"Onları nə ayağından asan olub, nə də dərilərini soyan”

2-06-2015, 15:59           
"Onları nə ayağından asan olub, nə də dərilərini soyan”
“Hacı İbrahim Nehrəmliyə, Nizami Piriyevə, o cümlədən kreditə görə tutulan digər oliqarxlara həbsdə işgəncə verilməyib. Bunlar boş, mənasız məlumatlardır. Onları nə ayağından asan olub, nə də dərilərini soyan”

Bunu AzVision.az-a açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov deyib.

Oliqarxların həbsi ətrafında yaranan söz-söhbətə münasibət bildirən hüquq müdafiəçisi qeyd edib ki, bəzən mətbuat yalnış informasiya yayaraq cəmiyyəti çaşdırır: “Mən nə Hacı İbrahim Nehrəmlini, nə də ki Nizami Piriyevi tanıyıram. Hacı İbrahim Nehrəmlinin dediyi doğru deyil. Onun qolunu bağlayıb, qaranlıq otağa sala bilməzlər. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin bütün otaqlarını gəzmişəm. Orada qaranlıq otaq yoxdur. Düzdür, həmin idarədə bahalı çılçıraqlar və manikenlər də olmur. Ola bilsin ki, həmin kamera Hacı İbrahim Nehrəmlinin gözünə qaranlıq görünüb. Təəssüflər olsun ki, bəzi mətbuat orqanları Nehrəmlinin ayağından asıldığını, Nizami Piriyevin isə dərisinin soyulduğunu yazırdı. Bu məlumatların heç biri öz təsdiqini tapmadı. Hər ikisi açıqlama verib, həmin məlumatları yalanladılar”.

E. Behbudovun fikrincə, Azərbaycanın külli miqdarda pullarını göyə sovuranlar həbs olunmalıdırlar: “Həmin pullar hamının, mənim, sənin, bizim pullarımızdır. Bəzi oliqarxlar həmin pulları qanunsuz formada istifadə ediblər. Ona görə də bəziləri həbs ediliblər. Dövlətə borclarını ödəməyən oliqarxlar isə bu gün öz əmlaklarını, ofislərini, villalarını da satışa çıxarıblar”.

Qeyd edək ki, kredit borcuna görə tutulan iş adamları Hacı İbrahim Nehrəmli və Nizami Piriyevin həbsi zamanı onların Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldığı iddia edilirdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.