"Suriya Rusiya ilə təmasları möhkəmləndirir" - "Vestnik Kavkaza"

Dünən, 12:44           
"Suriya Rusiya ilə təmasları möhkəmləndirir" - "Vestnik Kavkaza"
"Bu əməkdaşlıq Dəməşqə sabitlik və bərpa, Moskvaya isə regional nüfuz və strateji mövcudluq üçün önəmlidir..."

"Rəsmi Dəməşq Moskvanın dəstəyini gücləndirmək niyyətindədir..."

Suriyada dekabr çevrilişindən sonra Qərb mediasında Rusiyanın bu ölkədəki nüfuzunun sona çatacağı ilə bağlı ehtimallar səsləndirilib.

Bu barədə "vestikavkaza.ru" nəşri yazıb.

Rəsmi Dəməşq Moskvanın dəstəyini gücləndirmək niyyətindədir

Nəşr qeyd edir ki, yarım il keçməsinə baxmayaraq, Rusiya nəinki Suriyanı itirib, əksinə, yeni hakimiyyətlə - prezident Əhməd Aş-Şaraanın rəhbərliyi ilə daha praqmatik münasibətlər qurmağa başlayıb. Bu prosesin davamı kimi Suriya xarici işlər naziri Əsaad əş-Şeybani və müdafiə naziri Marhaf Əbu Qasra rəsmi səfərlə Moskvaya gəlib. Əsas məqsəd Rusiya ilə münasibətləri yeni mərhələyə keçirmək, Moskvanın dəstəyini gücləndirmək və xüsusilə də təhlükəsizlik, bərpa və regional sabitlik məsələlərində birgə fəaliyyət göstərməkdir.

Yeni Suriya, yeni ritorika

Əş-Şeybani Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdə açıq bəyan edib: "Biz bu gün yeni Suriyanı təmsil edirik. Qarşıdurma deyil, əməkdaşlıq istəyirik. Müharibədən yorulmuşuq, indi birliyə və sabitliyə ehtiyacımız var". Onun sözlərinə görə, Suriya İsraillə hərbi qarşıdurma niyyətində deyil və əsas diqqət ölkə daxilində birlik və idarəetmə boşluğunun doldurulmasına yönəlib.

Nazir həmçinin vurğulayıb ki, ölkəsi Rusiya ilə "qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulmasında maraqlıdır" və Moskvaya "bu çətin yolda öz yanında görmək istəyir". Aş-Şeybani qeyd edib ki, təhlükəsizlik strukturları işləyir və dövlət institutları tədricən bərpa olunur.

Rusiya bazaları qalırmı?

Dəməşq yeni mərhələdə Rusiyanın hərbi bazalarını qoruyub saxlamağa meyllidir. Əş-Şaraanın əvvəlki müsahibələrində bu məsələyə "doğru yanaşma" ilə mümkünlük işarə olunmuşdu. Sergey Lavrovun müavini Sergey Verşinin bildirib ki, Latakiya və Tartusdakı Rusiya hərbi obyektləri "sabitlik amili" olaraq qalır və hətta humanitar yardımın effektivliyini artırmağa xidmət edə bilər.

Hərbi sahədə əməkdaşlığın konkret detalları ictimaiyyətə açıqlanmasa da, Suriya müdafiə naziri Marhaf Əbu Qasranın da Moskvaya paralel səfəri, böyük ehtimalla, bu məsələlərin mərkəzdə olduğunu göstərir. İndiki mərhələdə Dəməşq bu bazalardan imtina etməyə tələsmir - nə daxili sabitlik təmin olunub, nə də İsraillə sərhəddə təhlükəsizlik zəmanəti var.

Suriyanın bərpasına kim kömək edəcək?

Yeni hökumətin qarşısında duran əsas vəzifələrdən biri ölkənin müharibədən sonrakı bərpasıdır. ABŞ və Avropa İttifaqının qismən sanksiyaları yumşaltsa da, praktiki yardımları hələlik gözlənilmir. Ər-Riyad və Ankara prosesdə rol almağa hazırdır, amma Rusiya da bu məsələdə faydalı ola bilər.

Lavrov danışıqlarda Rusiyanın "postmünaqişə bərpasına dəstək verməyə hazır" olduğunu vurğulayıb. Əş-Şeybani bu kontekstdə qeyd edib ki, Suriyada milyonlarla qaçqın və daxili məcburi köçkün var, buna görə də sosial infrastrukturun yenilənməsi həyati əhəmiyyət daşıyır. Suriya bu yolda Rusiya ilə işləməyə maraqlıdır.

Oktyabrda daha bir mühüm görüş

Rusiya-Suriya münasibətlərində növbəti əsas mərhələ oktyabrın 15-də baş tutacaq: Əhməd Aş-Şaraa ilk dəfə Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya gələcək. Lavrov bu görüşün Rusiya ilə Ərəb Dövlətləri Liqası sammiti çərçivəsində baş tutacağını və regional məsələlərin müzakirə olunacağını bildirib.

Moskva bu keçid dövründə Suriyanın yanında olmağa davam etdiyini, yeni rəhbərliyin isə Rusiya ilə strateji tərəfdaşlıqdan imtina etmədiyini nümayiş etdirir. Hazırda bu əməkdaşlıq hər iki tərəf - Dəməşqə sabitlik və bərpa, Moskvaya isə regional nüfuz və strateji mövcudluq üçün önəmlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru