Türkiyə, İran və İraq Kürdüstana girəcək - Açıqlama

26-09-2017, 09:45           
Türkiyə, İran və İraq Kürdüstana girəcək - Açıqlama
Az qala bütün dünyanın etirazına baxmayaraq, bu gün İraq Kürd Muxtariyyətində müstəqilliklə bağlı referendum keçirilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və hökumət rəsmiləri referendum keçiriləcəyi təqdirdə Bərzani hökumətinin ağır bədəl ödəyəcəyinə dair bəyanatlarla çıxış ediblər. Onlar açıqlamalarında həmçinin hərbi müdaxilə variantını da tez-tez vurğulayırlar. Bəs Türkiyənin İraq Kürd Muxtariyyətinə ordu yeritməsi mümkündürmü?

Axar.az tanınmış politoloqların Türkiyənin Şimali İraqa ordu yeritmək ehtimalı ilə bağlı fikirlərini təqdim edir:

Arzu Nağıyev: Türkiyənin İraqın şimalına hərbi müdaxiləsi İraqla razılaşdırılmış formada həyata keçirilə bilər. Ancaq Türkiyənin bu əraziyə hərbi müdaxilə edəcəyini düşünmürəm. Türkiyə yalnız öz suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün müəyyən hərbi əməliyyatlar keçirə bilər.

İlqar Vəlizadə: Kərkükdə yaşayan türkmanların təhlükəsizliyi ilə bağlı problemlər yaranarsa, Türkiyə Şimali İraqa hərbi müdaxilə edə bilər. Hətta bununla bağlı Türkiyə hökuməti bəyanat da verdi. Hazırda İraqın şimalında çoxlu sayda qeyri-konstision hərbi birləşmələr fəaliyyət göstərməkdədir. Xüsusilə də peşmərgə adı ilə tanınan hərbi qüvvələr indiyədək hansısa leqal baza çərçivəsində fəaliyyət göstərsə də, hazırda onlar qeyri-konstision fəaliyyətdədirlər. Onları artıq terrorçu qruplar adlandırmaq olar. Bu qruplar Kərkükdə yerləşən türkmanlara qarşı hər hansı tədbirlər həyata keçirməyə başlasa, türkmanların təhlükəsizliyi təmin olunmasa, onda Türkiyə hərbi birləşmələrini bura yerləşdirə bilər.

Qabil Hüseynli: Türkiyənin Böyük Britaniya ilə bağladığı 1926-cı il ANKARA müqaviləsinin şərtlərinə görə, İraqın ərazi bütövlüyünə təhlükə yaranarsa, Türkiyə Kərkük vilayəti və Mosul da daxil olmaqla, bu ərazilərə qeyri-şərtsiz daxil olmaq hüququna malikdir. Kürdlər bu əraziləri Səddam Hüseyn hakimiyyəti devrildikdən sonra yaranmış xaosdan istifadə edərək işğal edib öz ərazilərinə qatıblar. Türkiyənin bu ərazilərə daxil olmaq ehtimalı yüksəkdir. Ümumiyyətlə, Türkiyə bu referendumu özü üçün təhlükə hesab edir. Çünki Türkiyə ərazisində də kürdlər yaşayır və belə bir addım onlar üçün böyük əhəmiyyət daşıyır. Hazırda Yaxın Şərqdə böyük təhlükənin qarşısını almaq üçün Türkiyə, İran və İraq arasında razılaşma mövcuddur. Bu ərazilərdə referendumun nəticələrinin tanınmaması istiqamətində işlər aparılacaq. Referendumu keçirən insanlar İraq qanunlarını pozduqları üçün cinayət məsuliyyətinə cəlb olunacaq. Bu gün orada sabitlik olsa da, sabahdan etibarən həm Türkiyə ordusu, həm də İranın Haşdi-Şabi partizan qruplaşmaları İraq qoşunlarıyla birlikdə kürd muxtariyyətinin ərazilərinə daxil olacaq. Düşünürəm ki, hazırki şəraitdə özbaşına yaradılmış və İraq mərkəzi hakimiyyət orqanlarıyla təsdiq edilməmiş bu ərazilərdə muxtariyyat da ləğv ediləcəkdir”.

Elxan Şahinoğlu: Şimali İraqla bağlı problemlər uzun müddət gündəmdə qalacaq. Əgər bu ərazilərdə milli azlıqlar sıxışdırılarsa, kürd ordusu Kərkükü nəzarətə götürmək niyyətinə düşərsə, türk ordusunun Şimali İraqa müdaxiləsi gözlənilir. Təsadüfi deyil ki, iki gün öncə Türkiyə parlamenti tərəfindən tezkərə qəbul olunub. Burada türk ordusuna istədiyi vaxt Şimali İraqa müdaxilə etmək hüquqları verilib. Türkiyənin bu ərazilərə hücum etməsi Şimali İraq rəhbərliyindən asılıdır”.

Qeyd edək ki, bu gün İraq Kürd Muxtariyyətində müstəqilliklə bağlı referendum keçirilib. İraq, İran və Türkiyə bu referenduma qarşı ən sərt açıqlamalarla çıxış edirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.