İŞİD və Ermənistandan “çirkli bomba” hədələri – yeni terror təhlükəsi ciddiləşir

1-04-2016, 10:01           
İŞİD və Ermənistandan “çirkli bomba” hədələri – yeni terror təhlükəsi ciddiləşir
Ölkəmiz təhdid altında...; İşğalçı ölkənin Azərbaycanı, terrorçu təşkilatın isə dünyanı oxşar formada hədələməsi təsadüfdürmü ?; Rəsmi Bakı məsələni Nüvə sammitində və BMT Təhlükəsizlik Şurasında qaldırıb İrəvandan cavab tələb eləməlidir...
Vaşinqtonda IV Qlobal Nüvə Təhlükəsizliyi Sammiti öz işini davam etdirir. Sammitin gündəliyində duran əsas mövzu terror təşkilatlarının nüvə materialları, o sırada “çirkli” və “mini-nüvə” bombalarının köməyi ilə şəhərlərə hücum təhlükəsi ilə bağlıdır.

“La Stampa” qəzeti nüvə sammitlərinin təşəbbüsçüsünün ABŞ prezident Barak Obama olduğunu qeyd edərək yazır: “İlk belə sammit 2009-cu ildə Praqada olub və atom silahının təhlükəsizliyinin və onun terrorçuların əlinə keçməsinin önlənməsinin təkmilləşdirilməsinə həsr olunub. Dünyada bu cür silahların yaradılması üçün istifadə oluna biləcək 2 min kub ton material var. Onların heç də hamısı yaxşı mühafizə olunmur. Barak Obama belə bir təşəbbüslə hələ İŞİD peyda olmamışdan öncə çıxış edib. O vaxt əsas hədə ”əl-Qaida" və ona bağlı qruplardan qaynaqlanırdı".

Nəşrin yazdığına görə, o vaxtdan situasiya çox dəyişib: “Həm Parisdə, həm də Brüsseldə törədilən terror aktları İŞİD-in Qərb şəhərlərinə zərbə endirmək qabiliyyətini nümayiş etdirib. Nəzərə alanda ki, bu terror təşkilatı artıq kimyəvi silaha malikdir, Ağ Evdə İŞİD-in nüvə silahına da can atdığına şübhə eləmirlər. ”Bizə bəllidir ki, terror təşkilatları nüvə materiallarına, atom bombalarına çıxış əldə eləməyə çalışırlar", - deyə Amerika prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini Ben Rods jurnalistlərə bildirib".

Qəzet bununla bağlı iki əsas təhlükənin mövcudluğuna diqqət çəkib: “Birincisi - ”çirkli bomba"dır. Onu mülki təyinatlı radioaktiv materiallardan hazırlamaq və adi başlıqların köməyi ilə hərəkətə gətirmək mümkündür. Belə materiallar xəstəxanalarda və universitetlərin laboratoriyalarında olur və çox hallarda da onların uçotu pis aparılır. İkinci hədə - atom bombasıdır. Doğrudur, ona sahiblənmək asan deyil. Ancaq nəzərə alsaq ki, Pakistan kimi ölkələrdə hazırda kiçik ölçülü taktiki nüvə silahlarına stavka edilir, o zaman bunu istisna eləmək olmaz. İŞİD-çilərin Belçikadakı AES-lərin şəkillərini çəkməsi aydın olandan sonra son zamanlar bütün bu təhlükələrə daha biri əlavə olunub. Hələlik söhbət konkret planlardan getmir, amma belə bir şeyi də istisna eləmək olmaz".



***
Yeri gəlmişkən, işğalçı Ermənistanın da Azərbaycana qarşı neçə vaxtdır “çirkli bomba” hazırlığı içində olması barədə məlumatlar yayılır. Son olaraq “Komandos” ləqəbi ilə tanınan erməni general-mayor Arkadi Ter-Tadevosyan bir neçə gün öncə “Lragir” portalına müsahibəsində buna açıq işarə vuraraq Azərbaycanı təhdid edib. Bu barədə az aşağıda. Hələliksə yada salaq ki, 2014-cü ildə Azərbaycan saytlarında ermənilərin Gürcüstanda “çirkli bomba” yığmağa cəhd edə biləcəkləri barədə məlumatlar yer almışdı.

