Rusiya Ukraynaya qarşı savaşı genişləndirir

14-06-2015, 17:46           
Rusiya Ukraynaya qarşı savaşı genişləndirir
ABŞ Kremlə “Ukraynanın məğlub olmasına imkan verməyəcəyik” mesajını göndərdi...

İyunun 13-dən 14-nə keçən gecə Rusiya Silahlı Qüvvələrinin bölmələri Ukrayna Ordusunun mövqelərini 109 dəfə atəşə tutub. Bu, atəşkəsin pozulması ilə bağlı son həftələrin rekordudur. Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, iyunun 14-də Luqansk vilayətinin Tryoxizbenka qəsəbəsində Rusiya silahlılarının atdıqları minomyot yaşayış massivinə düşüb. Vərəm dispanserinin binasını zədələyən atəş yanğına səbəb olub.

Rusiya tərəfdən döyüşən muzdlu dəstələr isə Luqanskın Novoaydarsk rayonunda yaşayış massivinə hücum edib. Gecə saatlarında baş verən hücum zamanı çox sayda dinc insanın xəsarət aldığı bildirilir. Əhalinin əksər hissəsi hələ də evlərinin zirzəmilərindən çıxa bilmir. Odlu silah atəşləri şəhərin yaşayış binalarına da ciddi ziyan vurub. Bir neçə binada yanğın başlayıb. Onlarla mənzilin yaşayış üçün yararsız hala düşməsi haqqında xəbərlər gəlir. Rusiya Silahlı Qüvvələrinin əsas hədəfi şəhərin inzibati binalarıdır. İyunun 13-dən başlayan atışmalarda heç bir inzibati binanı ələ keçirmək mümkün olmasa da bəziləri yandırılıb. Ukrayna Silahlı Qüvvələri bir neçə saat davam edən atışmada itki vermədən hücumu dəf edə bilib. 12 Ukrayna hərbçisi yaralanaraq yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Ukrayna Müdafiə Nazirliyindən verilən xəbərlərə görə, Rusiya silahlı Qüvvələri Ukrayna-Rusiya sərhədinə yeni canlı qüvvə və texnika yığmaqda davam edir. Ukrayna rəsmiləri bu durumu Rusiyanın əldə olunan beynəlxalq razılaşmaların şərtlərini kobud şəkildə pozması və işğalçılıq siyasətini davam etdirməsi kimi qiymətləndirir. Ukrayna Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, bölgədəki humanitar fəlakətin məsuliyyəti Kremlin üzərindədir.

Qərb dövlətləri Rusiyanın Ukraynaya təcavüzünün intensivləşməsindən narahatdır. Son günlər bir neçə Avropa lideri Minsk anlaşmasına əməl edilməməsini Kremlin beynəlxalq hüquq normalarına saymazyana münasibəti kimi dəyərləndirib. Yada salaq ki, bu il fevralın 12-də Ukrayna, Fransa, Almaniya, Rusiya rəhbərliyi Donbasda atəşkəl əldə edilməsi ilə bağlı razılaşma imzalayıb. Həmin sənədə görə, Rusiya və Ukrayna atəşkəsi qorumalı və bölgədən ağır texnikanı çıxarmalı idi. Sənədin imzalanmasından sonra Rusiya tərəf qısa müddət atəşkəsə əməl edib. Ancaq aprel ayından Luqansk, Donetsk və ətraf yaşayış məntəqələrinə hücumlar intensiv xarakter alıb.

May ayının sonlarından başlayaraq faktiki olaraq hərbi əməliyyatlar bərpa olunub. Atəşkəs cəbhə boyu dəfələrlə pozulur. Ukrayna Müdafiə Nazirliyi yeni ərazi itkiləri haqqında xəbər verməsə də , Rusiya qaynaqları yeni ərazilərin mərkəzi hakimiyyətə tabe olmayan qüvvələrin əlinə keçməsi haqqında xəbər yayır. Qərbi ən çox narahat edən məqam isə Rusiya silahlı qüvvələrinin əraziyə döyüş təcrübəsi olan çeçen muzdluları cəlb etməsi və son aylardakı hərbi əməliyyatlarda əsasən əhalinin sıx yaşadığı ərazilərin hədəfə alınmasıdır.

NATO-dakı qaynaqlar durumun kosmosdan davamlı nəzarət altında olduğunu yazır. Əldə edilən son bilgilərə görə, Rusiya Silahlı Qüvvələri ərazidəki strateji önəmli məntəqələri ələ keçirmək üçün həmin məntəqələrinə ətrafına canlı qüvvə və texnika yığır. Son iki gündə Donetsk hava limanının yaxınlığındakı Şirokino kəndində Rusiyanın canlı qüvvəsi iki dəfəyə yaxın artırılıb.

Onu da vurğulayaq ki, Donetsk hava limanı tamamilə dağılsa da tərəflər münaqişə başlayandan əraziyə nəzarət ediləmsi üçün dəfələrlə genişmiqyaslı hərbi əməliyyatlar keçirib. Hələlik hava limanı Ukrayna Silahlı Qüvvələrinin nəzarətindədir. Əgər Rusiya hava limanını ələ keçirə bilsə, o zaman uzun müddətdir işğal etməyə çalışdığı Mariupola hücum üçün geniş imkanlar qazanacaq.

Ukrayna Silahlı Qüvvələrinin ötən gecə keçirdiyi antiterror əməliyyatları nəticəsində hava limanına yaxın ərazidə 2 ədəd Qrad qurğusu, xeyli sayda minaatan ələ keçirilib.
Ukraynadakı durum ABŞ-ın Atlantik Şurasının Polşada düzənlədiyi toplantıda da müzakirə edilib. “Azadlıq” radiosu xəbər verir ki, iyunun 13-də keçirilən müzakirələrdə ABŞ-ın Ukraynada səfiri Cefri Payet deyib ki, Qərb və ABŞ Rusiyanın işğalçılıq siyasətində qorunmaq üçün Ukraynaya dəstəyini əsirgəməyəcək. Bunun üçün Ukraynada tələb olunan tək məsələ demokratik düzən qurulması, özəlliklə ölkədə korrupsiya ilə ciddi mübarizə aparılmasıdır: “Bunu Ukraynalılardan başqa heç kim edə bilməz”.

Böyükelçi Ukraynanın bu sahədə ciddi səylər göstərdiyini deyib: “Biz həm Ali Rada, həm də hökumət səviyyəsində demokratiyanın inkişafı üçün atılan addımları bəyənirik. İnanırıq ki, Ukrayna bu yöndə səylərini davam etdirəcək. Ciddi nəticələrin əldə edilməsi Ukrayna hakimiyyətinin iradəsindən və xalqın demokratiyaya dəstəyindən asılıdır. Biz Ukraynanın məğlub olmasına imkan verməyəcəyik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.