“47 milyardlıq möcüzə” necə dəyər itirdi?
Dünən, 15:18

2010-cu ildə Adam Nyuman və Migel Makkelvi tərəfindən qurulan “WeWork” sürətlə dünyanın ən tanınmış startaplarından birinə çevrildi. Şirkət uzunmüddətli ofis sahələrini icarəyə götürür, onları yeniləyir və çevik iş yerləri kimi fərdlərə və şirkətlərə təqdim edirdi.
Valyuta.az xəbər verir ki, o dövrdə “co-working” mədəniyyəti yüksəlişdə idi və "WeWork" bu dəyişikliyi öz brend missiyasına çevirmişdi.
2014-cü ildə şirkət artıq 1 milyard dollardan çox dəyərləndirildi və “unicorn” statusu qazandı. Ən böyük dəstəyi isə yapon “SoftBank”dan aldı. 2019-cu ilə qədər "WeWork"un dəyəri 47 milyard dollara çatdı. Amma bu rəqəmlərin arxasında böyük xərclər, davamlı gəlir modeli çatışmazlığı və borc yükü gizlənirdi.
2019-cu ildə şirkətin İPO üçün təqdim etdiyi sənədlər gözləntiləri alt-üst etdi." WeWork"un maliyyə vəziyyəti, qeyri-şəffaf idarəetmə və Adam Nyumanın şəxsi qərarları kəskin tənqid olundu. Onun şirkətə aid qərarlarında maraq toqquşmaları, şəxsi mülklərini şirkətə icarəyə verməsi kimi hallar investorların etimadını sarsıtdı.
Eyni il Nyuman vəzifəsindən getməyə məcbur oldu, IPO isə ləğv edildi. Şirkət qısa müddətdə “47 milyardlıq möcüzə”dən dəyərini sürətlə itirən riskli bir biznes modelinə çevrildi.
COVID-19 pandemiyası "WeWork"un vəziyyətini daha da ağırlaşdırdı. Uzaqdan iş mədəniyyəti geniş yayıldı və ofis sahələrinə tələbat azaldı. Bu, şirkətin gəlirlərinə ciddi zərbə vurdu.
2023-cü ilin noyabrında" WeWork" ABŞ-da iflas yenidənqurma müraciəti etdi. Bir il sonra məhkəmə şirkətin borclarının 4 milyard dollardan çox hissəsini silməyə icazə verdi. Şirkət yüzlərlə ofis məkanını bağladı və daha kiçik miqyasda fəaliyyətini davam etdirmək qərarına gəldi.