Qərbi Azərbaycan Xronikası: Milli yaddaşımızdan erməni xisləti heç vaxt çıxmayacaq VİDEO
Dünən, 16:14

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.
"Kəndimiz üçün qərbisəyəndə, yadıma biçilmiş otun iyisi düşür" adlı veriliş Ağbaba mahalının Amasiya rayonunun Balıqlı kənd sakini Avtandil Məmmədovun həyat hekayəsinə həsr olunub.
"Qərbi Azərbaycan Xronikası" layihəsi çərçivəsində hazırlanan reportajda Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların acı həyat hekayələri işıqlandırılıb. Balıqlı kənd sakini A.Məmmədov öz xatirələri ilə deportasiya taleyini əks etdirən faktları bölüşüb.
1955-ci il təvəllüdlü A.Məmmədov, 33 yaşına qədər kənddə keçən uşaqlıq və gənclik illərindən danışıb. O, biçilmiş otun iyini, Çaldaşdan Arpa gölünə açılan mənzərəni, Novruz bayramı və toy mərasimlərinin təntənəsini unuda bilmədiyini bildirib. Sakin vurğulayıb ki, Ağbaba ərazisində heç vaxt erməni yaşamayıb, bu ərazilər sırf azərbaycanlıların yurdu olub. O, 1940-cı illərdə Xançallı kəndinin Balıqlıya köçürüldüyünü və o tayfalara aid qəbiristanlıqların 1988-ci ilə qədər qaldığını söyləyib.
A.Məmmədov ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri xatırlayaraq, 1918-ci ildə Şiştəpə kəndində uşaq, qoca və qadınların öldürülərək şişə taxıldığını qeyd edib. Həmçinin Axıskada türklərin və azərbaycanlıların vəhşiliklə qırılmasından danışıb.
Balıqlı kənd sakininin sözlərinə görə, 1988-ci ilin yayında kənddə hadisələr başlayıb, lakin əhalinin kütləvi köçü 7 dekabr zəlzələsindən sonra sürətlənib. A.Məmmədov bildirib ki, zəlzələnin yaratdığı çətinliklər səbəbindən insanlar Qaraxaç dağ yolu ilə Borçalıya getmək məcburiyyətində qalıblar. O, özü də 5 nəfərlik ailəsi ilə əvvəlcə Borçalıya gəldiyini, daha sonra isə Sumqayıtda məskunlaşdığını qeyd edib.
Vətən həsrətinin izah olunmayan bir duyğu olduğunu söyləyən A.Məmmədov, doğma kəndə qayıtmaq arzusunu dilə gətirib və "Biz doğma torpağımıza mütləq qayıdacağıq" deyə vurğulayıb.
Qeyd edək ki, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüzminlərlə azərbaycanlının yaşadığı çətinlikləri və doğma yurda qayıtmaq arzusunu əks etdirir.
Qərbi Azərbaycan Xronikası layihəsi tarixi torpaqlarımızın adının yaşadılması, azərbaycanlıların deportasiyaya məruz qalması faktlarının dünya ictimaiyyətinə çatdırılması məqsədi daşıyır. Layihə Prezident İlham Əliyevin fikirlərinə əsaslanaraq Qayıdış Konsepsiyasının təbliğini də özündə ehtiva edir.