Roma Papasının öz portretini hədiyyə etdiyi azərbaycanlı akademik – Eyyub Bəşirov

15-03-2016, 12:08           
Roma Papasının öz portretini hədiyyə etdiyi azərbaycanlı akademik – Eyyub Bəşirov
Akademik Eyyub Bəşirov Azərbaycanda heyvandarlığın inkişaf etdirilməsində öz rolu olan tanınmış alimlərimizdəndir. Onun bir çox elmi əsərlərindən, tədqiqatlarından bu gün həm ölkədə, həm də dünyada geniş istifadə olunur.

Gələn il 90 illiyi qeyd ediləcək qocaman akademikin heyvandarlığın inkişafındakı xidmətlərinə nəzər salaq. Hələ ötən əsrin yetmişinci illərində, ümumən, respublikamızın heyvandarlığında heç də birmənalı qarşılanmayan tendensiya yaranmışdı. Yerli inək cinsləri bəyənilmirdi, Rusiyadan, Pribaltikadan gətirilən cinslərə üstünlük verilirdi. Bu cinslər də yerli şəraitə çətin uyğunlaşırdı. Xəstələnmə, xüsusən də qızdırma ilə bağlı ölüm halları çoxalırdı. Məhsuldarlıq və balavermə aşağı düşürdü. Camışçılığa münasibət lap pis idi. Sanki yerli inək, camış cinslərinə qarşı səlib yürüşü aparılırdı. Fikir yaradılırdı ki, yerli cinslər, xüsusən də camış rentabelli deyil, məhsul istehsalı aşağıdır. Yeri gəldi-gəlmədi inəklərin yerinə ağır çəkili olduğundan camışlar kəsimə göndərilirdi. Camışa münasibət lap acınacaqlı vəziyyətə gəlib çıxmışdı. Hətta, o vaxtlar başda Azərbaycan KP MK-nin ikinci katibi Kozlov olmaqla, bir qrup məmur tərəfindən Respublika Kommunist Partiyası MK-nın bürosuna camışçılığın ləğvi barədə qərar layihəsinin çıxarılması da planlaşdırılmışdı. Bu isə təkcə yanlış fikir, düşünülməmiş addım deyildi. Bu, xalqımızın yüz illər boyu seçib yetişdirdiyi, zaman-zaman yeniləşdirdiyi, qoruyub saxladığı, bineyi-qədimdən yaradılmış heyvandarlıq ənənələrinə yönəlmiş bir qəsd idi. Ata-babalarımızın ən qədim dövrdən məşğul olduğu bir sahə, camışçılıq məhv edilmək təhlükəsi qarşısında idi. Bu məqamda mütəxəssislərimiz, ziyalılarımız əsl vətəndaşlıq mövqeyi tutdular, iradə və qətiyyət göstərdilər.

Eyyub müəllim öz həmfikirləri, mərhum Arif Mustafayev, Ağaxan Ağabəyli, İmran Əbilov, Surxay Tağızadə, Sadıq Murtuzayev kimi Azərbaycan heyvandarlığında camışın, camışçılığın yerini, çəkisini yaxşı bilən mütəxəssislərlə birgə bu qərəzli ideyanın gerçəkləşməsinə qarşı çıxdılar. Onlar həmin dövrdə respublikamıza rəhbərlik edən ümummilli lider Heydər Əliyevə müraciət etdilər. Müraciətdən sonra Ulu Öndər qərar layihəsinin büroda müzakirəyə çıxarılmasına belə yol vermədi. Ümumiyyətlə, bu məsələ birdəfəlik bağlandı. Haqq-ədalət öz yerini tapdı. Xalqımıza yönəlmiş böyük qəsdin qarşısı alındı.

1947-ci ildə biologiya elmində böyük əhəmiyyətə malik elmi kəşf olundu. Akademik V.K.Milovanovun elmi rəhbərliyi ilə professor İrina İvanovna Sokolovskaya və İqor Smirnov dovşan, buğa, qoç toxumlarının dondurulması və uzun müddət saxlanılması metodunu hazırladılar. Akademik Eyyub Bəşirov isə təqribən on il sonra, 1956-1957-ci illərdə də camış (kəl) toxumunun dondurulub uzun illər saxlanılması metodunu işlədi. Belə bir metodun işlənib hazırlanması, heyvanların daha sağlam, daha məhsuldar nəslinin alınmasına səbəb oldu.

Mühüm əhəmiyyətə malik belə tədqiqatlar Azərbaycanda da aparılırdı. Azərbaycan aqrar elmi məktəbi heç də Rusiya, Moskva elmi məktəbindən geri qalmırdı. 1959-cu ilin dekabrında Azərbaycan Respublikası Elmlər Akademiyasının prezidenti, akademik Yusif Məmmədəliyev və Azərbaycan Kənd Təsərrüfatı Elmlər Akademiyasının prezidenti, akademik Firuz Məlikov Eyyub Bəşirovun laboratoriyasına gələrək, alimin dondurulmuş kəl toxumunun tədqiqi (dondurulmanın metod texnologiyası) ilə tanış olmuş, alınan nəticələri isə möcüzə adlandırmışlar.

