Rus televiziyonçusu AzTV sədrini necə təhqir edib?
31-07-2015, 01:46
“Azadlıq” qəzeti bugünkü sayında AzTV sədri A.Alışanovun əməlləri barədə maraqlı məqalə dərc edib. “Arif Alışanov hansı Vətənə xidmət edir?” adlı həmin məqaləni olduğu kimi təqdim edirik.
“Milli mətbuatın 140 illiyi ilə bağlı uğursuz yubiley tədbirləri, xüsusən əcaib təltif kampaniyası haqqında hələ çox danışılacaq. Bu yubiley gerçək medianın məhv edildiyini, heç bir meyarlara əsaslanmayan uğursuz təltif “tamaşası” isə məmləkətdə jurnalistikadan uzaq, hər addımda həqiqəti tapdalayan təbliğatçılar ordusunun yetişdiyini göstərdi. Bu proseslər həm də cəmiyyətdəki mənəvi problemin nə qədər dərinləşdiyini, əxlaqsızlığın, aşınmanın hansı həddə gəlib çatdığını nümayiş etdirdi.
Mənasız yubiley şoularının heç birində gözə dəyməyən, yeni mətbuat düşüncənin formalaşmasında böyük rol oynamış “Yeni nəsil” jurnalistlər birliyinin sədri Arif Əliyev demişkən, “bir vaxtlar sinəsinə döyən adamların indi sinələrinə orden-medal taxmaları” məsələnin bir tərəfidir. Amma başqa bir məsələ də açıq-aşkar nəzərə çarpır. Dünənə qədər sovet dövrünün ifadəsi ilə desək, “antipodlar”, əxlaqsızlar, oğrular, mənəviyyat alverçiləri, cəmiyyətin tör-töküntüləri üzə çıxmaqdan ehtiyat edər, utanıb-çəkinər, adam arasına çıxmaz, səslərini içlərinə çəkib oturardılar. Malisəf, indi onlar utanıb-qızarmadan, çəkinmədən ortalıqda meydan sulayır, hətta heç nə olmamaış kimi onu-bunu borclu da çıxarırlar. Ən pisi odur ki, belə davranışlar ən yüksək səviyyədə himayə olunur, müdafiə edilir, stimullaşdırılır və gələcək nəslə hansı yolla getməyin “vacibliyi” göstərirlir.
* * *
Şəri təmsil edənin, layiq olmayanın, bu cəmiyyətə xeyrindən çox ziyanı dəyən adamın irəli çəkilməsi də, bəd əməllərinə görə ona işıq yandırılması da, himayə olunması da həmişə pis nümunə yaradır, adamların həyata inamını sarsıdır. Ona görə də belələrinin fərqləndirilməsi həmişə etiraz doğurur. Bu gün hamının gözü qabağında himayə olunan belə marallardan biri, indiki hakimiyyətin eybəcər fiqurlarındansayılsa da bütün qapıları pulla açmağı bacaran, təkcə ana TV-mizin yox, elə cəmiyyətin də üz qarası sayılan AzTV-nin mühasib sədri Arif Alışanovdur.
Siz diqqət yetirin, uzun illərdir ki, adı maliyyə fırıldaqlarında hallanan, vaxtilə büdcə oğurluğuna görə haqqında iki dəfə cinayət işi açılmış bu adam mədəniyyətə dəxli olmaya-olmaya “əməkdar mədəniyyət işçısi”dir, yaradıcılığa dəxli olmadığı, bioqrafiyasını əməlli-başlı yaza bilmədiyi halda televiziya sədridir, veriliş hazırlamağın nə olduğunu dərk edə bilmədiyi halda yaradıcı ınsanalara rəhbərlik edir, parlamentdə ağzını açmadığı halda millət vəkilidir. Nəhayət, bütün davranışları ilə mədəniyyətə, televiziya sənətinə, ictimai əxlaqa, Vətən maraqlarına bu qədər ziyan vurduğu halda “Vətənə xidmət” ordeni ilə təltif edilir. Taleyin istehzası, bax budur!
Bu təltif A.Alışanovu tanıyanları ürəkdən nə qədər güldürsə də, onun əməllərindən zərər çəkənləri bir o qədər çox qəzəbləndirdi. Hətta, AzTV-nin həlim xarakteri ilə tanınan bir xanım əməkdaşı bu haqsızlığa dözməyib sosial şəbəkədə öz etiraz səsini ucaltdı. Amma kimdir bu etirazlara baxan?
