“AMAY ABDULLA”YA ŞOK TƏKLİF! – İŞ ADAMINA AZADLIQ VƏD OLUNUR, BİR ŞƏRTLƏ…

15-06-2015, 18:19           

“Bandotdel” Abdulla Abdullayevin ətrafından 43 nəfərin ölkədən çıxışına “STOP” qoyub!

Məlum olduğu kimi, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə “AMAY” Ticarət Mərkəzinin rəhbəri, iş adamı Abdulla Abdullayev və digərlərinin cinayət işi üzrə keçirilməli olan sonuncu məhkəmə prosesi baş tutmayıb. Təqsirləndirilən şəxsin məhkəmədə iştirakı təmin edilməyib və proses qeyri-müəyyən vaxtadək təxirə salınıb. Vəkil Osman Kazımov bildirib ki, təxirə salınmanın səbəbi məlum deyil.
Elə Bakı Ağır Cinayətlər Məhkəməsində də “AMAY Abdulla” kimi tanınan iş adamının məhkəməsinin baş tutmamasının səbəbi açıqlanmayıb. Ancaq məlumatlı mənbələrdən “AzPolitika.info”ya bununla bağlı maraqlı məlumatlar daxil olub.

3 milyon 397 min manatlıq ittiham 144 milyona çevrildi


Bu barədə məlumat verməzdən öncə xatırladaq ki, A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılaraq, Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Abdulla Abdullayev, Novruzov Elşən Firudin oğlu, Rzayev Heydər Nizami oğlu, Məmmədxanlı Mehman Əbülfəz oğlu, Qurbanov Vidadi Qəmbər oğlu və İlyasova Nadejda İvanovna təqsirləndirilən şəxs qismində işə cəlb edilib.
Abdulla Abdullayev Cinayət Məcəlləsinin dələduzluq, mənimsəmə və ya israf etmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və vəzifə səlahiyyətlərindən sui-istifadə əməlləri ilə təqsirləndirilir.
İstintaqın məlumatına görə, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib.
İstintaqın gəldiyi qənaətə görə, vəsait ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə, “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərclənib. Özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün ciddi əsaslar olduğundan A.Abdullayevə Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Digər təqsirləndirilənlərə də dələduzluq, mənimsəmə və ya israf etmə itihamları irəli sürülsə də, onlar zamindədirlər.



Məhkəmənin gedişində isə məlum olub ki, Abdulla Abdullayev və ətrafına qarşı irəli sürülən ittihamlar yalnız 3 milyon 397 min manat məbləğində kreditin mənimsənilməsi ilə bağlı deyil. İş adamına qarşı ümumilkdə 144 milyon mantat vəsaiti ələ keçirməklə bağlı ittiham irəli sürülüb. Bununla bağlı geniş məlumat verilməsə də, Abdullayevin vəkili Osman Kazımov ittihamın mahiyyətinin onlara aydın olmadığını deyib: “Yazıblar ki, “144 milyon vəsait “AMAY” Ticarət Mərkəzinin tikinti-təmirinə və İranda istintaqa məlum olmayan biznes fəaliyyətinə sərf olunaraq, leqallaşdırılıb”. Bu cür ittihamı irəli sürmək asandır, onu sübut eləmək lazımdır. 144 milyonu kimsə qapışdırıb, sadəcə, pulun sahibi qarşısında onu leqallaşdırmaq üçün Abdulla Abdullayevə bu ittiham verilib. O, müqavilələrin bağlanmasında tərəf kimi iştirak edibmi? Üzərinə öhdəlik götürübmü? İttihamdan bütün bunlar aydın deyil”.

“Amay Abdulla” 2 bankdan müxtəlif şəxslərin adına 80 milyona yaxın kredit götürüb



