Azərbaycan lombardları – Yaxud günün günorta çağı qarət
14-03-2016, 22:49
Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi Qrupunun rəhbəri Rüfət Aslanlının Milli Məslisin plenar iclasında söz açdığı Azərbaycanda maliyyə bazarlarının sabitliyinin tənzimlənməsi üzrə komitənin yaradılması bir qədər gecikmiş olsa da, vacib addımdır. Fəqət bu, məhz həmin haldır ki, heç olmamasındansa, gec olması daha yaxşıdır. Axı hətta ölkə qanunvericiliyində də bəzi maliyyə institutlarının – lombard və lizinq şirkətlərinin fəaliyyətinə aid boşluqlar mövcuddur.
Rusiya təcrübəsi
Bütün dünyada lombard – əhaliyə borc verilməsi xidmətləri göstərən kommersiya təşkilatıdır.
Bütün dünyada lombardların fəaliyyəti qanunlarla və lombardların fəaliyyətinə nəzarət edən müvafiq strukturlarla tənzimlənir. Məsələn, Rusiyada lombardların fəaliyyətini tənzimləyən əsas qanunvericilik aktları 2007-ci ilin iyul ayının 19-da qəbul edilmiş “Lombardlar haqqında” 196-FZ saylı Federal Qanun, Maliyyə Monitorinqi üzrə Federal Xidmətin 203 saylı Əmri və Rusiya Federasiyası Maliyyə Nazirliyinin 68 saylı Əmridir.
Bu sənədlər lombardların kommersiya fəaliyyəti üzrə bütün məsələləri tənzimləyirlər. Sözügedən qərarların şərtlərini pozduğu təqdirdə təşkilat məsuliyyətə cəlb edilə, dəfələrlə pozuntu halları olduqda isə bağlana bilər. Bir az qabağa gedərək deyim ki, Azərbaycanda bunu xatırladan heç bir şey yoxdur!
Qorxunc reallıqlar
Bəs bizdə nə baş verir? 2001-ci ildə Azərbaycanda qeydiyyatdan keçmiş 600 lombard fəaliyyət göstərirdi, lakin 2014-cü ildə bunların sayı artıq 1200-ə çatmışdı. Onların bugünkü sayı məlum deyil, lakin gün kimi aydındır ki, son zamanların maliyyə böhranından və kütləvi kasıblaşmadan istifadə edərək, lombardların sayı həndəsi silsilə üzrə artmağa başlayıb.
Bundan savayı, ölkəmizdə bank kreditlərinin alınması ilə bağlı problem kəskin şəkildə hiss olunmaqdadır, həmçinin banklara xeyli borcu qala-qala gəlir mənbəyini itirmişlər də az deyil. Bir çox hallarda təcili pula ehtiyacı olanların müraciət edə biləcəyi ünvan məhz lomlabrlardır. Adamlar qızıllarını lombardlara apararaq nağd pul alır və ümid edirlər ki, pulu qaytarıb girovlarını geri götürə biləcəklər. Təəssüf ki, ümidlərin elə ümid olaraq qaldığı hallar az deyil.
Haqqin.az və Virtualaz.org-a müsahibəsində Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov əmin olduğunu bildirib ki, insanları lombardlara üz tutmağa məcbur edən Mərkəzi kredit reyestrində qeydə alınmayan istehlak kreditləri üzrə mağazalara olan ödənilməmiş borclarıdır.
“Vəziyyətin belə olması ilə əlaqədar dövlətin nəzarət etmədiyi vəsaitlərin dəqiq məbləğini söyləmək çətindir, lakin ən mötədil hesablamalara görə belə, bu rəqəm 2 milyard manata yaxındır. Güman etmək çətin deyil ki, mağazalara istehlak kreditləri ilə bağlı borclarını ödəyə bilmək üçün adamların qızıllarını girov qoyduqları ölkə lombardlarında kifayət qədər ciddi vəsaitlər dövr etməkdədir”, – E.Hüseynov deyir.
