Xaş süfrəsindən sonra Heydər Əliyevin qarşısında “bəhanələr” axtaran TƏKRARSIZ MÜSLÜM MAQOMAYEV
18-08-2017, 14:24
Müslüm Maqomayev - səsi ilə milyonların ürəyini fəth edən görkəmli opera və estrada müğənnisi. Milyonlarla insanın sevdiyi Adam. Təkcə səsi və ifaları ilə deyil, həm də yüksək mədəniyyəti, insani keyfiyyətləri, yaraşığı ilə sevilən böyük sənətkar. Dövrünün məşhurları olan İosif Kobzondan, Lev Leşenkodan fərqlənən, seçilən, xanımların, hətta o dövrün ən populyar məmurlarından biri olan SSRİ Mədəniyyət naziri Yekaterina Furtsevanın diqqətindən yayınmayan Müslüm...
teref.az Modern.az-a istinadla Müslüm Maqomayevin ömür yollarından bəhs edən yazını təqdim edir.
Səsi və ifaları kimi Müslüm Maqomayevin həyatı da zəngin və maraqlı keçib. Helsinkidə gənclər festivalından, Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərindən sonra 19 yaşlı Müslüm Maqomayev bu tədbirlərdəki uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb. Konsertlər, efir çıxışları, tədbirlərə dəvət üçün Müslüm Maqomayev heç kimin qapısını döyməyib. Mükəmməl ifası və insan kütlələrinin sevgisi onu bütün siyahılarda birinci edib. Dövlət tədbirlərində hətta birinci şəxslər onun iştirakının təmin olunmasını göstəriş veriblər. Və sözsüz ki, gözlənilməyən sürprizlər, maraqlı hadisələr onun da həyatından yan keçməyib.
İncəsənətə çox da meyl göstərməyən, daha dəqiq desək bəlkə də anlamayan Nikita Xruşov arabir gənc Müslümün ifalarını dinləyib. Məhz həmin dövrdə Müslüm Maqomayevin çox populyar olan Moskva haqqında “Dünyanın ən gözəl şəhəri” (Luçşiy qorod zemli) mahnısı bir ay ərzində “Yunost” radiosu ilə səsləndirilib. Və bu həm də o ərəfəyə təsadüf edib ki, Xruşov SSRİ-də tvist janrına qadağa qoyub. Sözügedən mahnı da məhz tvist stilində bəstələnib. Bu haqda Xruşova məlumat verəndə o, əlini stola çırparaq mahnının səsləndirilməsini qadağan edib:
Moskva haqqında tvist? Ola bilməz, qadağan edin...
Təbii ki, bu qadağa nə radio rəhbərliyinin, nə də Müslüm Maqomayevin xoşuna gəlməyib. Bu hadisədən cəmisi bir-iki ay ötdükdən sonra Xruşov Kremlin məşhur çevriliş planı nəticəsində devrilib. Elə səhərisi gün radionun müsiqi verlişləri redaksiyasının redaktoru efir rejissoruna göstəriş verib:
Maqomayev Xruşovu devirdi. Mahnını efirə buraxın...
Leonid İliç Brejnevin Müslüm Maqomayevə xüsusi simpatiyası olub, onu həvəslə dinləyib. Baş katib xüsusilə “Bella Çao” mahnısından sonra emosiyalarını gizlətməyi bacarmayıb, Müslüm Maqomayevi elə ürəklə aşqışlayıb ki, hətta ətrafında olanlar ona təəccüblə baxıblar.
Maraqlı məqamlardan biri də Brejnevin 1978-ci ildə Bakıya səfəri zamanı baş verib. Brejnevin Azərbaycana səfər tarixi müəyyənləşdikdən sonra Bakıda Baş katibin qarşılanması, görüşləri, iştirak edəcəyi tədbirlərlə bağlı ciddi hazırlıq işləri görülüb. Sözsüz ki, ali qonağın şərəfinə veriləcək ziyafətin və konsert proqramının üzərində də ciddi düşünülüb. Bu məqsədlə Müslüm Maqomayevə də təklif olunub ki, xüsusi bir mahnı hazırlasın. Nəzərə alınıb ki, Lüonid İliç Müslüm Maqomayevin ifalarından feyziyab olacaq. Baş katibin bu şakərinə görə Müslüm Maqomayevin çıxışı və xüsusilə də, yeni ifası vacib sayılıb.
Müslüm Maqomayev bu təklifi tərəddüdlə qəbul etsə də, Heydər Əliyevlə görüşündən sonra yeni mahnı üzərində işləməyi zəruri sayıb və bu haqda çox hörmətlə yanaşdığı, özünə doct saydığı bir insana, şair Robert Rojdestvenskiyə zəng vurub fikrini bildirib. O isə öz növbəsində təklifi qəbul edərək səhərisi günü təyyarə ilə Bakıya uçub. Bir neçə günlük gərgin yaradıcılıqdan sonra mahnı ərsəyə gəlib.
