki dalğalanmalar iqtisadiyyatlara ciddi təsir edəcək. Xüsusilə qida problemi olan ölkələrdə aclıq daha da ağırlaşacaq. Ona görə də biz müqaviləni qaytarmaq üçün çox çalışırıq”.

Qeyd edək ki, Qara dəniz taxıl müqaviləsi Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanıb və Ukrayna limanlarından taxıl və ərzaq məhsullarının Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Rusiya iyulun 17-də saziş çərçivəsində Moskva qarşısında öhdəliklərin yerinə yetirilmədiyini əsas gətirərək, icradan imtina edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.