Bu qədər dolları kimlər və niyə alır? - TƏHLİL
12-01-2016, 12:11
Xarici valyutaya sadə vətəndaşlar tərəfindən mövcud olan tələb adətən, ilin müəyyən vaxtlarında - ən çox bayram günləri ərəfəsində, yay mövsümündə və sair zamanlarda artmağa başlayır və yaxud da ki, artmağa məcbur sayılır. Başqa sözlə, əgər, “Bu sahədə normal tendensiya necə olmalıdır” söhbətini açmalı olsaq, vəziyyət əslində, belə müşahidə edilməlidir.
Ölkəmizdə isə bütövlükdə keçən il və o cümlədən, son 1 ay ərzində ABŞ dollarına qarşı yaranan məlum tələb heç bir məntiqə sığmır. Düzdür, bunu psixoloji amillər və ya panika, sair elementlərlə izah etmək mümkündür. Üstəlik, yaranmış vəziyyətdən istifadə edənlərin də təsirləri böyükdür.
Ancaq bununla belə, heç cür ola bilməz və mümkün də deyil ki, tələb davamlı olaraq artsın. Yəni, bu, istənilən halda qeyri-normal tendensiyadır.
Məsələ bundadır ki, qeyd olunan cəhətlərə qarşı mübarizə aparmaq və tendensiyanı çərçivələmək o qədər də çətin deyil. Və etiraf etmək gərəkdir ki, bu yöndə Mərkəzi Bank (AMB), o cümlədən, digər qurumlar az “əziyyət” çəkmirlər. İstər AMB tərəfindən banklar qarşısında valyuta mübadiləsi zamanı vaxtaşırı olaraq müxtəlif tələblərin irəli sürülməsi, istərsə də bu sahədə qara bazarın yaranmaması üçün Daxili İşlər Nazirliyinin inzibati tədbirlər görməsini misal göstərə bilərik.
Ancaq görünən budur ki, odun üstünə sanki su deyil, yağ tökürsən. Belə ki, ABŞ dollarına qarşı tələb səngimək bilmir ki, bilmir... Bəs, bu, nəyin göstəricisidir?! Yaxud, nə ilə izah oluna bilər?
Etiraf edək ki, bunu birmənalı izah etmək çətindir. Çünki bu, nə camaatın "yastıqlarının altındakı manat" məsələsidir, nə də kimlərinsə qazanc əldə etmək istəyi. Məsələ bundadır ki, mübadilə məntəqələrində əməliyyatların 90%-dən çox hissəsinin valyuta satışının payına düşdüyü deyilir. Bu isə o deməkdir ki, vətəndaşlar valyutanı əsasən almaqla məşğuldurlar, onu, demək olar ki, satmırlar. Odur ki, daha bir sual yaranır: əhali görəsən, əlindəki çörək pulunu da dollara dəyişir, yoxsa?!..
Sözsüz ki, yox. Fikrimizcə, bütün bunlar, vətəndaşların maliyyə imkanları əlverişli olan bir qisminin öz sərbəst vəsaitlərini kənara çıxarmaq və bilavasitə yığım məqsədilə həyata keçirdikləri addımlarının nəticəsidir. Hər iki halda hədəf isə yatırımdır. Özü də depozit xarakterli!.. Çünki dünya iqtisadiyyatı elə bir mərhələyə daxil olub ki, el dili ilə desək, əli pulla oynayan adamlar yalnız və yalnız müəyyən müddət ərzində gözləmə rejiminə keçməyə çalışırlar.
Bu arada azərbaycanlıların 2015-ci ildə Türkiyədən mənzil alan əcnəbilər sırasında ilk beşlikdə qərarlaşdığı haqda yayılan məlumatı da diqqət mərkəzinə çəkmək istəyirik. Siyahı belədir: İraq, Səudiyyə Ərəbistanı, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə və Azərbaycan. Türkiyə Statistika Komitəsinin məlumatına əsasən, keçən ilin 11 ayında azərbaycanlılar Türkiyədə 733 mənzil alıblar. ABŞ dollarına qarşı bizdə izaholunmaz tələb isə məhz 2015-ci ilin əvvəlindən etibarən yaranmağa başlayıb.
Bəs, bu tendensiya nə qədər davam edəcək?
Bəziləri qeyd edirlər ki, əhali arasında ajiotajın azalmasından sonra mübadilə məntəqələrində vəziyyət sabitləşəcək. Ancaq izah etdik ki, məsələnin kökü heç də bunda deyil. Bu mənada, AMB-in banklara valyuta alqı-satqısı zamanı rəsmi məzənnədən kənarlaşma həddi kimi 4%-lik limitə əməl etməyə borclu olduqları haqda məktub göndərməsini, o cümlədən, mübadilə şöbəsində 1 müştəriyə 500 ABŞ dolları ekvivalentindən artıq mübadilə əməliyyatının şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılması tələbinin ortaya qoyulmasını, həmçinin ölkədə fəaliyyət göstərən bankların mövcud şöbə və filiallarından kənar mübadilə məntəqələrinin bağlanması kimi tədbirləri məqsədəuyğun hesab edirik.
Müəyyən müddətdən sonra tendensiya sözsüz ki, səngiyəcək. Ancaq bizcə, bunun üçün istehlak bazarında da vəziyyət sabitləşməlidir. Belə ki, məlum olduğu kimi, istehlak bazarına təzyiq artıb və manatın ucuzlaşması ilə əlaqədar qiymətlərin yüksəlməsi üçün real zəmin yaranıb.
Əlbəttə, xarici valyutanın bahalaşması ilə əlaqədar idxal məhsullarının qiymətləri artmalıdır. Lakin bu, heç də yerli istehsala aid mallarda özünü göstərməli deyil. Bu mənada, hökumətin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair yanvarın 10-da keçirilən iclasında Prezident də qeyd etdi ki, istehlak qiymətlərinə ciddi nəzarət olunmalı və manatın ucuzlaşmasına görə, bəzi işbazların əlavə qazanc əldə etmək istəklərinin qarşısı alınmalıdır.
Sözün qısası, valyuta bazarında “alov” hərtərəfli şəkildə söndürülməlidir. Və ona zəmin yaradan amillər köklü şəkildə aradan götürülməlidir. Bu isə ancaq, kompleks tədbirlər sayəsində mümkündür.
AzVision.az