Nə rəsmi oranlar, nə də Abdulla Abdullayev hələlik bu 144 milyon manat kreditin hardan, necə və kimlər tərəfindən götürüldüyü, ödənilib-ödənilmədiyi barədə ictimaiyyətə anlaşılan bir açıqlama verməyiblər. Ancaq məhkəmənin gedişində Abdulla Abdullayev və şahidlərin dediklərindən, həmçinin araşdırımalarımızdan belə məlum olur ki, Abdulla Abdullayev bu 144 milyonu tabeliyində çalışan müxtəlif adamların adına çoxlu sayda (bəzi məlumatlara görə 34 ədəd-müəl.) şirkətlər və firmalar yaradaraq, bir neçə bankdan götürüb. Ağırlıqlı olaraq da, bu pullar “Texnikabank”dan (hazrkı “Texnikbank”dan –müəl.) və Beynəlxalq Bankdan götürülüb. Hər halda 80 milyona yaxın vəsaitin bu banklardan götürüldüyünü Abdulla Abdullayev və şahidlər məhkəmələrdəki açıqlamalarında təsdiqləyiblər.
Belə ki, Abdulla Abdullayev bank kreditlərilə bağlı ittihamdan danışarkən bildirib ki, “Texnikabank”dan 20 milyona yaxın kredit götürülüb, əvəzi isə girovla ödənilib. Sitat: “İttihamlara bu bankın (“Texnikabank”ın-müəl.) adının da daxil edilməsində məqsəd kredit götürülərkən girov qoyulmuş 43 min kvadrat metrlik obyekti mənimsəməkdir. Bu girov 20 milyona yaxın kreditə görə qoyulub. Hər kvadrat metr təxminən 500 manata düşür. Gözəl bilirlər ki, istənilən vaxt satılsa, 150 milyon pul eləyir. Ona görə də Korrupsiyaya Qarşı Mübarizə İdarəsilə birləşib bunları eləyirlər. “Texnikabank”la bağlı ittiham heç bir məntiqə, qanunvericiliyə sığmır”.
Məhkəmədə iştirak edən Beynəlxalq Bankın işçisi H.Qafarov isə ifadəsində bu bankdan “AMAY”-a 57 milyon 358 min manat kredit verildiyini açıqlayıb, Abdulla Abdullayev də bunu təsdiqləyib.

“Texnikabank”ın rəhbəri işləmiş Etibar Əliyevdən iş adamına iginc təklif

Qeyd edək ki, Abdulla Abdullayev müxtəlif şəxslərin adılna coxlu sayda – hardasa 40- a yaxin firma və şirkət yaratmasının səbəbinin də banklardan kredit almaq olduğunu təsdiqləyib. Hətta bunu ona “Texnikabank”a o zaman rəhbərlik edən Etibar Əliyevin təklif etdiyini bildirib.
Belə ki, məhkəmədə ifadə verən Abdulla Abdullayevin işçisi Nazim Fərəcov bildirib ki, adına iki şirkət təsis edilib və “Texnibank”dan 1 milyon 100 min manat manat kredit götürülüb. Abdulla Abdullayevin köməkçisi olmuş Əşrəf Seyidovunn adına yaradılmış iki şirkət vasitəsilə də “Texnikabank”dan milyonlarla kredit alınıb. Onlardan başqa da xeyli sayda işçisinin adına şirkətlər yaradılaraq “Texnikabank”dan kredit götürüb.
Eyni qayda ilə Əsgər Budaqovun, Əmirağa Əliyevin, Rəşad Süleymanovun və digərlərinin adına firmalar yaradılaraq Beynəlxalq Bankdan kredit alınıb. Məhkəmdəki ifadələrdən məlum olur ki, təkcə Əsgər Budaqovun adına yaradılan firmaya Beynəlxalq Bankdan 9 milyon manat məbləğində kredit verilib.
A. Abdullayevin köməkçisi götürülən kreditlərin “AMAY”ın tikintisinə sərf edildiyini deyib. A.Abdullayevin “Sən ki mənim köməkçim olmusan, hər şeyin şahidi olmusan, denən də təklif kimdən gəlib, o firmalar niyə yaradılıb” replikasından sonra iş adamının köməkçisi qeyd edib ki, “Texnikabank”ın rəhbəri Etibar Əliyev “AMAY”a gələrək ayrılmış krediti birdəfəyə verə bilməyəcəyini deyib: “Abdulla müəllim dedi ki, “AMAY” böyük şirkətdir, krediti “AMAY”ın adına verin. Etibar Əliyev isə bildirdi ki, bir şirkətə birdən-birə o qədər krediti verə bilməz. O, TƏKLİF ETDİ Kİ, 40 DƏNƏ AYRI FİRMA YARADILSIN və hissə-hissə həmin firmaların adına kredit veriləcək. Onun təklifi ilə digər firmalar yaradıldı, kredit götürülərək “AMAY”ın tikintisinə sərf edildi, banka olan borclar isə bağlandı”.