Mahnının ilk dinləyicisi Heydər Əliyev olub. Bütün sahələrin mükəmməl bilicisi olan Heydər Əliyev mətndə düzəlişlər edib və müəlliflərə dostcasına irad da tutub. Heydər Əliyev Müslüm Maqomayevə deyib ki, konsertdən sonra o, mahnının musiqisi və mətni yazılmış xüsusi hazırlanmış qovluğu Leonid İliçə xatirə kimi hədiyyə etməlidir.
Beləliklə, Brejnevin Azərbaycana səfəri başlanıb. Səmimi qarşılanma, yüksək qonaqpərvərlik, protokol qaydalarına uyğun tədbirlər, görüşlər hamısı plan üzrə yüksək səviyyədə baş tutub. Təntənəli konsertdə Müslüm Maqomayav yeni mahnını ifa edib.
Konsertdən sonra Brejnevin şərəfinə verilən ziyafətdə Müslüm Maqomayev Heydər Əliyevin dediyi kimi xüsusi hazırlanmış qovluğu xatirə hədiyyəsi kimi Leonid İliçə təqdim edib:
- Hörmətli Leonid İliç, mən bu musiqi əsərini sizə bütün Azərbaycan xalqı, Azərbaycanın incəsənət nümayəndələri və şəxsən öz adımdan təqdim edirəm.
Müslüm Maqomayev bu sözləri o qədər aşağı tonla deyib ki, Brejnev heç nə eşitməyib. Görkəmli ifaçı sonralar bunu özü də etiraf edib:
“Mən fikirlərimi çox yavaş ifadə edirdim. Demək olar ki, dodağımın altında mızıldanırdım. Hiss etdim ki, Brejnev heç nə eşitmədi və onu da hiss etdim ki, Brejnevin eşitmə qabiliyyəti çox zəifdir”.
Heç nə anlamayan Brejnev qovluğu götürüb stolun üzərinə qoyub. Elə düşünüb ki, Müslüm Maqomayev ondan avtoqraf istəyir. Qələmini çıxarıb qovluğa öz imzasını qoyub. Çaş-baş qalan Müslüm Maqomayev nə edəcəyini bilməyib və sakitcə Heydər Əliyevdən soruşub:
- Mən nə etməliyəm?
- Qovluğu götür, belə hadisə hər gün baş vermir, yadigar saxlayarsan.
Ziyafətin sonunda isə Heydər Əliyev həmin eyni qovluğun ikinci bir nüsxəsini xatirə olaraq özü Brejnevə təqdim edib. O, bu qovluqdan iki nüsxə hazırlatdırıb. Çünki Heydər Əliyev əvvəlcədən hər şeyi nəzərə almağı bacarıb.
Beləliklə, saysız-hesabsız insanlara avtoqraf verən Müslüm Maqomayev anlaşılmazlıq nəticəsində avtoqraf almağa məcbur olub. Özü də Leonid İliç Brejnevdən...
Moskvada mənzil problemi olduğu illərdə Müslüm Maqomayev uzun müddət paytaxtın”Rosiyya” mehmanxanasında yaşayıb. Bu Moskvanın ən bahalı mühmanxanalarından biri olub. Əmisi Camal Müslüm Maqomayeva Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin mehmanxanasında yaşamağı, orada yaşamağın bir az ucuz başa gələcəyinə görə yerini dəyişməyi məsləhət görüb. Bu yerdəyişmədən müğənni həmişə yayınmağa çalışıb və bunun səbəbini də öz xatirələrində açıqlayıb:
“Əmim Camalın bu məsləhəti ağlabatan idi. Amma mən orada tam nəzarətdə olacaqdım. Onsuz da haqqımda Heydər Əliyevə yetərincə məlumat verirdilər. Gecə əyləncələri, “qonaqlarım” haqqında, nə qədər içirəm, kimlərlə yoldaşlıq edirəm, bunlar haqqında Heydər Əliyev tam məlumatlı idi. Buna görə də hər görüşümüzdə mənə deyirdi:
Müslüm, sənə evlənmək lazımdır. Özünü “pis” aparırsan.
