ERMƏNİ AVAKOVUN KÖMƏKÇİSİ VƏ VƏTƏN XAİNİ... - Ukrayna kəşfiyyatının məhv etdiyi İlya Kiva kim idi?
8-12-2023, 08:17

Ukrayna xüsusi xidmət orqanları vətən xaini elan olunan keçmiş deputatı qətlə yetirib.
“AzPolitika.info” xəbər verir ki, Rusiya mətbuatı Ukrayna Ali Radasının keçmiş deputatı İlya Kivanın Moskva yaxınlığındakı Odintsovoda meyitinin tapıldığı barədə məlumat yayıb.
İlya Kivanın meyiti dünən günorta saat 15 radələrində aşkar edilib. Onu otel işçisi tapıb. “Baza” xəbər verir ki, Kiva üzü üstə qarın üzərində uzanmış vəziyyətdə tapılıb. Onun ətrafında böyük qan gölməçəsi, üzündə xəsarət izləri olub.
Rusiya “Teleqram” kanalları yazır ki, Kiva iki güllə ilə öldürülüb. Birinci güllə onun sinəsinə, ikincisi isə başına vurulub. Müstəntiqlər qətl yerində işlərini davam etdirirlər. Onların Kivanın məşuqəsini dindirdikləri bildirilir.
Versiyalardan birinə görə, adı çəkilməyən həmin xanım qatili Kivanın izinə sala bilərdi. Lakin bu versiya hələ təsdiqlənməyib. Həmçinin, “Baza” yazır ki, müstəntiqlər Moskva hava limanlarında sərnişin siyahılarını öyrənirlər. Şeremetyevo və Vnukovo hava limanlarına xüsusi diqqət yetirilir - onlar Kivanın öldürüldüyü yerə ən yaxın olanlardır. Ehtimal olunur ki, qətli törədən şəxs bu hava limanlarının birindən Rusiyanı tərk edib.
Ukrayna mediası yazır ki, Kivanın qətlini Ukrayna Təhlükəsizlik Xidməti həyata keçirib. Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak birbaşa olmasa da, dolayısı ilə hadisəni Ukrayna xüsusi xidmətinin törədə biləcəyini təsdiqləyib. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov isə Kivanın Ukrayna tərəfindən məhv edildiyini rəsmi şəkildə təsdiq edib.
Qeyd edək ki, Kiva Rusiyanın Ukraynaya qarşı geniş miqyaslı hücumundan bir qədər əvvəl İspaniyaya qaçıb. Daha sonra Rusiyaya köçüb. Orada o, Rusiyanın təbliğat kanallarının daimi qonağı olub və Ukrayna əleyhinə tezislər, çağırışlar səsləndirib.
Ətraflı
Rusiya işğalının ilk günündə Kiva Rusiya televiziyasında Ukraynanın “Qərb tərəfindən əsarət altına alındığını və diz çökdürüldüyünü, ölkəyə nasizmin sızdığını və onun gələcəyinin olmadığını, həmçinin Ukrayna xalqının “azadlığa ehtiyacı olduğunu” söyləyib.
Ukrayna ictimaiyyəti İlya Kivanı ilk dəfə 2014-cü ildə o vaxtkı erməni Daxili İşlər naziri Arsen Avakovun sayəsində tanıyıb. Məhz Avakov bu vətən xaininin “mənəvi atası” hesab olunur. Avakov əvvəlcə onu Donetsk vilayəti üzrə Daxili İşlər Nazirliyi idarəsinin rəis müavini təyin edib. Daha conra Xerson vilayətinin Daxili İşlər İdarəsinə keçirib. Kiva hətta bir müddət Narkotik Cinayətkarlıqla Mübarizə Departamentinə rəhbərlik edib. 2016-2017-ci illərdə isə Avakovun müşaviri təyin olunub.
Bu il noyabrın ortalarında Lvovun Lıçakovski məhkəməsi onu qiyabi olaraq 14 il müddətinə azadlıqdan məhrum edib. Rusiyanın maliyyələşdirdiyi və birbaşa nəzarət etdiyi Ukraynadakı “Müxalifət Platforması - Həyat Naminə” partiyasından deputat olan Kiva dövlətə xəyanətdə, millətlərarası nifrətin qızışdırılmasında, hakimiyyəti zorla ələ keçirməyə və təcavüzkar müharibəyə çağırışlarda, kommunist totalitar rejimin simvollarından ictimai istifadədə ittiham olunub.
Son prezident seçkilərində də iştirak edən Kiva 2019-cu ilin yazında 0,03% səs toplayıb. Artıq 2019-cu ilin avqustunda digər vətən xaini elan olunan Viktor Medvedçukun partiyasının siyahısından parlamentə düşən Kiva ona ən yaxın şəxslərdən biri sayılırdı..
Qeyd edək ki, bundan əvvəl digər vətən xaini və sabiq deputat Oleq Tsaryova sui-qəsd edilmişdi. Krımda bıçaqlanan xain ağır yaralansa da, sağ qalıb...
C.Məmmədov
“AzPolitika.info”