Banklardan götürülən kreditlər girovla ödənib – Beynəlxalq Bank bütövlükdə AMAY-a “əl qoyub”



Bununla belə həm Abdulla Abdullayev, həm də ətrafı iş adamının heç bir banka borcu olmadığını bəyan edir. Abdulla Abdullayev “Texnikabank”dan və Beynəlxalq Bankdan götürülən kreditin əvəzinin girovla ödənildiyini, digərlərinin isə qaytarıldığını iddia edir.
Belə ki, “Texnikabank”dan alınan 20 milyon kreditin əvəzi olaraq “AMAY”dan 43 min kvadrat metr həcmində obyektlər banka verilib. Bunu Abdullayev də təsdiqləyib.
Beynəlxalq Bankdan götürülən 57 milyon 358 min manat kreditin əvəzi olaraq isə “AMAY”- ın bütövlükdə Beynəlxalq Bankın girovluğuna keçdiyi bildirilir. Bu haqda tərəflər hər hansı açıqlama verməsə də, özəl mənbələr vasitəsilə əldə etdiyimiz məlumatlar və Abdullayevin ətrafının dedikləri bunu təsdiqləyir.
2tcMəsələn, Abdulla Abdullayevin Türkiyədə fəaliyyət göstərən iş ortağı Teymur Səlcuk mətbuata müsahibəsində Beynəlxalq Bankdan götürülən 57 milyona görə bütövlükdə AMAY-ın ələ keçirilməsinin ədalətsizlik olduğunu bəyan edib. Sitat: “AMAY-ın tikintisinə tutalım 500 milyon vəsait xərclənib, lakin Korrupsiya İdarəsi və Məhkəmə israrla onun üzərində dayanır ki, yox 50 milyon vəsait xərclənib. Abdulla Abdullayev də deyir ki, beynəlxalq bankların ekspertləri gəlib və AMAY-a 2 milyard dollar qiymət qoyub. AMAY-ın 250 min kv.m. sahəsi var. Necə ola bilər ki, bunun 57 milyon qiyməti olsun? Bunu sübut etmək bir dövlət üçün problem olmamalıdır. Dövlət tərəfsiz olaraq ekspertlər təyin etdirib, qoyulan sərmayəni dəyərləndirə bilər. Bu zaman ədalətin qorunması vacib amillərdən biridir. Şərəfli iş adamlarına ləkə atılması heç bir dövlətə baş ucalığı gətirmir”.
Qeyd edək ki, Beynəlxalq Bank bütövlükdə AMAY-a “əl qoyduğundan” “Texnikabank”dan götürülmüş kreditin müəyyən hissəsi qaytarılaraq, geri alınan obyektlər də onun nəzarətinə keçib. Bunu A.Abdullayevin məhkəmədəki fikirləri də təsdiqləyir: ““Texnikabank”dan azad olunan girovlar Beynəlxalq Banka keçib”.
Beləliklə, göründüyü kimi, A.Abdullayev banklardan müxtəlif şəxslərin adlarına 10 milyonlarla manat kredit götürüb. Ancaq bu pulların əvəzini qoyduğu girovlarla ödəyib.

Borclarını ödəyən Abdulla Abdullayevə həbs cəzası vermək üçün ciddi əsas yoxdur

Onun məhkəmədə dediklərindən belə məlum olur ki, istintaq materiallarında təyinatından yayındırılaq, mənimsənildiyi bildirilən 3 milyon 397 min manat da qaytarılıb: “Əvvəl dedilər ki, 3 milyon 400 min ödənilsin, məsələ bağlansın. Bu, HƏLL OLUNDU. Sonra daha iki maddə verdilər. Dedilər ki, 522 minlik mənimsəmə var, bunu da ödəyin, qurtarsın. Dedim, bunu əvvəl niyə demirdiniz? Mən pul ödədikcə, siz təzə-təzə maddələr çıxaracaqsız? Müstəntiq 10 aylıq istintaq müddətində cəmi 4 dəfə yanıma gəlib. Hər dəfə də yeni maddələr gətirib”.
Yəni qeyd olunanlar belə deməyə əsas verir ki, A.Abdullayevin müxtəlif şəxslərin adına banklardan götürdüyü kreditləri mənimsəyərək qaytarmadığına dair ittihamlar təsdiqini tapmır. İş adamı ya bu kreditləri bağlayıb, ya da əvəzini girovla ödəyib.
A.Abdullayevə qarşı əsas ittihamlardan biri də onun rəhbəri olduğu “Xudafərin” MMC vasitəsilə tikdirdiyi binanın yarımçıq qalması ilə bağlıdır. Belə ki, tikintisinə 2003-cü ildə başlanan təxminən 300 mənzillik binadan ev almaq istəyən vətəndaşlardan pul yığılsa da, tikinti başa çatdırılmayıb. A.Abdullayev gecikmənin səbəbinin 2005-ci ildə “AMAY”-ın yeni binasının tikintisi ilə bağlı olduğunu bildirib: “Sakinləri yığıb dedim ki, maliyyələşdirə bilmirəm. Çünki hələ tikintidən əvvəl demişdim ki, kimin nəyə gücü çatırsa, o qiymətə də verin, hamı ev sahibi olsun. O vaxt kvadratmetri 150 dollara ev heç yerdə yox idi. 57 min kv.m binanı istintaq 7 milyon 700 min manata qiymətləndirib. 150 dollara o vaxt heç “salaməleykum” eləmirdilər”.
Məhkəmənin gedişindən belə məlum olur ki, binadan mənzil almaq üçün vəsait ödəyənləri istintaq zərərçəkmiş kimi təqdim etsə də, onlar şikayətçi olmadıqlarını bəyan edirlər.

