Qürbətin Lütfi Zadə kimi olmayan bakılı alimləri- ÜÇ DAHİ
16-08-2017, 00:19
Bir neçə gün bundan əvvəl dünya elminin ən böyük simalarından olan Lütfi Zadənin oğlu Norman Zadə atasının səhhətinin ağır olduğunu, dünyasını dəyişdikdən sonra Bakıda dəfn olunmasını vəsiyyət etdiyini bildirib. Təbii ki, biz dünya elminin yeni mərhələsini yaradan alimə Allahdan can sağlığı arzulayırıq. Yaşından asılı olmayaraq, kimin nə zaman bu dünyadan köçəcəyi bizim səlahiyyətimiz xaricindədir... Amma bir hüquqi sənəd kimi vəsiyyətin də öz hökmü var. Həmin vəsiyyətdəki Azərbaycan sevgisi də yəqin, hamıya agah oldu. Zadənin Azərbaycana bağlılığı haqqında bir çox suallara aydınlıq gətirdi. Əsl elm brendi olan Lütfi Zadənin Bakıda dəfni bu şəhəri dünya elminin mərkəzlərindən birinə çevirmək gücündədir.
Zadə Bakıda cəmi 12 il yaşadı. Amma şəhərimizdə daha çox yaşayıb, burada yetişib, Avropa və SSRİ-nin müxtəlif guşələrinə gedən alimlər az olmayıb. Amma onlar dünyalarını dəyişdiyi ərəfədə, yaxud, sağlam olduqları zamanda belə vəsiyyət edib Bakını, Azərbaycanı arzulamayıblar. Zadədən fərqli olaraq…
Moderator.az Bakıda böyüyüb xaricdə yaşayan və orada işləyən, sonda da orada dəfn olunan bir neçə böyük alimi təqdim edir. Aralarında Nobel mükafatçısı da var:
Lev Landau: Bu siyahıda əvvəlcə yeganə Nobel mükafatçısı olan bakılı Lev Landaunun adını çəkmək lazımdır. O, 1962-ci ildə fizika sahəsində Nobel mükafatına layiq görülüb. Maraqlı məqamlardan biri budur ki, həmin mükafat ona xəstəxanada təqdim edilib.
Landau avtomobil qəzası nəticəsində başından və döş qəfəsindən ölümcül xəsarət alıb. Dünyanın məşhur fiziklərinin səyləri, onların Avropadan, ABŞ-dan göndərdikləri dərman preparatlarının yardımı nəticəsində Lev Landaunu ölümdən xilas etmək mümkün olub.
1962-ci ilin noyabrında Landau ona Nobel mükafatı verilməsi barədə teleqram alıb. Nobel komitəsinin tarixində ilk dəfə olaraq xüsusi hal kimi məşhur fizik Lev Landaunun Stokholma gedə bilməməyi nəzərə alınır və İsveçin Moskvada olan səfiri Nobel mükafatını xəstəxanada ona təqdim edir. Lev Landau ömrümün iki ilini xəstəxanalarda keçirib, ancaq 1964-cü il yanvarın 25-də öz evinə qayıdıb.
Lev Landau 1908-ci il yanvarın 22-də Bakıda anadan olub. O zaman gələcək böyük alimin atası David Landau Balaxanı neft mədənlərində mühəndis, anası Lyuba isə mama-ginekoloq işləyirdi. 1913-cü ildə kiçik Levin təhsil alması üçün onun ailəsi indiki Nizami və Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən evə köçür. Lev Landau 1924-cü ilə qədər həmin evdə yaşayır (hazırda evin qarşısında Landaunun orada yaşadığını bildirən lövhə var).
