Azərbaycanın ermənilərə qan udduran “Mübariz dəstə”si-FOTOLAR
1-11-2017, 04:07
Daşnak polis zabiti formasında olan iki nəfər İrəvanın mərkəzindəki ikimərtəbəli evin qarşısında faytondan düşərək, giriş qapısı qarşısında keşik çəkən erməni əsgərlərinə yaxınlaşır. Əsgərlər zabitlərə təzim edərək onları dərhal içəri buraxırlar. İçəridəki növbətçiyə yanaşan polis zabitləri əllərindəki zərfi ona təqdim edirlər:
- Abbasqulu bəy Şadlinskini istintaqa aparmalıyıq. Bu da sənəd.
Növbətçi zabit sənədi alıb gözdən keçirir. Sonra onu qovluğa qoyub, Abbasqulu bəyin saxlandığı otağın qapısını açaraq bəyi polis zabitlərinə təhvil verir.
Polis zabitləri Abbasqulu bəyi binadan çıxarıb, faytona əyləşirlər. Fayton dəmiryol vağzalının qarşısında dayanır və əyinlərində daşnak polis forması olan iki nəfər Abbasqulu bəyi tələsmədən parovoza mindirirlər. Qatar dərhal Qəmərliyə doğru istiqamət alır. Bayaqdan bircə kəlmə kəsməyən polis zabitləri yol boyu susurlar. Vaqonun pəncərəsindən çölə baxan Abbasqulu bəy başa düşür ki, tanımadığı bu adamlar onu istintaq bəhanəsi ilə qaçırıblar.
Bütün bunlar ermənilərə qan uddurmuş, aldadılaraq həbs edilmiş Abbasqulu bəy Şadlinskinin düşmənlərimizə qarşı mübarizəsinin ikinci mərhələsinin başlanğıcı idi.
Azərbaycan xalqının qəhrəman və vətənpərvər oğlu Abbasqulu bəy Şadlinskinin həyatının ən maraqlı məqamlarını araşdırmaçı Əziz Ələkbərlinin dilindən təqdim edirik:
Vedibasarın 26 yaşlı su rəisi
1886-cı ilin 24 fevralında İrəvan quberniyasının İrəvan qəzasının Vedi nahiyəsinin Böyük Vedi kəndində doğulmuş Abbasqulu bəy uşaqlıqdan çevik, qoçaq, eyni zamanda ağıllı və diribaş idi. Səkkiz yaşı tamam olanda atası onu Böyük Vedidəki rus tatar məktəbinə qoyur. Həmyaşıdları arasında ağıllı davranışı, gözəl qavrama qabiliyyəti ilə seçilən Abbasqulu Böyük Vedi məktəbini yüksək göstəricilərlə bitirib təhsilini davam etdirmək üçün İrəvan gimnaziyasına yollanır. Buranı da bitirdikdən sonra Qori seminariyasına yola düşür. Lakin “Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilər Naxçıvanda və İrəvanda milli qırğınlar törətdikdə Abbasqulu bəy təhsilini yarımçıq qoyaraq geri qayıdır.
Əziz Ələkbərlinin sözlərinə görə, hələ 26 yaşında ikən Vedibasarın mirabı – su rəisi vəzifəsinə seçilən Abbasqulu bəy Şadlinski atasının torpaqlarının bir qismini kəndlilərə bağışlayaraq əkin sahələrində onlarla birlikdə işləməyə başlayır: “Bəy oğlunun kəndlilərlə birlikdə işləməsi digər bəylərin acığına gəlir. Lakin Şadlılar tayfasının nüfuzuna görə heç kim ona heç nə deyə bilmir”.
1917-ci ilin oktyabrında erməni silahlı dəstələrinin Tiflis, İrəvan quberniyalarında və digər ərazilərdə azərbaycanlılara hücumları başlayır: “İrəvan quberniyası, Vedi nahiyəsinin rəisi, 32 yaşlı Abbasqulu bəy sakinləri ermənilərdən qorumaq üçün silahlı dəstə yaratmağa başlayır. Həmin dəstə xalq arasında “Mübariz dəstə” adı ilə məşhurlaşır.