Bununla birlikdə, o qeyd edir ki, ölkə lombardlarında qızılını və digər əmlakını girov qoyanlarla bağlanan müqavilələr, yumşaq dillə desək, girovun geri qaytarılacağına zəmanət vermir. «Obrazlı dildə desək, eyni məntiqlə mən sizinlə kosmosa üçüşla əlaqədar müqavilə bağlaya bilərəm ki, sonradan kosmik gəminin sındığını bəhanə gətirib, girovunuzu geri qaytarmayım. Başqa sözlə, ölkə lombardlarındakı müqavilələr adi kağız parçasından başqa bir şey deyil», – E.Hüseynov bildirir.
Vəkil Əkrəm Həsənov da bu sahədə mövcud olan acınacaqlı problemlərə öz münasibətini bildirib. «Azərbaycanda lombardların fəaliyyəti praktiki olaraq heç cür tənzimlənmir. Nəticə olaraq, istənilən şəxs bu biznes növü ilə məşğul ola bilər. Kİçik start kapitalı varsa kifayətdir. Lakin bu qeyri-qanunidir. Çünki belə çıxır ki, lombard sahibləri kiçik kapital yiyəsi olduqları halda, üçüncü şəxslərdən cəlb etdikləri pulların hesabına kredit verməklə qeyri-qanuni bank fəaliyyəti ilə məşğul olurlar. Və bu zaman həmin vəsaitlərin mənbəyi, adəti üzrə, naməlumdur. Bundan başqa, lombardların kredit müqavilələri qanun pozuntuları ilə tərtib olunub. Ödəniş olmadığı halda onlar aldıqları girovu hərrac keçirilmədən satırlar ki, bu da qanunun pozulmasıdır», – Ə.Həsənov belə deyir.
Bank eksperti Oleq Kuçerov isə bizə daha qorxunc statistika təqdim edib. «Azərbaycan Respublikasının «Banklar haqqında» Qanununda Azərbaycanda lombardların kim tərəfindən və necə tənzimlənməsi barədə bir söz belə yoxdur. Bu barədə «Qeyri-bank fəaliyyəti haqqında» Qanunda da bir söz deyilmir, halbuki, bütün dünyada lombardlar və lizinq şirkətləri məhz qeyri-bank sisteminə aiddir», – o qeyd edib.
Bəli, lombard sahibləri Vergilər Nazirliyində fərdi sahibkar kimi qeydiyyatdan keçirlər. Lakin bu, başqa şeydir! «Qeyri-bank fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununda məhz ölkə lombardları üzərində nəzarət mexanizmi əksini tapmalıdır. Təəssüf ki, bu yoxdur! Lombardlara Rusiyada olan nəzarətə bənzər nəzarətin olmadığı kimi.
“Təəssüf, amma heç bir yerdə heç kim tərəfindən yazılmayıb ki, Azərbaycanda lombardların nizamnamə kapitalı hansı həcmdə olmalıdır – bununla bu və ya digər lombardın real imkanlarını anlamaq üçün məlumat əldə etmək olardı. Azərbaycan banklarının nizamnamə kapitalına minimum tələb mövcuddursa, nəyə görə həmin tələb lombardlara da şamil olunmasın?! Bütün bunları etmək üçün Azərbaycanda lombardların fəaliyyəti qanunvericilik səviyyəsində tənzimlənməlidir”, – O.Kuçerov hesab edir.
Yalanın anatomiyası
Təəssüf, amma bu barədə biz yalnız tövsiyə qaydasında danışa bilirik. Həyat isə öz axarı ilə gedir. Əlləri hər yerdən üzülmüş vətəndaşlar lombardlara üz tutur ki, burada onları sadəcə aldadırlar, yaxud çox çətin şərtlər qarşısında qoyurlar. Bakının mərkəzində yerləşən bir neçə lombarda zəng edərək məlumat aldıq ki, burada kredit yalnız o halda verilir ki, girovun məbləği təqdim olunan kreditin məbləğindən azı 3 dəfə çox olsun.
Bununla birgə, girov qoyulan əmlakın qiymətləndirilməsi də elə lombardın özü tərəfindən aparılır və bu məsələdə o, maraqlı tərəfdir. Təbii ki, vəziyyətin bu cür olduğu təqdirdə zinət əşyaları xam qızıl qiymətinə qəbul olunur. Nəticədə, müştəri girov qoyduğu və qiymətləndirilmiş malın orta hesabla cəmi 30-35%-i dəyərində pul ala bilir.
