Azad edilən oliqarxların kredit borclarının cəmi 2 faizini qaytardığı bildirilir - Həbsdə daha neçə nəfərin qaldığı isə açıqlanmır

2-06-2015, 22:25           
Azad edilən oliqarxların kredit borclarının cəmi 2 faizini qaytardığı bildirilir - Həbsdə daha neçə nəfərin qaldığı isə açıqlanmır
Son ayların ən səs-küylü siyasi hadisələrindən biri ölkənin ən zəngin oliqarxlarının “maliyyə xəyanəti” ittihamı ilə həbs edilməsi oldu. Dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunanlardan bir qismi ilk istintaqdan sonra borcunu verib, sərbəst qalsalar da, bəziləri həbsdən yaxasını qurtara bilmədi. Maraqlısı isə odur ki, Beynəlxalq Bank qalmaqalı ilə bağlı həbs olunan oliqarxların sayı açıqlanmır.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Beynəlxalq Bankından milyardlarla manat vəsaitin kreditlər yolu ilə mənimsənilməsi işi üzrə apardığı kütləvi həbslər yarımməxfi şəraitdə həyata keçirilir. Qeyri-rəsmi məlumatlara görə, 70-ə yaxın nüfuzlu iş adamı həbs olunub. Onların əksəriyyətinin Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevlə əlaqələri olduğu da qeyd edilir.

İyunun 2-də isə 43 nəfərin həbsdən buraxıldığı açıqlanıb. APA-nın əldə etdiyi məlumata görə, Azərbaycan Beynəlxalq Bankından götürdükləri külli miqdarda kredit borcunu ödəmədikləri üçün saxlanılmış iş adamlarından 43 nəfəri sərbəst buraxılıb. Bildirilir ki, onlar vaxtı keçmiş kredit borclarını ödədikdən sonra sərbəst buraxılıblar. Borcların ödənilməsindən sonra iş adamlarından bəziləri barəsində seçilmiş həbs-qətimkan tədbiri məhkəmə qərarı ilə dəyişdirilib.

Məlumatda o da qeyd olunur ki, sərbəst buraxılmış iş adamlarının indiyə qədər ödədikləri vaxtı keçmiş kredit borcunun ümumi miqdarı 110 milyon manat təşkil edir. Məsələ ilə bağlı aidiyyatı qurumlar məlumat vermək istəmirlər. Daxili İşlər Nazirliyindən bildirilib ki, 43 nəfərin azadlığa buraxılması barədə məlumat onlarlıq deyil və nazirlik lazım bildikdə açıqlama yayacaq.

Ekspertlər isə qeyd edirlər ki, bu məsələ hələ də kifayət qədər müəmmalı qalır. Prosesin üzərində ciddi bir sirr pərdəsi var. O sirr pərdəsini media, ictimaiyyət heç cür aça bilməyib. Proseslər, hətta həbsdən buraxılmalar yarımməxfi şəkildə həyata keçirilib.

Media nəyisə araşdırıb, konkret nəticəyə vara bilmir. APA-nın son yayılan məlumatında deyilir ki, 43 nəfər bu olayla bağlı həbsdən buraxılıb. Onlar üst-üstə gecikdirilmiş kredit borcuna görə cəmi 110 milyon ödəyiblər. Lakin Beynəlxalq Bankdan götürülən kreditin məbləğinin 6-8 milyard manat olduğu deyilir.

Bəzi mənbələrdə isə bunun 10 milyarda qədər çatdığı vurğulanır. Ödənilən məbləğ bu pulun iki faizindən də azdır. Belə kiçik ödənişə görə oliqarxların həbsdən buraxılması da maraq doğurur.

Bəzi iddialara görə, onları borcu tam olaraq qaytarmaq şərti ilə azadlığa buraxıblar. Yəni həbsdəkilər ona görə buraxılıblar ki, nəzarətlərində olan daşınmaz əmlakı satıb, borclarını geri qaytarsınlar.

Həmçinin, o da bildirilir ki, bəzi iş adamlarının həbsdə qalması çöldəkilərin də önləm almalarına səbəb olub. Pul dövriyyəsi azalıb. Pulu olanlar onu dövr etdirməkdən çəkinir. Ona görə də bu tendensiyanı aradan qaldırmaq üçün həbsdə olan iş adamlarının buraxılması üçün qərar qəbul edilib.

Məqsəd vəziyyətin çöldə qalanlara mənfi təsir etməməsidir. Bu versiyalarla bağlı media sonadək araşdırma aparmaq imkanında deyil. Çünki faktlarla bağlı ictimaiyyətə heç bir məlumat verilmir. Jurnalistlərin sualları cavablandırılmır. Tutulan iş adamlarının vəkilləri, yaxınları, ailə üzvlərin mətbuata danışmaqda həvəsli deyillər. Ona görə də ictimaiyyətin media vasitəsi ilə prosesdən xəbər tutması xeyli çətindir.

Ekspertlər Beynəlxalq Bankla bağlı həbslərin davam edəcəyini də bildirirlər. Bildirilir ki, həbslər əsasən bankın keçmiş rəhbəri Cahangir Hacıyevə yaxın iş adamlarını əhatə edəcək. Elə həbs edilənlər də ona yaxın şəxslərdir. Onlar Beynəlxalq Bankdan kredit yolu götürdükləri milyardlarla manatı mənimsəməkdə ittiham olunur.

Məlumata görə, Cahangir Hacıyevin bankın rəhbərliyindən uzaqlaşdırılması da yaxın ətrafına milyardlarla manat kredit verməsi və həmin pulların isə qaytarılmaması ilə bağlıdır. Məlumat üçün deyək ki, Beynəlxalq Bank ən çox kredit verən bank kimi tanınır. Ölkə üzrə kredit portfelinin 60 faizi bu bankın payına düşür. Cahangir Hacıyevin özünün isə hazırda nəzarətdə, ev dustaqlığında olduğu bildirilir.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov AzVision.az-a açıqlamasında bildirib ki, Cahangir Hacıyevlə bağlı yayılan xəbərlərin əksəriyyəti yalandır: “Onu heç kim həbs etməyib, hazırda Azərbaycandadır”.

O, Cahangir Hacıyevin ölkədən qaçması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərək, bunun da cəfəngiyyat olduğunu deyib.

Qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə, ABB-nin keçmiş rəhbəri Cahangir Hacıyev oliqarxların həbsindən sonra ölkəni tərk edib. Hətta onun həbs ediləcəyi də mövcud iddialar sırasındadır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.