PKK-nın hədəfi Azərbaycandır
19-06-2015, 11:14
Dünyanın hər yerində gündə bir problem yaşadılır ki, İŞİD məsələsi arxa plana keçsin. Doğrudan da belədir, sanki «İslam Dövləti» islah edilib kimi rəy formalaşdırılır bəşəriyyətdə. Hansı ki, bu terrorçular hər ötən gün ərzində addım addım irəliləyirlər, sərhədlərini genişləndirirlər. Amma təkcə İŞİD yeni torpaqlar alırmı, əsla! Bu gün İŞİD təhlükəsinin əsdiyi yerlərdə Kürdüstan üçün günəş doğur…
Proseslər ilk gündən göstərirdi ki, İŞİD-i yaradıb islam coğrafiyasında qan tökən dövlətlərin sövdələşmələrində Kürdüstan təmsilçiləri də iştirak edib. Çünki «İslam Dövləti»nin elan olunduğu Mosul şəhəri Kürdüstan muxtariyyətinin sərhədlərinin ikiaddımlığında yerləşir. Amma İŞİD döyüşçüləri həmin sərhədə tərəf bircə güllə də atmayıblar indiyədək. Doğrudur, arada belə görüntü yaratdılar, amma ABŞ özünü onları havadan vurur kimi göstərdi. Bu da ssenarinin tərkib hissəsi idi: Birləşmiş Ştatlar hansısa formada yenidən bölgəyə gəlməliydi. İŞİD isə hücum səmtini cənub-şərqə və cənuba çevirdi, yəni əsasən türkmənlərin və ərəblərin yaşadıqları məntəqələri tutmağa başladı. Nəticəsi də budur ki, günümüzdə «İslam Dövləti»nin sərhədləri paytaxt Bağdadın yaxınlığından keçir. Üstəlik, Suriya torpaqları da İŞİD-in hücumlarından kənarda qalmadı, bu gün Suriyanın böyük hissəsi «İslam Dövləti»nin nəzarətindədir. Elə isə sual yaranır: necə ola bilər ki, topu-tüfəngi, cəbbəxanası, nizami ordusu - filanı olan qocaman İraq və Suriya dövlətləri İŞİD quldurlarının qarşısından qaçırlar, amma kürd azlığının silahlandırılmış adi könüllüləri onlara ağır zərbələr endir? Kobani döyüşlərini yada salaq: Yaxın Şərqdə üz tutduğu yeri almadan dayanmayan İŞİD qüvvələri bu şəhərə girə bilmədilər. Çünki Kürd silahlı dəstələri onları «ağır məğlubiyyətə uğradaraq geri atdılar». Kürd silahlı dəstələri dövlətlərin nizami ordusundan bu qədər daha artıq gücə sahibdirmi?
Qətiyyən belə deyil! Kürd silahlıları gücü elə İŞİD-in özündən alır desək yanılmarıq, necə ki, İŞİD də dəstəyi Amerikadan, Avropadan alır. Kobanidən sonra yeni plan işlənib ki, İŞİD indi də Suriyanın şimalındakı Azez şəhərini ələ keçirməyə çalışır. Burada yaşayanlar isə əsasən ərəblər və türkmənlərdir. Deməli, İŞİD hücum görüntüıü yaradacaq və yerli əhali qorxusundan ərazini tərk edərək Türkiyəyə və sair qaçacaq. Şəhər və ətrafı boşalacaq, bu zaman Kürdlərin Suriya qolu olan PYD «İŞİD-in məğlub edərək Azezə daxil olacaq. Bundan sonra isə şəhər təhlükəli ərazi hesab ediləcək və mülki əhalinin qayıdışı qeyri-müəyyən səbəblərdən təxirə salınacaq. Bu proses o vaxtadək davam edcək ki, şəhərə başqa yerlərdən kürd ailələr köçürülüb, məskunlaşdırılacaq. Yerlilər isə qaçqın kimi illərlə orda-burda həyat sürəcək və sonda ərəb məntəqələrində yerləşəcəklər. Onu da qeyd edək ki, hazırda Azez şəhəri Üsyançı Suriya Ordusunun nəzarətindədir və onlar Əsəd rejimi ilə mübarizə aparmaqdadırlar. Əsədin düşmənlərini isə kürdlərin PYD-si oradan çıxara bilməz. Çünki bu halda Qərb tərəfindən dəstəklənən üsyançılar öz hamidarlarına şikayət edər və Qərb çıxılmaz vəziyyətə düşə bilər. Yəni söhbət İraqın və Suriyanın şimal torpaqlarında olmaqla müstəqil Kürdüstan dövlətinin yaradılmasından gedir. Özü də çoxlarının fərziyyəsinə qapılıdığı, qitənin içində, açıq dənizə çıxışı olmayan dövlət kimi yox, birbaşa Aralıq dənizi sularına çıxan böyük kürd dövləti təsis ediləcək. Elə üzü qərb istiqamətində – Suriyanın Kobani və Azez kimi şəhərlərinin kürdləşdirilməsi də bu planın tərkib hissəsidir.
Kürdlərin İŞİD-lə əlbir olması faktına daha bir sübut da səsləndirək. Təl Abyad şəhəri necə oldu ki, kürdlərin nəzarətinə keçdi? Əhalisinin 80 faizdən çoxu ərəb və türkmən olan şəhər əvvəl İŞİD-in nəzarətində idi. Amma PYD bircə güllə atmadan oranı ala bildi. Tel Abyad PYD-yə ona görə lazım idi ki, bu şəhəri tutandan sonra kürdlər tarixən Rojova adlandırılan şimali Suriyada öz muxtariyyətlərini asanlıqla qura bilsinlər. Çünki bu şəhərə nəzarət Cizirə və Kobani kantonlarını birləşdirib. Onu da qeyd edək ki, PYD Tel Abyadı İŞİD-dən təhvil alandan sonra ora Şimali İraqdan 2,7 min kürd ailəsi (təxminən 17 min nəfər) köçürüb. Plana əsasən, Türkiyədə məskunlaşan təxminən 20 min kürdü həmin şəhərə köçürmək nəzərdə tutulub. Eləcə də Tel Abyad ətrafında boş qalmış 28 türkmən kəndinə də kürdlər yerləşdirilir.