Bu, hələ bəlanın yarısıdır. Bizim lombardlarda girov qoyulmuş zinət əşyalarının qaşlarının, bəzən isə özlərinin də dəyişdirilməsi hallarına rast gəlinir. Bəzən də olur ki, lombard sahibləri icarəyə götürdükləri yeri dəyişir və onlara etibar etmiş müştərilərin lombardı axtarıb tapması müşkülə çevrilir. Məlum olduğu kimi, lombard açmaq çox asandır. Vergilər Nazirliyində fərdi sahibkar kimi qeydiyyatdan keçirsən, icarəyə yer götürürsən, ucuz qiymətə əhalidən qızıl alırsan, sonra isə yoxa çıxırsan. Axtar tap, görüm necə tapırsan!
Bu adları yadda saxlayaq
Sözlərimiz əsassız görünməsin deyə, lombard sahibləri tərəfindən vətəndaşların aldadılması ilə bağlı bir neçə konkret halı nəzərdən keçirək. “Neftçilər” metro stansiyasının yaxınlığında fəaliyyət göstərmiş lombardda belə bir xoşagəlməz hal yaşanıb: Aldıqları kreditlərə görə borclarını ödəmiş müştərilər qızıllarını geri ala bilməyiblər.
Zərərçəkmişlərin sözlərinə görə, lombardda 20-yə yaxın adam işləyirdi, lakin indi onlardan birini də tapmaq olmur. Əsas isə odur ki, lombard müştərilərinin pullarını və qızıllarını götürərək onun sahibi Məmməd Həsənov aradan çıxıb. Ümumilikdə, 300 vətəndaş onun bu əməlindən zərər görüb.
Təəssüf ki, bu, yeganə belə hal deyil. Binəqədi Rayon Polis Şöbəsinin 5-ci bölməsinin əməkdaşları Cəfər Xəndan küçəsi, 23 ünvanında yerləşən lombardın sahibini axtarırlar. Bu şəxs də nəfsinin qurbanı olub və müştərilərin qızıllarını götürərək qaçıb.
Məlumdur ki, lombard sahibinin hərəkətindən zərər çəkmiş müştərilər polisə ərizə ilə müraciət ediblər. Zərəçəkmişlərin sırasında Tofiq Bayramov (1966-cı il təvəllüdlü), Adilə Heydərova (1972), Şəfiqə Məmmədova (1947), Sevil Əliyeva (1978), Fuad Cəfərov (1955) və başqalarının adları var. Bu günə olan məlumata görə, 20-yə yaxın müştəri aldadılıb.
Qızıl əşyalarını girov qoymuş vətəndaşlar sonradan xəbər tutublar ki, lombardın sahibi onların dəyərli əşyaları ilə birlikdə yoxa çıxıb. Hələlik istintaqın maraqlarına görə şübhəli şəxsin adı açıqlanmır. Məlum olan odur ki, lombardın sahibi hələ də Azərbaycan ərazisindədir və necə deyərlər, qeybə çəkilib. Amma bunun zərərçəkmişlərə, təbii ki, heç bir faydası yoxdur.
Nəhayət, xatırladaq ki, Azərbaycanın yüzlərlə vətəndaşını aldatmış lombard sahibəsi, 52 yaşlı Tahirə Alaz beynəlxalq axtarışa verilib və buna əmin olmaq üçün İnterpolun saytına daxil olmaq olar.
Tahirə Alaz Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi. 192 ünvanında yerləşmiş lombardın sahibəsi olub. Yüzlərlə vətəndaş buraya qızıl əşyalarını təhvil verərək, əvəzində qəpik-quruş alıb. Yenə də, qorxunc günlərin birində, ona etibar etmiş vətəndaşlar aldadıldıqlarını öyrəniblər – T.Alaz gözlənilmədən lombardı bağlayıb və ölkədən qaçıb. Belə bir məlumat var ki, o, Türkiyədə gizlənir.
Amma Azərbaycanda lombardların fəaliyyəti qanunvericiliklə tənzimlənsəydi, bütün bunlar olmaya da bilərdi. Ümid etmək qalır ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi Qrupunun rəhbərinin söz açdığı Maliyyə bazarının sabitliyinin tənzimlənməsi üzrə komitədə də anlayırlar.