TQDK sədrinin də başı bəlada - təfsilat
15-03-2016, 10:20
Elnur Nağızadənin qohumları Məleykə Abbaszadəni ittiham etməyə hazırlaşırlar
Qadın, Uşaq və Ailə Problemləri Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın adının rüşvət qalmaqalına qarışmasından sonra daha bir proses yetişməyə başlayıb. Politika.Az xəbər verir ki, növbəti hədəf də qadın məmurdur və bu dəfə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə ağrımayan başına dəsmal sarımalı olub.
Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin sabiq rəhbəri Elnur Nağızadənin adı rüşvət qalmaqalına qarışıb. Daha doğrusu, onun tələbə düzəltmək məqsədi ilə ayrı-ayrı adamlardan pul aldığı iddia olunur.
Nağızadənin əmisi Tahir Nağıyev isə bildirir ki, ailə bu günlərdə mətbuat konfransı keçirəcək və Elnura ünvanlanış ittihamlarla bağlı bir sıra məlumatlar açıqlayacaq: "Bizim də deyəcəklərimiz var. Elnura qarşı ittihamlar əsassızdır. İki aydan çoxdur ondan xəbər ala bilmirik, danışa bilmirik. İki uşağı qalıb ortada. Kimlərsə Elnuru yoxa çıxarıb".
Nağızadələr nələri açıqlaya bilərlər? Politika.az xəbər verir ki, harada olduğu məlum olmayan sabiq mətbuat katibinin yaxınları böyük ehtimalla TQDK sədri Məleykə Abbaszadəni hədəfə alacaqlar. Çünki başqa çıxış yolu da qalmayıb və Elnurun bu işləri təkbaşına görə biləcəyi də inandırıcı deyil.
Əgər ortada hər hansı bir rüşvətalma və ya korrupsiya faktiı varsa, bu işlərdən komissiya sədrinin ya xəbəri olmalıydı, ya da vaxtında tədbir görmədiyi üçün məsuliyyət daşıyır.
Bildirək ki, proseslərin gedişatı hakimiyyət dairələrini də narahat etməyə başlayıb. Çünki indiyə qədər cəmi iki komitə və komissiya sədri qadın təyin olunub və onlarla bağlı artıq iki ciddi ittiham gündəmdədir. Ailə, Uşaq və Qadın Problemləri Dövlət Komitəsinin aparat rəhbərinin işə düzəltmək adı altında başqasından 170 min manat alması olayının ardından, TQDK sədrinin ən etibarlı adamının tələbə düzəltmək adı ilə pul alması skandala səbəb olmaqdadır.
Eyni zamanda, hakimiyyət artıq qadın rəhbərlərin problem yaratdığı qənaətinə gəlməyə başlayıblar. Bu səbəbdən də gender siyasətinə yenidən baxmaqla bağlı fikirlər gündəmə gətirilib. Böyük ehtimalla hakimiyyət dairələri strateji dövlət qurumlarının başına bundan sonra kişiləri təyin edib, qadınları isə onlara müavin edəcəklər. Zəruri təcrübə toplanıldıqdan sonra isə yerdəyişmənin olması mümkün görünəcək.