Başqa bir fakt da var. Suriya kürdlərinin təmsilçisi olan PYD həm də Bəşər Əsədlə müttəfiqdir. Çünki Azad Suriya Ordusu adlanan müxalifət Əsədin devrilməsini və bütün ölkədə öz hakimiyyətlərini təmin etmək istəyir. Amma Əsəd ölkənin şimalında kürd muxtariyyətini yaratmaqla məhz PYD-nin əli ilə müxalifəti zərərsizləşdirməyə çalışır. Müqabilində isə Suriyanın qalan ərazisində öz hakimiyyətini qoruyub, saxlayacaq.
Əvvəldən də deyildiyi kimi, lap çoxdan Yaxın Şərq xəritəsinin dəyişdirilməsi planı qüvvədədir və həmin ssenariyə əsasən müstəqil Kürdüstanın yaradılması qaçılmazdır. Bunu Türkiyə də bilir, İran da, bu gün torpaqlarında de-fakto Kürdüstan dövləti fəaliyyət göstərən İraq və Suriya da. «İslam Dövləti» tamaşası da məhz bu ssenarinin bir hissəsidir. Prosesi isə başda ABŞ olmaqla Qərb bloku dəstəkləyir. Türkiyə isə müstəqil Kürdüstanın yaradılmasının əleyhinə olduğu üçün, qarşısını ala bilməsə də, prosesləri kənardan seyr etməklə kifayətlənir. Fikir verin: ABŞ təyyarələri guya İŞİD-in mövqeyini bombalayır, qəribədir ki, terrorçular iki bomba partlayan kimi mövqelərini qoyub qaçırlar. Bölgəyə isə Kürdüstan peşmərgələri daxil olur və öz bayraqlarını sancırlar. Amma şəhər və ya kənd azad olunsa da, oradan qovulan yerli əhali geri qayıtmır və ya qayıtmasına imkan verilmir.
Mən öz təcrübəmdən deyim ki, doğrudan da vəziyyət deyilən kimidir. Mən İŞİD-dən alınmış Hurmatu istiqamətində yerləşən Məktəbxalid kəndinə baş çəkdim. Məntəqədə nəinki ev, adicə it damı belə qalmamışdı – hamısı dağılmışdı. Peşmərgənin komandiri dedi ki, Amerika bombalayıb, tikililərin hamısı dağılıb. Amma orada komandirin nəzarətindən yayınmağa fürsət tapan könüllülərdən biri mənə pıçıldadı ki, Amerika kəndə bomba atıb, amma binaların hamısı bu səbəbdən dağılmayıb. Səbəbi sordum, dedi ki, kürd döyüşçülər kəndə girəndən sonra nə qədər salamat bina vardısa hamısını uçurdu ki, ərəblər evlərinə qayıtmasın. Çünki müəyyən vaxtdan sonra kürd şirkətləri kəndi xüsusi layihə əsasında bərpa edəcəklər və bura kürdlər yerləşdiriləcək.
Yeri gəlmişkən, iri yaşayış məntəqəsi olan Məktəbxaliddə ərəblər yaşayırmış. Amma onların geri dönüşünə icazə verilmirdi. Səbəb də gətirirdilər ki, guya təhlükəsizlik məqsədilə belə edirlər.
Bu günlərdə «Star»a danışan SETA-nın İstanbul şöbəsinin koordinatoru Fəhrəddin Altun da deyib ki, 7 iyun seçkilərinin nəticəsinə təsir edən, eləcə də Türkiyə, Suriya və Iraqı əhatə edən Pankürdizm planı eyni mərkəzdən ssenariləşdirib. Altuna görə, Kürdüstan rəhbəri Məsud Bərzaninin "iki il ərzində müstəqilliyimizi elan edəcəyik" şəklində verdiyi açıqlama da bunun isbatıdır. Müşahidəçi deyir ki, hazırda Kürdüstan muxtariyyətinin rəhbərliyi ilə rəsmi Bağdad arasında məhz bu istiqamətdə danışıqlar gedir ki, sabah Ərbil müstəqilliyini elan edəndə qan tökməyə ehtiyac qalmasın.
Yeri gəlmişkən, Ərbildən Kürdüstan muxtariyyətin hökumətinin sözçüsü Safin Dizayi də mətbuata açıqlamasında deyib ki, müstəqil Kürdüstan planı sirr deyil və neçə ildir dilə gətirilir: «Kürdüstanın müstəqil olması bir faktdır və kimsə qarşısını ala bilməz. Çünki bu xalqın məsələsidir"…
Sonda bir məsələyə də toxunaq ki, kürdlərin Böyük Kürdüstan planında yalnız İraq və Suriya torpaqları hədəf götürülməyib. Məsələn, CNN-in yayımladığı xəritədə Türkiyənin cənub-şərq vilayətləri, İranın Kürdüstan ostanı da «Böyük Kürdüstanın» tərkib hissəsi kimi göstərilib. Azərbaycanın da bostanına daş atılıb:İranın timsalında Güney Azərbaycanın (Qərbi Azərbaycan ostanının) böyük bir hissəsi də kürdlərin yeni planına salınıb…