Nəhayət günlərin birində Heydər Əliyevə evlənəcəyimi söylədim. O, bu xəbərdən çox sevindi və təbrik etmək üçün məni Tamara ilə birlikdə qəbul edəcəyini söz verdi. Mən onda artıq daimi nümayəndəliyin mehmanxanasında yaşayırdım. Elə toyumuzu da burada qeyd edəcəkdik. Həmin gün Heydər Əliyev də Moskvada idi. Bir gündən sonra Bakıya qayıtmalı idi. Məclis hazır oldu, dostlar yığışdılar. Axşam düşdü, amma Heydər Əliyev bizi çağırmadı. Düşündüm ki, sabah qayıdacaq, vaxt qıtlığı olduğundan yəqin ki, imkan tapa bilmir. Elə bunu nəzərə alıb məclisimizi açıq elan etdik. Gecə saat 4-ə kimi təntənə davam etdi. Orkestrimizin adminstratoru Feliks səhər tezdən xaş gətirdi. Xaş süfrəsi açıldı özü də hər təmtərağı ilə. Saat 9-da qapı döyüldü. Əmim Camal dedi ki, hazırlaşın, Heydər Əliyev sizi gözləyir. Açığını deyim ki, belə “vəziyyətdə” Heydər Əliyevin yanına getməkdən imtina etmək istədim. Amma bu mümkün olan məsələ deyildi. Yuyundum, bir az qara çay çeynədim və görüşə yollandıq. Görüşümüz daimi nümayəndəliyin binasında olmalı idi. Tamara qəbul otağında gözlədi, mən içəri daxil oldum. Salamlaşdıqdan sonra Heydər Əliyev təəccüblə mənə baxaraq soruşdu:
- Üzünə nə olub?
Nəyə işarə etdiyini dərhal anladım, neçə bəhanənin içərisindən ağlıma birinci gələni dedim:
- Heydər Əliyeviş, həyat yoldaşımı xaşa öyrədirəm...
Gülümsədi, sonra Tamara da gəldi və o bizi təbrik etdi:
- Təbrik edirəm, əgər istəsəniz bu əlamətdar günü birlikdə qeyd edə bilərik, qatarda, mənimlə birlikdə Tulaya qədər gedərsiniz, oradan isə mənim sürücüm sizi geri Moskvaya qaytarar.
Belə bir təklifdən kim imtina edərdi? Qatarda gözəl süfrə aşıldı, qeyri-adi məclis qurduq, Heydər Əliyev xeyir-duamızı verdi...”
Müslüm Maqomayev populyar olmasına baxmayaraq, o heç zaman özü üçün heç kimdən nə isə xahiş etməyib. Amma ondan xahiş edənlərin bir çox problemlərini yoluna qoyub. Buna baxmayaraq ona qarşı, xüsusilə həmkarları tərəfindən böyük qısqanclıq olub. Onun SSRİ Xalq artisti adı alması üçün təqdimat Azərbaycandan göndərilib. Amma bir müddət bu təqdimat Müslüm Maqomayevin “xeyirxah” tanışlarının əli ilə Moskvada kənara qoyulub. Bu məsələdən xəbərdar olan Heydər Əliyev Brejnevlə görüşlərinin birində Müslüm hələ də xalq artisti deyil deyərək Baş katibi məsələdən agah edib. Səhərisi gün Müslüm Maqomayev layiq olduğu adı alıb.
Müslüm Maqomayev Fransa qastrolundan qayıtdıqdan sonra onu həmin ölkədə üçqat qonorar aldığına görə günhlandırıblar. Və bir müddət onun çıxışlarına qadağa qoyulub. Ancaq bu qadağanın da ömrü uzun olmayıb. “KQB”-nin peşə bayramında konsert proqramında çıxış edəcək incəsənət nümayəndələrinin siyahısını Andropova təqdim edəndə Müslüm Maqomayevin adını görməyən “KQB” şefi mədəniyyət naziri Furtsevaya zəng vurub:
- Yekaterina Alekseyevna, bizim tədbirimizə Müslüm Maqomayevi dəvət etməyi unutmusunuz?
- Yuri Vladimiroviç, o bizdə “qara” siyahıdan keçir.
- Sizdə haradan keçdiyini deyə bilmərəm, əsas odur ki, “KQB”-nin heç bir siyahısından keçmir.
Beləliklə, Müslüm Maqomayev mədəniyyət nazirinin xahişi ilə tədbirə qatılıb.
Müslüm Maqomayev ömrünün əsas hissəsini Moskvada yaşasa da o, Azərbaycanı bütün varlığı ilə sevib. Bəzən yeri gəldi-gəlmədi Müslüm Azərbaycan üçün nə edib? kimi yersiz suallar sosial şəbəkələrdə özünə yer tapır. Bu sualın cavabı çox sadədir. Müslüm Maqomayev dünyanın ən mötəbər konsert salonlarında dönə-dönə, təkrar-təkrar, dəfələrlə cəmisi 3 dəqiqə 30 saniyə ərzində ifa etdiyi “Azərbaycan” mahnısı ilə üs-üstə gəlsək milyonlarla insanı ayağa qaldırmağı bacarıb...