Pensiyaçıları azaldan yaş

11-06-2021, 11:11           
Pensiyaçıları azaldan yaş
2017-ci il iyulun 1-dək Azərbaycanda kişilər 63, qadınlar 60 yaşda pensiyaya çıxırdı. Həmin vaxtdan bəri yaş həddi ildə 6 ay artırılır. Hazırda kişilər 65, qadınlar 62 yaşda pensiyaya çıxır. 2027-ci il iyulun 1-dən qadınların da pensiya yaşı 65 olacaq.

Novator.az-ın məlumatına görə, Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli qadınların pensiya yaşında növbəti 6 aylıq artımın 2021-ci il iyulun 1-də qüvvəyə minəcəyini xatırladaraq yazır ki, qadınların pensiya yaşı 2015-ci ildə 60-a çatdırılıb, indi də 65-ə doğru gedir: “2017-ci il iyulun 1-dən pensiya yaşının mərhələli artımı ölkədə əmək pensiyası alanların sayını 100 min nəfərə yaxın azaldıb. Bütün oyun buna görədir.

Kişilərin pensiya yaşı 65-i haqlayıb. Qadınları da bu aqibət gözləyir. Əliyevin idarəçiliyi dövründə qadınların pensiya yaşı əvvəl 55-dən 60 yaşa qaldırıldı, 2017-ci ildən isə 65-ə doğru yüksəliş xətti götürüb.

İndi qadınların pensiya almaq hüququ 62 yaşdan başlanır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bütün dünyada pensiya yaşının qaldırılması arqumenti gətirir. Amma, məsələn, sosial siyasət baxımından Azərbaycana yaxın olan Rusiyada qadınlar 56 yaş yarıma çatdıqda pensiya hüququ əldə edir. Azərbaycanla müqayisədə 5 il yarım fərq var. Bu halda nazirlik hansı dünya təcrübəsinə istinad edir?

Rusiyada qadınların pensiya yaşında nəzərdə tutulan son hədd 60 yaşdır. Pensiyanın həcmi qalsın bir tərəfə, pensiyaya çıxmaq hüququ baxımından rus qadını ilə Azərbaycan qadını arasında 5 il fərq yaranır. Görəsən, Azərbaycan qadınının günahı nədir?”

2021-ci il aprelin 1-nə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 220,1 min nəfər pensiyaçı qeydiyyatda olub, onların 58,6 faizi yaşa, 29,9 faizi əlilliyə, 11,5 faizi ailə başçısını itirməyə görə pensiya alıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadla belə hesabat yayan Dövlət Statistika Komitəsi aylıq pensiyaların orta məbləğini 329,2 manat göstərib.

Ölkədə minimum pensiya 200 manatdır.

Novator.az bildirir ki, 2010-cu ilin əvvəlinə pensiyaçıların sayı 1 milyon 308,4 min nəfər olub.

2011-ci ilin əvvəlinə pensiyaçıların sayı 1 milyon 292,2 min nəfərə, 2012-ci ilin əvvəlinə 1 milyon 277,6 min nəfərə, 2013-cü ilin əvvəlinə 1 milyon 272,1 min nəfərə düşüb.

2014-cü ilin əvvəlinə 1 milyon 277,1 min nəfər pensiyaçı qeydə alınıb.

2015-ci ilin əvvəlində 1 milyon 290,9 min nəfər, 2016-cı ilin əvvəlində 1 milyon 299,9 min nəfər, 2017-ci ilin əvvəlində 1 milyon 315,2 min nəfər, 2018-ci ilin əvvəlində 1 milyon 318,4 min nəfər pensiyaçı olub.

2019-cu ilin əvvəlinə pensiyaçıların sayı 1 milyon 295,5 min nəfərə, 2020-ci ilin əvvəlinə 1 milyon 270,6 min nəfərə, 2021-ci ilin əvvəlinə 1 milyon 228,8 min nəfərə enib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.