* * *
Əlbəttə “vətənə xidmət” ciddi anlayışdır, onun arxasında mən həmişə dürüst, vicdanlı və namuslu insanları təsəvvür edirəm, malisəf Arif Alışanov bu kateqoriyadan olan adam deyil. Ömrü boyu AzTV-də alıb-aldatmaqla məşğul olub, dövlət büdcəsindən pul oğurmaq məharəti ilə məşhurlaşıb, camaatın yanında daim gözükölgəli gəzib, həmişə də adı mənfi planda hallanıb. Keçmiş sədr Nizami Xudiyevə xəyanət etməklə, ona tələ qurmaqla yuxarıdakı hamilərinin köməyi ilə hakimiyyətə gəlib. Sədr olandan sonra AzTV-ni yeddi arşın quyunun dibinə salıb, onun miqyasını balacaladıb, buranı özfəaliyyətə çevirib. Ən pisi odur ki, bütün peşəkar jurnalistləri müxtəlif bəhanələrlə işdən çıxarıb, ləkəli keçmişinin şahidi olanların hamısına əlvida deyib.
Qeyri-peşəkar göstərişləri, işi bilmədiyi üçün tez-tez gülməli vəziyyərtə düşən A.Alışanov yaradıcılıqdan və mənəviyyatdan uzaq adamdır. Onunku puldur, maliyyədir. Odur ki, barama qurdu kimi başını AzTV-nin ildən-ilə çoxalan büdcəsinin üzərinə qoyub xımır-xımır yeyir. Mən hələ gündəlik yığılan rüşvət pullarını, büdcədən və vergidən gizlədilən reklam və sponsor pullarını demirəm. Bunları mənimsəməkdə də o, çox məharətlidir.
Adını sədr qoyan A.Alışanov maliyyə mənimsəmək məsələlərində nə qədər mahir və pərgardırsa, ümumi dünyagörüş, bilik və savad məsələsində bir o qədər məhdud və dayazdır. Məsələn, məşhur “Gülüstan” sülh müqaviləsinin ildönümü ilə bağlı hazırlanmış verilişə baxdıqdan sonra “ali savadlı” sədrin “buradan Rusiya və İranın adını çıxarandan sonra proqramı efirə vermək olar” deməsi indi də AzTV-də gülməli bir lətifə kimi dolaşır. Elə bu səviyyəsizliyinə görə hələ iki il əvvəl Rusiyanın RTR kanalının rəhbəri Oleq Dobredeyevin cənab Alışanova ikrahla ünvanlanan “kakoy vı smeşnoy çelovek” atmacası hələ də çoxlarının yadından çıxmayıb. İndi siz deyin, bütün bunların Vətənə xidmətlə bir əlaqəsi varmı? Bütün bunlara görə adamı həbsxanaya atarlar, yoxsa orden verərlər?
AzTV sədri həm də tutduğu vəzifənin məntiqinə uyğun olmayan bir şəkildə siyasi cəhətdən korazehindir. Təxminən bir ay əvvəl ölkədə Avropa idman olimpiadasının keçirildiyi günlərdə bu “istedadını” ekranda da nümayiş etdirib. Nə baş versə yaxşıdır? Ordenli sədr iyunun 15-də saat 14.29-da “İdmanAzərbaycan” kanalında efirə gedən Avropa oyunlarının açılışına həsr olunmuş videomaterialın üstündə erməni separatçılarının oyuncaq “DQR” qurumunun himnini səsləndirib.
Nə qədər acınacaqlı olsa da erməni bəstəkarı Ara Gevorkyanın “Artsax” musiqisi ölkənin siyasi rəhbərliyinin də göründüyü kadrların üzərində iki dəqiqəyə yaxın səslənib.
Qəribədir ki, erməni himni Azərbaycan televiziyasına necə düşüb? Bundan qəribəsi də odur ki, belə korazehinliyə görə Alışanova “gözünün üstündə qaşın var” deyən olmayıb. Əvəzində isə ordenli sədrin hamiləri bu barədə dəqiq məlumat yazan sayta təpiniblər ki, həmin məlumatı çıxarsınlar. İndi siz özünüz deyin bu Arif Alışanov kimə və hansı Vətənə xidmət edir?”