Eyyub Bəşirovun elmi yaradıcılığının əsasını təşkil edən istiqamətlərdən biri də kənd təsərrüfatı heyvanlarının yeni məhsuldar cinslərinin, hər cins üzrə damazlıq təsərrüfatlarının yaradılması, naxırların, sürülərin cins tərkibinin yaxşılaşdırılması, ölkəmizin təbii şəraitinə uyğun hibridlərin alınması və bunların ölkəmizin müxtəlif bölgələrinə yayılmasının təmin olunmasıdır. Buna ən bariz nümunə kimi, Azərbaycanın subtropik zonasında, Lerikdə, 1976-1978-ci illərdə “Sosialist Kubası” sovxozunda Kubadan yarımvəhşi zebuların gətirilib yerli şəraitə uyğünlaşdırılmasını, yerli zebu və digər qaramal cinsləri ilə çarpazlaşdırılaraq hibridlərin alınmasını, bunların respublikamızın 16 dağ rayonuna yayılmasını misal gətirmək olar. Bunun da əsasında yerlərdə hibridləşmə getmişdir. Bu hibridlərin keyfiyyəti barədə təkcə bir faktı qeyd etmək istərdik ki, onların erkəklərinin diri çəkisi 1500 kiloqrama çatırdı.

1961-ci ildə Hindistanda, Heydərabad şəhərində alimimizin təklifi ilə “Ümumhindistan heyvandarlıq sərgisi” təşkil edilir. Bu sərgidə Eyyub Bəşirov Hindistanın 12 camış, 38 zebu cinslərinin genefondunu öyrənir. Bombey südçülük koloniyasından isə “Mürrəh” cinsindən olan damazlıq rekord camış kəllərini və düyələrini seçir. Azərbaycana gətiriləsi bu rekord cinsli heyvanlar son anda Moskvanın göstərişi ilə Bolqarıstana göndərilir. Həmin heyvanların əsasında da Eyyub Bəşirov bolqar alimi, professor Aleko Aliksiyevlə birgə “Bolqar mürrəhi” cinsini yaradır. Öz yüksək məhsuldarlığı, yüksək keyfiyyətilə “Bolqar mürrəhi” bu gün də dünyada seçilir.

Həmçinin Eyyub Bəşirov görkəmli alimlərimiz, professorlar Ağaxan Ağabəyli, Abdulla Həşimov, Surxay Quliyev, İnqilab Hüseynovla birgə dünyada ilk ağ camış sürüsünü yaradıb.

Eyyub müəllim müxtəlif dövrlərdə Hindistanda, Əlcəzairdə, Çilidə və Əfqanıstanda olarkən bu ölkələrin kənd təsərrüfatı sahəsinin, damazlıq-döllük sisteminin təşkilində, inkişaf etdirilməsində və möhkəmləndirilməsində, milli kadrların hazırlanmasında əvəzsiz xidmətlər göstərib. Elə buna görə də həmin dövlətlərin başçıları alimimizin şəxsən özünə və sovet dövlətinin lideri Leonid Brejnevə dərin minnətdarlığını bildirirdilər.

İstər Çilinin o vaxtkı prezidenti Salvador Alyendenin, istərsə də Əlcəzair prezidenti Huarı Bumedyanın minnətdarlıq məktublarının arxasında Azərbaycan aliminin gərgin əməyi, bu ölkələrin kənd təsərrüfatı sisteminin dirçəlməsinə, möhkəmləndirilməsinə yönəlmiş elmi tədqiqatları, yazdığı elmi əsəri, həyata keçirdiyi əməli tədbirləri dayanırdı. Çilinin o vaxtkı Prezidenti Salvador Alyendenin aşağıdakı sözləri isə azərbaycanlı alimin əməyinə verilən ən yüksək qiymətdir: “Cənab Eyyub Bəşirovun 45 gündə gördüyü iş Çilinin birinci dərəcəli elmi-tədqiqat institutlarının altı ayda gördüyü işlərə bərabərdir”.

1964-cü ilin sentyabrın 6-dan 13-nə kimi İtaliyanın Trento şəhərində V Beynəlxalq Elmi Konqres keçirilir. Bu böyük elmi məclisdə 64 ölkədən 1200 nəfər alim iştirak edirdi. Həmin elmi məclisdə Eyyub Bəşirov “Camışların törəyib çoxalmasının biologiyası və süni mayalandırılması” mövzusunda elmi məruzə etdi. Böyük maraqla dinlənilən elmi məruzə bioloqların V Beynəlxalq Konqresində birinci yeri tutdu və qızıl medala layiq görüldü. Roma Papası VI Pavel şəxsən özü azərbaycanlı alimi böyük uğur münasibətilə təbrik etdi və öz portretini hədiyyə verdi. Bu uğur təkcə Eyyub Bəşirovun deyildi, bu həm də Azərbaycan aqrar elminin uğuru, ona verilən yüksək qiymət idi.

