Azərbaycanda provayderə hücum oldu – DDoS hücumu nədir?

Bu gün, 17:34           
Azərbaycanda provayderə hücum oldu –
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata görə, bu gün bəzi internet telekommunikasiya operator və provayderlərinin xidmətlərində müvəqqəti ləngimələr müşahidə olunub.

Bildirilib ki, ölkəyə internet trafiki təqdim edən əsas "backbone" operatorlardan biri olan "Delta Telekom"a qarşı genişmiqyaslı DDoS (Distributed Denial-of-Service – Dağıdılmış Xidmətin İnkaredilməsi) hücumu həyata keçirilib. Hücum nəticəsində şəbəkədə nasazlıqlar yaranıb və istifadəçilərin internetə çıxışında problemlər müşahidə olunub.

Hücumun təsirlərini minimuma endirmək üçün provayderlər dərhal alternativ "backbone" operatorlarının şəbəkəsinə yönləndirilib. Görülən operativ tədbirlər nəticəsində istifadəçilərin internetə çıxışı qısa müddətdə bərpa olunub. Hazırda "Delta Telekom"un xidmətləri tam şəkildə fəaliyyət göstərir.

Mütəxəssislərin izahına görə, DDoS hücumu bir internet xidmətini, şəbəkəni və ya serveri çoxsaylı saxta sorğularla yükləyərək sıradan çıxarmağa yönəlmiş kiberhücum növüdür.

Belə hücumlar zamanı eyni anda bir çox cihaz hədəfə trafik göndərir və nəticədə xidmət əlçatmaz olur.

Bu tip hücumlar əsasən "botnet" adlanan zombi cihazlar şəbəkəsi vasitəsilə həyata keçirilir. Hücum edən şəxslər fərdi kompüterləri, marşrutlayıcıları və ya digər ağıllı cihazları zərərli proqramlarla yoluxduraraq uzaqdan idarə olunan botnet yaradır. Daha sonra bu botnet vasitəsilə hədəfə böyük həcmdə trafik göndərilir və serverin və ya şəbəkənin resursları tükənir.

DDoS hücumlarının əsas növləri aşağıdakılardır:

Həcm əsaslı hücumlar – UDP və ICMP protokolları vasitəsilə göndərilən böyük həcmli trafik şəbəkə bağlantısını bloklayır;

Protokol hücumları – Şəbəkə protokollarının zəifliklərindən istifadə edilərək serverin resursları tükədilir (məsələn, SYN Flood hücumları);

Tətbiq səviyyəli hücumlar – Real istifadəçi davranışını təqlid edən bu hücumlar vebsaytlara davamlı sorğular göndərərək onların fəaliyyətini iflic edir.

Mayya Hüseynova












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru