Məşum tarix: 23 avqust – Bəzzin süqutundan Elçibəyin dəfninədək…

23-08-2016, 07:38           
Məşum tarix: 23 avqust – Bəzzin süqutundan Elçibəyin dəfninədək…
Bəlkə də təsadüfdür, amma bu təsadüflərin içində də bir bağlantı olmamış deyil. Cumhuriyyet.az tarixin bu gününə diqqət etdi, isti avqust ayının qan donduran hadisələrinə…
Bəzz qalasının süqutu
837-ci il avqustun 23-də (bəzi mənbələrdə 26-da) qəhrəman Bəzz qalası ərəblər tərəfindən işğal olundu. Babək Xürrəmdin dünyanın azman imperiyalarından biri ilə axıra kimi şərəflə döyüşdü. Bu, Türk yenilməzliyi, birsifətliyi idi. Təəssüf ki, bu tarixi demək olar, çox az soydaşımız xatırlayır. Aydınlarımız bu mövzuda danışmaq istəmirlər. Ancaq özgələrdən, özgələrin qəhrəmanlarından çox danışırıq, onları başımıza qaldırırıq. Tarix millət üçün şərəflə yaşananda tarix olur. Tariximizin şanlı səhifələrindən biri də Babək Xürrəmdinlə bağlıdır. Onun qəhrəmanlığı nəinki bir yüzilə sığmır, üstəlik bütün zamanları aşır.
Öz qılıncımızın öz başımızı kəsdiyi döyüş- Çaldıran
1514-cü il avqustun 23-də iki türk dövləti- Səfəvilər və Osmanlılar arasında Çaldıran düzündə (Maku şəhəri yaxınlığında) döyüş baş verdi. Çaldıran döyüşündə iki məğlubedilməz türk sərkərdəsi və dövlət xadimindən birinin digərinə yenilməsi günümüzdə baş verən faciələrimizin əsasını qoydu. Çaldıran Osmanlının əsaslarını laxlatdı. Türk Səfəvilər dövləti də bu döyüşdən sonra zəifləyərək bir neçə əsrdən sonra köklərindən uzaqlaşdı və fars dövlətinə çevrildi.
Pyotrun Dərbəndi ələ keçirməsi
1722-ci il avqustun 23-də I Pyotrun komandanlığı altındakı rus qoşunları Dərbəndi ələ keçiriblər, Azərbaycanın Xəzərsahili bölgələrinin işğalı başlanıb. Bir qədər sonra Bakını (1723) ələ keçirən rus qoşunları Lənkəran-Astara,
daha sonra isə Ənzəliyədək irəliləyiblər.
Bir gündə iki rayonun işğalı
1993-cü il avqustun 23-də Füzuli və Cəbrayıl rayonları Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olundu. Füzuli rayonunun ümumi sahəsi 1386 kv.km-dir. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınmış və məcburi köçkün ailələri müvəqqəti olaraq həmin qəsəbələrdə yerləşdirilib. Hazırda ərazidə 51 min məcburi köçkün məskunlaşıb. 105 min kv.km-ə yaxın ərazisi olan Cəbrayıl rayonu işğal olunarkən 250 nəfərə yaxın adam həlak olub, 91 nəfər itkin düşüb, 177 nəfər əlil olub.
20 əsrin son acısı
Yorulmadan demokratiya və milli bütövlüyümüz uğrunda mübarizə aparan dünya türklərinin lideri Əbülfəz Elçibəy 23 avqust 2000-ci ildə Bakıda Fəxri Xiyabanda torpağa tapşırıldı. Bakıda dəfni günü yüz minlərlə insanın onun tabutunu son mənzilinədək çiyinlərində aparması onun doğma xalqının ürəyində əbədi sevgi qazandığına
sübut oldu.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.