NEMTSOVUN GİZLİ HESABLARI ORTAYA ÇIXIB – «Bu əməliyyatlardan müəyyən faiz qazanıb»
12-06-2015, 00:53
Qeyri-rəsmi məlumatlara görə, Boris Nemtsov Ukrayana SSRİ-dən qalmış silahların satışı əməliyyatlarında vasitəçi kimi çıxış edib və bundan milyonlar qazanıb. Mərhum müxalifətçinin bütün maliyyə işlərinin Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən yoxlandığı bildirilir. Bu mövzuya kp.ru saytı «Xaricdə Boris Nemtsovun gizli hesabları tapılıb» başlıqlı məqalə həsr edib (22.04.2015, müəllif – Anna Veliqjanina).
Məqalədə deyilir ki, Boris Nemtsovun işi üzrə yeni-yeni detallar ortaya çıxmaqdadır. İstintaq maksimum informasiya əldə etməyə çalışır. Belə informasiyalar cinayət hadisəsinin açılması məsələsində faydalı ola bilər. Adını açıqlamadığı və istintaqa yaxın mənbəyə istinad edən müəllif yazır ki, Rusiyanın maliyyə kəşfiyyatı Nemtsovun Kipr banklarında gizli hesabları olduğunu müəyyən edib. Məlumatlar var ki, Boris Yefimoviçin Amerika və Almaniya banklarında da hesabları olub. Amma bu məlumatlar hələ ki, yoxlanış mərhələsindədir. Nemtsovun işgüzar təmasları araşdırılır. Bu istiqamət üzrə mütəxəssislər mərhum siyasətçinin Vaşinqton və Düsseldorfdakı həmkarlarına «çıxa biliblər». Bəzi məlumatlara görə, Nemtsovun xarici hesablarında 10 milyon dollar ətrafında vəsaiti saxlana bilər.
Müəllif yazır ki, Nemtsov bu pulları Ukraynanın sabiq prezidenti Yuşenkonun müşaviri olarkən toplayıb. Məlumdur ki, 2005-ci ilin fevralından 2006-cı ilin oktyabrına qədərki dövrdə Nemtsov Ukrayna Prezidenti Viktor Yuşenkonun ştatdankənar müşaviri olub. İstintaq müəyyən edib ki, Yuşenko ölkəsinin Amerikadan aldığı maliyyə vəsaitini «idarə etməyi» Nemtsovun ixtiyarına verib.
Bu barədə mənbə qeyd edib ki, Yuşenkonun özü ABŞ-ın vəzifəyə gətirdiyi adam olub. ABŞ-dan Ukraynaya axan maliyyənin hərəkəti ilə də Nemtsov məşğul olub.
Bəs, nə üçün Yuşenko bu işi öz ətrafındakı yaxınlarından birinə tapşırmayıb? – sualına isə mənbə belə cavab verib: “Mümkündür ki, Prezident yaxın ətrafındakı insanların «ağzıboşluğu»ndan ehtiyatlanıb.”
Nemtsov bu maliyyə axınlarını şəxsən özü yox, ukraynalı qadın köməkçisi vasitəsilə «müşaiyət» edib. Şaiyələr gəzir ki, Nemtsov bu qadınla təkcə əməkdaşlıq etməyib, həm də onların arasında «məhəbbət romanı» olub. İstintaqın versiyasına görə, həmin pulların bir hissəsi əməliyyatlar zamanı Nemtsovun hesablarına «otura bilərmiş».
Yuşenko ilə işlədiyi dövrdə Nemtsov təkcə okeanın o tayından «axan» maliyyənin bölüşdürülməsi işində iştirak etməklə kifayətlənməyib. Mənbənin məlumatına görə, o, silah alverinə də qarışıb. Sirr deyil ki, SRRİ-nin dağılmasından sonra Ukraynaya nəhəng hərbi arsenal «miras» qalıb. Bəzi ekspertlər «miras»ın dəyərini təxminən, 90-100 milyard dollar civarında qiymətləndirirlər. «Miras» siyahısına zirehli maşınlar, tanklar, döyüş və nəqliyyat təyyarələri, o cümlədən, strateji bombardmançılar Tu-160 və Tu-95MS, qitələrarası ballistik raketlər daxil olub. Bu sərvətin bir hissəsi «kənara sapdırılıb» və dünyanın qızğın münaqişə bölgələrinə yol tapıb. Yerdə qalanlar dövlət büdcəsindən «kənara üzməsin» deyə, ölkədə yeni rəsmi qurum yaradılıb – «Ukrspetseksport». Bu qurum silah və hərbi texnikanın digər ölkələrə – Gürcüstana, Türkmənistana, Çada, Keniyaya, Tailanda, Pakistana… satışı ilə məşğul olub. Bəzi sövdələr gizli aparılıb. Məhz bu məqamda da inanılmış adamın köməyinə – əməliyyatlarda vasitəçilik etməsinə ehtiyac yaranıb. Məlumatlara görə, həmin vasitəçi məhz Nemtsov olub və bu əməliyyatlardan müəyyən faiz qazanıb.
Məqaldədə deyilir ki, Kiyevdə öz işlərini aparmaqda Nemtsova ukraynalı qadın dostundan başqa, daha bir qadın da kömək edib – onun biznes həmkarı Yelena. İ. Nemtsovun verdiyi vəkalət əsasında məhz Yelena, onun üçün Kipr banklarında hesablar açıb. Bu qadın həmin hesablardan sərbəst pul çıxarmaq və öz mülahizəsi əsasında biznes işlərinə xərcləmək imkanına malik olub.
Yelenanı yaxından tanıyan tanışı onun barəsində müsbət fikirlər söyləyib: «Yelena – işgüzar, bacarıqlı qadındır. Həm də çox gözəldir – uzun qılçaları var, məhz Nemsovun zövqünə uyğun gözəl. Onlar uzun illər münasibətdə olublar və bir-birini unutmayıblar…».
Hər necədirsə, onları biznes-maraqlardan başqa daha nələrsə bir-birinə bağlayıb.
«Məhəbbət əhli» olan Nemtsovun ölümündən sonra çəkişmələr başlayıb. İki qadın – Anna Lesnikova və Yekaterina İfdoti arasında. Qadınlar öz uşaqlarının Nemtsovun övladı olduğunu rəsmi təsdiqləmək və onun kapitalına iddia irəli sürmək məqsədilə məhkəməyə müraciət ediblər. Amma proseslərin gedişi göstərir ki, qadınlar məhkəməsiz razılığa gələ biləcəklər.
AzPolitika.info