O zaman Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları ölkəyə radioaktiv Sezium-137 tərkibli zavod konteynerini gətirmək istəyən iki Ermənistan vətəndaşını saxlamışdı. Şübhəli şəxslər 1965 və 1966-cı il təvəllüdlü iki kişi idi. Onlar “Sadaxlo” nəzarət-buraxılış məntəqəsinin yaxınlığında Gürcüstanla Ermənistanın sərhədində xüsusi əməliyyat nəticəsində tutulmuşdular. Lakin nə qədər Seziumun sərhəddən keçirilməsinə cəhd göstərilməsi haqda məlumat yox idi. İki il əvvəl saxlanılmış şəxslərə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 2 maddəsi (gömrük qaydalarının pozulması və radioaktiv maddələrlə qeyri-qanuni davranış) üzrə cinayət işi başlanmışdı.

Bu yerdə məlumat üçün onu da bildirək ki, Sezium-137 - sənayedə və təbabətdə istifadə olunan radioaktiv maddədir. Lakin ondan “çirkli bomba” hazırlanmasında da istifadə oluna və bu da ərazinin yüksək radioaktiv çirklənməsinə gətirib çıxara bilər. Ter-Tadevosyan da müsahibəsində elə bunun üstünü açıb.

Belə ki, Rusiyanın kredit müqabilində Ermənistana satmağı planlaşdırdığı silah-sursatın siyahısının Rusiya tərəfindən açıqlanmasına dair sualı cavablandıran erməni general Ermənistan ordusunun silahlarının vəziyyəti barədə yayımlanmış məlumatı şərh edərkən deyib: “Bizdə elə silah var ki, düşmənin bundan xəbəri yoxdur. Bu silah ermənilərin əli ilə hazırlanır və ən ağır vəziyyətdə istifadə edilə bilər ki, Azərbaycan özünə gələ bilməsin. Buna görə də mən silah-sursatın siyahısını açıqlayanları çox tənqid etmirəm. Onlar göstərməyə çalışıblar ki, guya nəsə bilirlər, amma bu, Azərbaycan üçün elə də faydalı olmayıb”.
Erməni jurnalistin “Yəni Ermənistanın tamamilə başqa silahı var” sualına cavab olaraq, Ter-Tadevosyan ikibaşlı cavab verib: “Yox, əsasən siyahıda adı çəkilənlərdir, lakin başqa silah növləri də var. Azərbaycan bunu çox gözəl bilir və onlar bu barədə bir-iki dəfə danışıblar...”

Azərbaycanda gerçəkdən də dəfələrlə Ermənistandakı Msamor Atom-Elektrik Stansiyasının (AES) işi ilə bağlı narahatlıq ifadə olunub və bildirilib ki, həmin AES-in tullantıları işğal altında qalmış torpaqlarımızda toplanır. Ermənilərin zəngin terrorçu keçmişini nəzərə alsaq, onlar bütün dünya terrorçularının arzusunu gerçəkləşdirə və bu yaxınlarda Belçikada “intiharçı-bombalar”ın nail bilmədiklərini həyata keçirə bilərlər. Çünki onun ərazisində radioaktiv maddələrə çıxış var.

***
Həm İŞİD-çilərin nüvə silahına can atması, həm də Ermənistanın öz generalının dili ilə (Ter-Taderosyan müdafiə nazirinin müavinidir) Azərbaycanı “çirkli bomba” ilə hədələməsi onların hər ikisinin terrorçu mahiyyətini ortaya qoyur və regiona, qlobal sülhə nə dərəcədə böyük təhlükə kəsb etdiyini göstərir.

Əslində Ermənistan bununla dünya üçün İŞİD-dən heç də az təhlükəli ölkə olmadığını nümayiş etdirdi. Hər halda, İŞİD qeyri-legitim təşkilatdırsa, Ermənistan BMT-nin tamhüquqlu üzvüdür. Odur ki, Azərbaycan tərəfinin haqqı çatır ki, məsələni IV Nüvə sammiti ilə yanaşı, BMT Təhlükəsizlik Şurasında qaldırsın və rəsmi İrəvandan dövlət səviyyəsində terrorun dəstəklənməsi və öz hərbi məmurunun dili ilə səsləndirdiyi “çirkli bomba” hədəsinə dair izahat tələb eləsin.
musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.