8 yaşında Bakıda gimnaziyaya daxil olur, 12 yaşında əla qiymətlərlə oranı bitirir. Lakin yeniyetmə olması onun ali məktəbə gedən yolunu kəsir. 12 yaşlı yeniyetmənin ali məktəbdə oxumasına qarşı çıxırlar. Ailəsi məcbur olub onu Bakıdakı İqtisadiyyat Texnikumuna qoyur. Əvvəldən riyaziyyatdan xüsusi zövq alan Lev üçün iki illik texnikum təhsili göydəndüşmə olur. Dərindən sevdiyi riyaziyyatla daha əhatəli məşğul olmağa başlayır. 1922-ci ildə texnikumu bitirəndə Landaunun 14 yaşı var idi. Elə həmin il Azərbaycan Dövlət Universitetinə (indiki BDU) imtahan verərək, eyni vaxtda iki ixtisasa qəbul olunur: fizika-riyaziyyat və kimya.
Viktor Xain - 1914-cü il fevralın 13-də Bakı şəhərində anadan olub. Geotektonika və regional geologiya sahəsi üzrə mütəxəssisdir. 1935-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Dövlət Neft Akademiyası – red.) bitirdikdən sonra Azərbaycanın geologiya müəssisələrində çalışıb.
ADNA-nın və Moskva Universitetinin professoru, 1957-ci ildən SSRİ Elmlər Akademiyası Geokimya və Analitik Kimya İnstitutunda, 1972-ci ildən SSRİ EA Geologiya İnstitutunda baş elmi işçi olub.
Əsas elmi əsərləri regional geologiya (Qafqaz, Karpat dağları və s.), tektonika, neft geologiyası, geologiya elmləri sahəlinə aiddir. Onun tərəfindən tektonik hərəkətin və Yer qabığının əsas struktur elementlərinin təsnifatı təklif olunub və bir neçə geosinklinal proseslərin ümumi qanunauyğunluqları dəqiqləşdirilib. Viktor Xain uzun müddət Yer qabığının əsas inkişaf mərhələlərinin problemləri üzərində işləyib. Beynəlxalq tektonik xəritənin hazırlanması üzrə işlərin rəhbəri, beynəlxalq tektonik xəritələr üzrə komissiyanın sədr müavini olub.
2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçilib.
Bakıda anadan olub burada çalışan alim sonradan həyatını Moskva ilə bağlayıb. Viktor Xain 2009-cu ildə Moskvada vəfat edib və orada dəfn olunub.
Abbas Çayxorski – Abbas Çayxorskini təqdim etməyimiz təsadüfi deyil. O da vətənə sevgisinə görə, çox fərqlənən şəxslərdən olub. SSRİ-nin “atom”una nəzarət edən şəxs - SSRİ nüvə reaktorlarının qəbulu üzrə Dövlət Komissiyasının sədri (1969-1981), neptunium elementinin kimyası sahəsində dünya şöhrətli tədqiqatçı, kimya elmləri doktoru Abbas Çayxorski 1917-ci ildə indiki Basarkeçər qəzasının Çaxırlı kəndində anadan olub. 1908-ci ildən sonra ailə əvvəlcə Ağdama, oradan da Ağdaşa köçür. Gələcək alimin uşaqlıq və yeniyetməlik illəri Ağdaşda keçir, o, burada orta məktəbi bitirir, sonra Bakıda texnikuma daxil olur, ali təhsilini isə 1939-cu ildən başlayaraq Bakı Dövlət Universitetinin kimya fakültəsində alır.
Rusiya və Amerika kimi ölkələrdə yaşamasına baxmayaraq alim üçün Azərbaycan hər zaman ən böyük mənəvi zirvə olub. Oğlu Aleksandr da söhbətlərində bu amili hər zaman qeyd edib. Belə ki, ömrünün son illərində Abbas Çayxorski dəfələrlə Bakıya da gəlir, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri doktoru seçilir, məqalələri Akademiyanın mətbu orqanında dərc olunur. 2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti ona fəxri doktor adı verir.
Alim 2008-ci ildə ABŞ0da vəfat edir.
2009-cu ildə 28 illik fasilədən sonra Azərbaycana gələn Aleksandr Çayxorski özü ilə Bakıya həm də atasının külü olan urnanı gətirir. Həmin kül Bakıda köhnə qəbiristanların birində basdırılır.