Sürücülər parkomat olan ərazidə bu qaydada cərimə ediləcək - Bəd xəbər
1-11-2017, 03:30
Parklanma qaydasını pozanlara bildiriş bir saat əvvəl yox, bir saat sonra gələcək
Milli Məclis «Yol hərəkəti haqqında» qanuna və İnzibati Xətalar Məcəlləsinə parklanma ilə bağlı dəyişiklik edib. Dəyişikliklər hər iki qanunvericilik aktında eyni məsələ ilə bağlıdır. Məsələni Avtosfer.az-a şərh edən yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib ki, 2016-cı il dekabrın 16-da “Yol hərəkəti haqqında” Qanunun parklanma qaydalarını tənzimləyən 53-cü maddəsi redaktənə veriləndə orada göstərilmişdi ki, ümumi istifadədə olan küçələrdə açıq ödənişli parklanma yerlərində parkinq müddət maksimum 24 saatdır. Həmin maddənin 20-ci hissəsində qeyd olunmuşdu ki, sürücü öz avtomobilini parklanma yerinə qoyubsa, 23 saat tamam olanda həmin sürücüyə parklanma müddətinin birməsinə 1 saat qalmasıni bildirən SMS göndərilməlidir. Bu bildiriş onun üçün idi ki, əgər sürücü qeyd olunmuş müddətdə avtomobili götürməzsə o zaman İnzibati Xətalar Məcəlləsinin 346-1-ci maddəsinə əsasən 20 manat cərimə edilirdi. Bu məzmun həmçinin İXM-nin 127-2-ci maddəsində də var idi. Bu gün edilən dəyişiklik isə bunun üzərindən xətt çəkdi və tam əksinə bir müddəa qanuna daxil edildi. Dəyişikliyə görə, artıq sürücüyə əvvəlcədən heç bir xəbərdarlıq mesajı göndərilməyəcək və 24 saatın tamamında onun barəsində elektron qaydada protokol tərtib ediləcək. Həmçinin 20 manat cərimə olunmaqla avtomobil evakuasiya edilərək duracağa yerləşdiriləcək. Yalnız bundan 1 saat sonra sürücüyə avtomobilin aparıldığı yer və cəriməsi barədə məlumat SMS-i göndəriləcək. Burada artıq xəbərdarlıq yox, cərimə və cərimə meydançası barədə məlumat var. Mən buna çox təəssüf edirəm. Çünki əslində parklanma müddətinin 24 saatla məhdudlaşdırılmasının özü doğru yanaşma deyildi. Bu dəyişiklik sürücünün cərimələnməsinə və ona bu barədə məlumat verilməsinə yönəlib. İndi sürücüyə cərimə olunması barədə SMS göndərilməsinə də ehtiyac yox idi. Çünki qanuna görə, sürücünün tərətdiyi istənilən xəta barədə elektron protokol tərtib edilirsə ASAN ödəniş sistemi vasitəsilə SMS-lə məlumatlandırılmalıdır”.
Ərşad Hüseynov əlavə edib ki, hazırda nə Bakı şəhərində, nə də digər rayonlarda DYP-nin Mərkəzi İnformasiya Sisteminə inteqrasiya edilmiş parkomatlar yoxdur. Odur ki, sürücünün nə zaman pakt etdiyini və nə qədər dayandığını saatla, dəqiqə ilə müəyyən edib 24 saatın tamamında ona elektron protokol tərtib etmək mümkün deyil. Bunu həyata keçirə biləcək xüsusi avadanlıq da yoxdur. Lakin düşünürəm ki, ümumiyyətlə, bu dəyişikliyin özünə ehtiyac yox idi.