ABŞ-ın Bakıdakı enerji tədbirinə qarşı de-marşı
3-06-2015, 09:59
Vaşinqtonla rəsmi Bakının münasibətlərdə görünməmiş olay; Amerika prezidenti son illərdə ilk dəfə olaraq “Caspian Oil and Gas” sərgisinə təbrik məktubu göndərmədi; Xəzər regionunun əsas neft-qaz layihələrinə və enerji təhlükəsizliyinin təminatına həsr olunan ən yüksək səviyyəli tədbirə okeanın o tayından rəsmi nümayəndə də gəlmədi
Avropa Oyunları ərəfəsində Azərbaycanla ABŞ arasında münasibətlər yenidən gündəmin mövzularından birinə çevrilib. Ötən həftəsonu iqtidara yaxın saytların ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ilə Milli Şuranın sədri Cəmil Həsənlinin görüşü haqda yaydığı məlumatlar bu ölkənin diplomatik korpusunda narazılıqla qarşılanıb.
Həmin məlumatlarda bildirilirdi ki, görüşdə mayın 30-da Milli Şuranın mitinqi ilə yanaşı, C.Həsənliyə l Avropa Oyunları dövründə bu qurumun fəaliyyəti, keçirəcəyi tədbirlərə dair ciddi tapşırıqlar verilib. Milli Şuranın sədrinə qarşıdan gələn dövrdə rəhbərlik etdiyi qurumun fəaliyyətini xaricdə Azərbaycan hakimiyyətinə qarşı kampaniya təşkil etmiş mərkəzlərlə əlaqələndirmək göstərişi verilib. C.Həsənli ABŞ səfirliyinin əməkdaşlarına deyib ki, hakimiyyət mitinqlərin daha effektli təşkilini müxtəlif süni maneələr törətməklə əngəlləyir.
Milli Şuranın tədbirlərini lazımi səviyyədə təşkil etmək üçün ciddi maliyyə yardımına ehtiyac var. Saytlar onu da əlavə edib ki, uzun-uzadı müzakirələrdən sonra Milli Şuranın göstərilən istiqamətlər üzrə fəaliyyətinin təşkili ilə bağlı maliyyə vəsaitinin ayrılması da razılaşdırılıb.
Səfirlik bu xəbərlərdən sonra xüsusi açıqlama yayaraq Cəmil Həsənli ilə görüşə aydınlıq gətirməli oldu. Məlumatda qeyd olunurdu ki, bu görüşdən öncə ABŞ səfiri YAP-ın icra katibi Əli Əhmədov və həmçinin parlamentinin spikeri Oqtay Əsədovla görüşlər keçirərək onların fikirlərini dinləyib: “Bu kimi görüşlər səfir Sekutanın Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin təmsilçiləri ilə görüşmək və onların fikirləri ilə tanış olmaq arzusunun bir hissəsidir. ABŞ səfirliyi Azərbaycanda hər hansısa partiyanı nə təlimatlandırır, nə də partiyaları maliyyələşdirir”, - deyə məlumatda bildirilirdi.
Bu gərginlikdən cəmi iki gün sonra, konkret desək, iyunun 1-də ATƏT-in Azərbaycandakı nümayəndəsi Aleksis Şahtaxtinskinin fəaliyyət mandatının dayandırılması barədə ilk olaraq özünün “Twitter” hesabında xəbər yayan Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu dəfə Amerikanın ATƏT-dəki səfirinə qarşı sensasion ittiham irəli sürüb: “Məlumat aldım ki, ATƏT-in Azərbaycandakı nümayəndəsi Aleksis Şahtaxtinskinin fəaliyyət mandatı dayandırılıb. Diplomatik dairələrdə bunun əsas səbəbini ABŞ-ın ATƏT-dəki səfirinin mövqeyi ilə izah edirlər. ABŞ-ın ATƏT-dəki səfiri D. Bayer A. Şahtaxtinskiyə irad tutub ki, sən niyə ölkənin başçısı ilə şəkil çəkdirmisən? Belə çıxır ki, A. Şahtaxtinski səfir Bayerlə şəkil çəkdirsəydi, onun gələcək karyerası çox uğurlu olardı”. PA rəsmisi yazıb.
ABŞ-ın Avropadakı ən böyük bir qurumdakı səfirinə qarşı bu sensasion ittihamı isə, nə qədər qəribə səslənsə də, Azərbaycan XİN də təsdiqləmədi. Rəsmi məlumata görə, Aleksis Şahtaxtinskinin səlahiyyət müddəti, sadəcə, bitib... Prezidentin adı keçən bir xəbəri Novruz Məmmədov kimi məlumatlı məmurun “təsdiqlənməmiş mənbəyə istinadən” yayması, əlbəttə ki, real görünmür. Bu ittihamın həm də Xəzəryanı regionun energetika sektorunun ən böyük tədbiri sayılan 22-ci Azərbaycan Beynəlxalq “Xəzər Neft və Qaz 2015" (”Caspian Oil and Gas 2015") sərgisinin açılışı ərəfəsində verilməsi də təsadüfə oxşamır.