Eyyub müəllimin 1946-1966 və 1968-1970-ci illərdə Əlcəzairdə gördüyü işlər, apardığı elmi tədqiqatlar bu ölkənin kənd təsərrüfatının, heyvandarlığının inkişafında da mühüm rol oynadı. Ölkədə damazlıq heyvandarlıq sistemi quruldu. Süni mayalama stansiyaları təşkil edildi. Süni mayalamanın geniş tətbiqi vasitəsilə məhsuldarlıq artırıldı. Müasir texnologiyalardan istifadə olunması, süni mayalamanın aparılması qısırlığı aradan qaldırdı. Həyata keçirilən tədbirlər hər 100 ana qoyundan 111, inəklərdən isə 100-102 bala almağa imkan verdi. O dövrdə bu rəqəmlər qoyunlar üzrə Şimali Afrika ölkələrində görünməmiş rekord göstərici idi. İnəklərdən alınan balaların sayı isə dünya rekordu idi. 1966-cı ilin yayında Fransanın kənd təsərrüfatı nazirinin, baytarlıq xidməti generalının Əlcəzairə gəlməsi, Eyyub Bəşirovla görüşməsi, onun bu ölkədə apardığı təcrübələr və əldə etdiyi elmi-təcrübəvi nailiyyətlərlə tanışlığı və ondan aldığı məsləhətlər nəticəsində, sonralar Fransada yeni bir texnologiya-fransız süni mayalama texnologiyası yaradıldı. Hazırda ən mütərəqqi, ən proqressiv texnologiya kimi bundan dünyanın bütün qabaqcıl ölkələrində istifadə edilir.

1976-cı ildə Kubadan ölkəmizə 121 baş yarımvəhşi zebu gətirilir. Bu heyvanlar Lerikdə yerli şəraitə uyğunlaşdırılmalı, yerli iribuynuzlu heyvanlarla hibridləşdirilməli və respublikanın rayonlarında yayılmalı idi. Bu çətin, məsuliyyətli işin elmi rəhbərliyi Eyyub Bəşirova tapşırılır. Təkcə iki ölkə arasında iqlim şəraitini nəzərə alsaq, bu işin nə qədər problemli, çətin olduğu aydın görünər. Belə ki, oktyabr ayından aprel ayı bitənədək Lerikdə havanın temperaturu mənfi 13-dək aşağı enir. Bu dövrdə isə Kubada havalar çox isti keçir. Çoxsaylı belə problemlərə baxmayaraq, heyvanların gətirilməsindən 15 ay sonra 108 zebudan 78 bala alındı. Zebu buğalarının çəkisi 1000-1500 kiloqrama çatdırıldı. Hər zebudan gündə, yağlılığı 5 faiz olmaqla, 10 kiloqram süd sağılırdı. Genişmiqyaslı hibridləşmə aparılması məqsədilə Kuba zebularının buğaları respublikanın 16 dağlıq rayonuna yayıldı. Aparılan tədqiqatlar bir daha sübut etdi ki, respublikada ət və süd məhsulları istehsalının sürətlə artırılmasında zebu cinsi ilə hibridləşmənin aparılması böyük əhəmiyyətə, təkanverici rola malikdir.

1978-ci ilin aprelin 26-30-da Lerikdə aparılan işlərlə tanış olan Kuba diplomatı - o dövrdə bu ölkənin SSRİ-dəki səfiri olan Antonio Korsedo gördüklərinə inanmır. Məəttəl qalır, deyir ki, axı, necə ola bilər, bütün günü Kubada çöllərdə gəzən bu yarımvəhşi zebular tövlə-otlaq şəraitində bəslənilir, insanla mehriban davranır, qaçmır, sağılır, qaşovlanır, yemlənir, süni mayalandırılır.

Eyyub müəllim 1989-1993-cü illərdə Abşeron Dövlət Damazlıq və Süni Mayalama Stansiyasının nəzdində Moskva Mərkəzi Elmi-Tədqiqat Yemlərin Texnologiyası və Kənd Təsərrüfatı Heyvanlarının Yemləndirilməsi İnstitutunun Azərbaycan filialını təşkil edib və onun rəhbəri olub. Bu gün də həmin filiala ictimai əsaslarla rəhbərliyi davam etdirir.

Qocaman akademik həm də Azərbaycan Heyvandarlıq Assosiasiyasının prezidentidir. O, bu ictimai quruma rəhbərlik etməklə yanaşı, Azərbaycan Camışçılar Assosiasiyası, Azərbaycan Arıçılar İttifaqının fəaliyyətinin istiqamətləndirilməsində fəal iştirak edir. Səkkiz dil bilən Eyyub Bəşirovun elmi yaradıcılığı böyük, həm də zəngin irs kimi gələcək nəsillərə bir töhfə, əmanətdir. Əsrlər ötəcək, nəsillər dəyişəcək, xalqımız bu irsi qoruya-qoruya ondan bəhrələnəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.