Başqasının “çörəyimizə yaxdığı” yağ: Problemi harda axtaraq? - ARAŞDIRMA

24-02-2020, 10:00           
Başqasının “çörəyimizə yaxdığı” yağ: Problemi harda axtaraq? - ARAŞDIRMA
4 milyon 966 min dollar dəyərində 1007 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu, 2019-cu ilin yanvar ayı ilə müqayisədə kərə yağı idxalı dəyər ifadəsində 1 milyon 82 min dollar və ya 27,8 faiz, miqdar ifadəsində isə 289 ton və ya 40 faiz artıb. Qeyd edək ki, 2019-cu ilin yanvar ayında xaricdən Azərbaycana 3 milyon 884 min dollar dəyərində 718 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilmişdi.

Ekspertlər ölkəyə kərə yağının idxalının artmasının müxtəlif səbəbləri olduğunu bildirir.

Hesab olunur ki, 2020-ci ildə kərə yağının qiymətində ciddi artım baş verəcək. Bunu nəzərə alan əsas idxalçı şirkətlər öz strategiyalarını dəyişir. Bəzi ekspertlərin fikrincə, ölkədə texniki əkin sahələrinin artırılması heyvandarlığın azalmasına təsir göstərir. Bu da son nəticədə fermer və ev təsərrüfatları səviyyəsində istehsal edilən kərə yağının həcminin azalmasına ciddi təsir göstərir.

2020-cilin yanvar ayına olan rəsmi məlumatlara görə, ölkədə qoyun və keçilərin sayı 7,8 min baş (0,1 faiz), eləcə də iribuynuzlu mal-qaranın sayında 0,7 min baş (0,03 faiz) azalma var. Onu da nəzərə almaq lazımdır ki, ölkədə kərə yağı istehsal edən zavodlar yoxdur. Bu da ölkəni idxaldan asılı vəziyyətə salan səbəblərdən biri kimi qiymətləndirilir. Daxili tələbin bir hissəsi yerli istehsal hesabına ödənilərsə, bu, idxalın da azalmasına, deməli həm də qiymətlərə təsir edər.

İqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət” qəzetinə kərə yağının idxalının artmasına gətirib çıxaran əsas faktorlardan danışıb. O, bildirib ki, idxalın artımına kifayət qədər fərqli səbəblər təsir göstərə bilər: “İlk növbədə yerli istehsalın müəyyən qədər azalması kərə yağının idxalının artmasına gətirib çıxaran faktordur. Məlumdur ki, ötən 3-4 il ərzində müəyyən kənd təsərrüfatı sahələrinin inkişafı ilə bağlı proqramlar həyata keçirilir, bu da son nəticədə heyvandarlığın inkişaf imkanlarını məhdudlaşdırır. Beləliklə, süd istehsalının azalması son nəticədə qida hasilatının da azalmasına gətirib çıxardı. Yeyinti sənayesinin əvvəlki dövrlə müqayisədə nisbətən genişlənməsindən yaranan tələb faktiki olaraq idxalın artmasına təsir göstərə bilir. Digər tərəfdən, idxalla məşğul olan şirkətlərin qərar qəbul etməsinin də öz effektləri var. Ola bilsin ki, stoklara uyğun olaraq qərar qəbul edən şirkətlərin idxal prosesləri üst-üstə düşüb. Faktiki olaraq bu sahədə fəaliyyət göstərən şirkətlərin böyük bir qismi monopolist şirkətlərdir. Bu şirkətlər böyük sanksiyalarla məhsulları idxal edirlər”.

Analitik onu da qeyd edib ki, 2020-ci il ərzində dünya bazarlarında yağın qiymətinin müəyyən qədər artması proqnozlaşdırılır: “Böyük ehtimalla bu proqnoza qarşı idxalla məşğul olan şirkətlər adekvat mövqe tutmağa çalışırlar. Yəni qiymətlər artmadan əvvəl daha çox məhsulların ölkəyə gətirilməsinə çalışırlar”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.