İlkin Süleymanov kimdir? – Həmkəndlisi danışır
11-01-2020, 00:36
“Hamı deyirdi, qatil tapılsın, asıb kəsək, cəzalandıraq. İlkin Süleymanovun nəsli adlı-sanlı, hörmətli nəsildir. Özü də ziyalı ailəsində doğulub. İndi hər kəs cinayətkarın aid olduğu nəslin gününə ağlayır ki, kül elə oğulun başına; bir bölük tayfanın adını batırdı…”
Bunu “Bölgənin Səsi” saytına 10 yaşlı Quliyeva Nərmin Şərif qızının qətlində təqsirləndirilən Tovuz rayon Dondar Quşçu kənd sakini Süleymanov İlkin haqqında danışarkən həmkəndlilərindən biri bildirib: “İlkin ziyalı ailəsində doğulub. Özü də Lomonosov adına Moskva Dövlət Universitetini bitirib. Bakıda yaxşı işlərdə işləyib. Sonradan psixi problemləri yarandığından kəndə, ata-anasının yanına qayıdıb. Heç vaxt ailə qurmayıb. Çox oxumuş adamdır, başı da elə oxumaqdan xarab olub. Buna baxmayaraq olduqca qanacaqlı, savadlı danışıqlı insan idi. Kiməsə ziyan versin, pislik eləsin – belə bir xüsusiyyəti yox idi. Sadəcə qapalı insan, başqa bir dünyanın adamı olduğu üçün qəbul olunmurdu. Bəlkə də şəxsiyyət dəyişkənliyi-filan olub – nə bilmək olar?!”
Kənd sakini onu da bildirib ki, İ.Süleymanov Nərminin atası Ş.Quliyevlə həmyaşıddır, aralarında hər hansı bir intriqa olmayıb: “Çox güman eyni sinifdə oxuyublar. Eyni olmasa da paralel siniflərdə oxuduqlarını eşitmişəm. Kənd camaatı şokdadır ki, bu adam Şərifin qızını necə öldürə bilər? Onun başına bu oyunları necə gətirə bilər?”
Sosial mediada yazılanlara görə, Nərminin İlkin cinsi zorakılığa məruz qalıb. “Bölgənin Səsi” saytının müxbirinin “Nərmin seksual zorakılığa məruz qalıbmı?” sualına kənd sakini belə cavab verib: “Mən eşitdiyimə görə, Prokurorluq onu sorğu-sual edəndə deyəsən deyib ki, hə, ilk vaxtlarda cəhd göstərdim, sonra yox. Kənddə isə belə söz dolaşır ki, ekspert qrupu hər hansı bir təcavüz halı aşkarlamayıb. Yəqin ola bilər, fikrindən keçib, o hərəkəti eləmək istəyib, amma reallaşdıra bilməyib”.
Kənd sakini onu da qeyd edib ki, İlkin Nərmini yandırandan iki-üç gün qabaq qorxusundan öldürüb: “Qorxusundan başına küt alətlə bir neçə dəfə vurmaqla öldürüb ki, artıq bunun başqa variantı yoxdur…” Qeyd edək ki, yanvarın səkkizində Nərminin artıq beş gün əvvəl öldürüldüyü ilə bağlı xəbər yayılmışdı. O xəbərdə də onun küt alətlə qətlə yetirildiyi bildirilirdi: “Həmçinin müəyyənləşib ki, qızın ölümünə səbəb onun başından küt alətlə vurulması olub. Qızın kəllə sümüyündə 5 sınıq aşkarlanıb”, – deyə müsahib əlavə edib.
Kənd sakininin dediyinə görə, Nərminin cəsədinin yandırılmasını da polisə İlkin xəbər verib: “Cəsədi evlərindən təxmini 30 metr məsafədə yerləşən dərəyə atıb yandırıb. Sonra da polisə xəbər verib ki, burada uşaq yanır, gəlin. Özü də hay-küy salıb kənd camaatını başına yığıb. Dindirmədən sonra hamı sərbəst buraxılıb, o yox. Yekunda da belə…”
Kənd sakini İlkinin etirafını tez-tez dandığını da bildirib: “Hər şeyi danışır, sonra da deyir: “Nə danışırsınız, elə şey olar?! Heç nə olmayıb. Məni yalandan yükləməyin…”
Qeyd edək ki, hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.