Bu dəstəni Abbasqulu bəy təkbaşına yaradır. Vedibasarda əli silah tutanların hamısı onun dəstəsində döyüşür. Fikir verin, 1918-ci ildə dağıdılan kəndlərin siyahısında Vedinin bircə kəndi belə, yoxdur. Çünki Abbasqulu bəy ermənilərin Vediyə girmələrinə icazə vermirdi”.
İlk Milli Hökumətin yaradıcısı
Müsahibim maraqlı fakta toxundu: “Əslində 1917-ci ilin dekabrında ilk Milli Hökuməti Abbasqulu bəy yaratmışdı. Türklər ona köməyə gələndə deyir ki, siz Naxçıvanı qoruyun, buranı özüm mühafizə edəcəm. O, “Mübariz dəstə”si ilə Vedini qoruyur. Onun xarici işlər bölməsi, məhkəməsi, həbsxanası, 11 nəfərdən rəhbər orqanı, ağsaqqallar şurası vardı. Hökumətin və qoşunun başında Abbasqulu bəy dayanırdı. Əhalini yumruq kimi elə birləşdirmişdi ki, bəyin bir sözünü kimsə iki edə bilməzdi.
Ermənilərə qarşı mübarizədə Abbasqulu bəy Kərbəlayı İsmayıla kömək edir, dəstəsini dağ kəndlərinə göndərirdi.
Məhz Abbasqulu bəyin qəhrəmanlıqları sayəsində erməni Dronun dəstəsi Zəngəzurdan, Mehridən qovuldu və İrana qaçdı. Bütün bunlar onun və dəstəsindəki mübarizlərin tarixi xidmətlərinin bəhrəsi idi. Yeri gəlmişkən, “Qarlı aşırım” romanında və “Axırıncı aşırım” filmində əks etdirilənlərdən fərqli olaraq Abbasqulu bəy heç də sovet hakimiyyəti uğrunda döyüşməyib. Onun ermənilərə qarşı davası milli dava idi”.
Keşişdağ, Şahablı və Qədirli faciələrinin intiqamçısı
Daşnakların Böyük Vedi kəndinə ilk hücumu 1918-ci ilin mayının sonlarında baş verir: “Ermənilər əsas qüvvələrini İrəvandan gətirib Qəmərliyə toplayırlar. Kəşfiyyat məlumatları əsasında güc toplayan Abbasqulu bəy döyüşə hazırlaşır. Səhərə yaxın Ağdağ tərəfdən kəndə top mərmiləri yağdırılır. Ermənilərin zirehli qatarları Qaralar, Şirazlı, Avşar və digər kəndlərimizi top atəşinə tutur. Lakin hər iki cəbhədə Abbasqulu bəyin “Mübariz dəstəsi” erməniləri darmadağın edir”.
Daşnak hökuməti erməni silahlı dəstələrinə qan uddurub onları geri oturdan Abbasqulu bəyə 1918-ci ilin 3 iyulunda ölüm hökmü kəsir: “1918-ci ilin yayında ermənilər Böyük Vedi üzərinə ikinci dəfə hücum edirlər. Daşnaklar Keşişdağda və digər ərazilərdə yüzlərlə dinc sakini – qadını, uşağı, qocanı güllələyir, qılıncdan keçirirlər. Bu vaxt Kərbəlayı İsmayıl və Abbasqulu bəy növbəti dəfə erməniləri geri oturdurlar. Düşmən yenə dinc dayanmır və Şahablı, Qədirli kəndlərinə soxularaq sakinləri qılıncdan keçirir. Lakin geri çəkilən düşmən qarşısında Abbasqulu bəyi görür. Döyüş başlayır. Abbasqulu bəyin dəstəsi bu dəfə də düşmənə qan uddurur. Ermənilər çoxlu sayda yaralı və meyiti, o cümlədən ermənilərin hərbi hissə komandiri Vahanın da nəşi meydanda qoyub geri çəkilir.
Ümumilikdə Abbasqulu bəy öz dəstəsi ilə 3 il ərzində - 1918-1921-ci illərdə ermənilərin bütün hücumlarının qarşısını aldı. Daşnaklar neçə dəfə İrəvandan Vediyə hücum etdilər. Lakin bəy erməniləri ağır məğlubiyyətə uğradıb geri oturtdu. Hətta bir dəfə ermənilərin zirehli qatarını ələ keçirib silahları müsadirə etdilər”.
Anar Tağıyev
Newscenter