“Bandotdel” Abdullayevi başqa istiqamətdə istintaqa cəlb edib

Bütün bunlar hazırda məhkəmənin əlində A.Abdullayevə həbs cəzası vermək üçün ciddi bir əsasın olmadığını söyləməyə əsas verir. Vəkillər də A.Abdullayev heç bir borcunun qalmadığını, onun əmələrində cinayət tərkibinin olmadığını qəti şəkildə bəyan edirlər.Elə məhkəmənin qərarının gecikməsinin, prosesin təxirə salınmasının bir səbəbi də bununla bağlanılır.
Ancaq yeganə səbəb bu deyil. Mötəbər mənbələrdən “AzPolitika.info”ya daxil olan məlumatlara görə, hazırda A.Abdullayev bir başqa istiqamətdə istintaqa cəlb olunub. Həm də bu dəfə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (“Bandotdel”) tərəfindən!
Belə ki, Beynəlxalq Bankdan götürülən kreditlərlə bğlı cinayət işini araşdıran “Bandotdel”, A.Abdullayevi və ətrafını da bu prosesə cəlb edib. Məlumata görə, bu günlərdə “AMAY Abdulla”ya yaxın 43 nəfərin ölkədən çıxmasına qadağa qoyulub. Onlar növbə ilə “Bandotdel”ə cağırılaraq, ifadələri alınır.

İş adamından Cahangir Hacıyevin əleyhinə ifadə almağa çalışırlar



Məlumatın ən sensasiyalı məqamı isə bundan ibarətdir ki, yeni istintaqda A.Abdullayevdən Beynəlxalq Bankın İdarə Heyətini sabiq rəhbəri Cahangir Hacıyevin əleyhinə ifadə almağa çalışır. Daha dəqiqi, iş adamına Beynəlxalq Bankdan götürdüyü kreditlərə görə Cahangir Hacıyevə böyük miqdarda “şapka” ödəməsi haqda etirafedici ifadə verməsi təklif olunur. Hətta belə bir ifadənin veriləcəyi halda “AMAY Abdulla”ya azadlıq vədinin verildiyi də bildirilir.
Lakin baxmayaraq ki, A.Abdullayev Beynəlxalq Bankdan götürdüyü kreditlərə görə həqiqətən də bankın rəhbərliyinə samballı məbləğdə “şapka” ödəyib, bu barədə etirafedici ifadə verməkdən qətiyyətlə imtina edib. Qarşılığında AZADLIQ vədini alsa da.
Ancaq A.Abdullayevin Beynəlxalq Bankdan adlarına kredit aldığı şəxslərin də eyni mövqedən çıxış edəcəyini söyləmək çətindir. “A.Abdullayevi “yola gətirə” bilməsələr, onlardan Cahangir Hacıyevin əleyhinə ifadə alına bilər”- deyə mənbə bildirir.
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsin tərəfindən istintaqı aparılan bir şəxsin “Bandotdel”də yenidən istintaq olunması maraqlı və bir qədər də qəribə faktdır. Xüsusən də A.Abdullayevdən Cahangir Hacıyevin əleyhinə ifadə verməsinin istənilməsi düşündürücüdür. Bunun səbəbləri barədə müəyyən ehtimallarımız olsa da, geniş şərh vermək niyyətində deyilik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.