***
İyunun 2-də Bakı Ekspo Mərkəzində açılışı olan “Xəzər Neft və Qaz 2015" (”Caspian Oil and Gas 2015") sərgi və konfransı başlayıb. Tədbiri “İTE Group Pic” şirkətinin baş məsləhətçisi Ser Endryu Vud açıb.
Böyük Britaniyanın krallığının paytaxtı London şəhərinin Lord meri Alderman Alan Yarrou ölkəsinin baş naziri Devid Kemeronun salamlama məktubunu oxuyub. Eyni zamanda Polşa baş nazirinin müavini Yanuş Pexoçinski və İraqın neft naziri Adil Əbdülmehdi Hassan Şubber çıxış ediblər.
Tədbirin rəsmi açılış mərasimində prezident İlham Əliyev çıxış edib. İyunun 5-də başa çatacaq sərginin təşkilatçıları “Iteca Caspian” və “ITE Group” şirkətləridir. Regionda neft-qaz sənayesinin əsas hadisəsi olan və beynəlxalq müstəvidə tanınmış platforma sayılan “Caspian Oil and Gas 2015" sərgisi 20 ildən çoxdur ki, Xəzər regionunun əsas neft-qaz layihələrini və enerji təhlükəsizliyinin təminatını müzakirə etmək üçün ən yüksək səviyyəli rəhbərləri bir araya gətirir. Neft-qaz sərgisində 300-dən çox şirkət iştirak edir.
Amma budəfəki tədbirdə, nədənsə, Amerika rəsmi nümayəndələri gözə dəyməyib. Yüksək rütbəli ABŞ rəsmilərinin onların Bakıya səfəri haqda da heç bir məlumat yoxdur. O cümlədən məlum olub ki, bu tədbirə ABŞ prezidenti ənənəvi məktub belə göndərməyib. Hər halda açılış törənində belə bir məktub oxunmayıb. Məlumat üçün deyək ki, ötən il bu sərgi 3-6 iyun tarixlərində keçirilib. Rəsmi açılış mərasimində ABŞ prezidenti Barak Obamanın, Böyük Britaniya baş naziri Devid Kemeronun, Norveç krallığının baş naziri Erna Solberqin və energetika üzrə Avropa komissarı Günter Ottingerin adından təbrik məktubları oxunub. Açılış mərasimində “BP” şirkətinin baş direktoru Robert Dadli də çıxış edib. 2013-cü ildə “Xəzər Neft-Qaz” sərgisinin 20-ci ildönümündə də Obamanın təbrik məktubu haqda hətta prezident İlham Əliyev də çıxışında xatırladıb: “Əsas neft və qaz müqavilələrinin artıq imzalanmasına, xarici şirkətlərin Azərbaycanda uzun illər ərzində uğurla fəaliyyət göstərmələrinə baxmayaraq, sərginin əhəmiyyəti artmaqdadır. Və əlbəttə, ənənəvi olaraq Amerika Birləşmiş Ştatları Prezidentinin və Böyük Britaniyanın Baş nazirinin sərgiyə göndərdikləri təbrik məktubları sərginin nə qədər böyük əhəmiyyət kəsb etdiyini bir daha sübut edir”, deyə prezident bildirmişdi.
ABŞ-ın ölkəmizdəki səfirliyindən sualımıza konkret cavab ala bilmədik. Amma onu öyrəndik ki, iyunun 1-də ABŞ və İngiltərə səfirliyi sərgi ilə bağlı birgə ziyafət-qəbul təşkil edib.
Amerika ilə münasibətlərdə yaranmış soyuqluq dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandın bu ilin fevralında baş tutan Bakı səfəri də aradan qaldırmadı. Halbuki Nuladın səfəri zamanı vətəndaş cəmiyyəti və demokratikləşmə məsələləri üzrə Amerika-Azərbaycan xüsusi dialoq formatının yaradılması ilə bağlı ilkin razılıq əldə olunmuşdu.
Amma bu səfərdən sonra da Dövlət Departamentindən və Amerika mətbuatından gələn qınaqlara rəsmi Bakı daha sərt tonda cavab verdi. Bu yaxınlarda isə məlum oldu ki, ABŞ dövlət katibinin insan hüquqları üzrə köməkçisi Tom Malinovskinin mayın ortasında Bakıya nəzərdə tutulan səfəri də təxirə salınıb. Tom Malinovski vətəndaş cəmiyyəti və Qərb institutlarına təzyiqlərin davam etməsini müzakirə etmək üçün Bakıya gəlməyi planlaşdırmışdı.
Lakin son anda məlumat yayıldı ki, Azərbaycanın görüşdən imtina etməsi səbəbindən səfər ləğv edilib. Xəbəri agentliklərin birinə şərh edən amerikalı ekspert “səfərin ləğvi düzgün qərardır, çünki indiki durumda Bakı ilə dialoq mənasızdır”, deyə bildirmişdi.
Son günlər baş verən bu hadisələr də göstərir ki, ABŞ-la Azərbaycan arasında münasibətlərin gərginləşməsi haqda deyilənlər əsasız deyil.
“Yeni Müsavat”