Putinin kürsüsünə “qarmaq atan” qadın - Kseniya Sobçakı Azərbaycanla nə bağlayır...
1-11-2017, 19:17
Gələn il prezident seçkilərinin keçiriləcəyi Rusiyada artıq 3 qadın namizəd olacağını indidən bəyan edib. Prezidenti seçkilərində namizəd olacağını elan etməklə ölkə ictimaiyyətini təəccübləndirən teleaparıcı və jurnalsit Kseniya Sobçak seçkiqabağı kampaniyaya ciddi şəkildə hazırlaşır və bir çox media qurumlarına açıqlamalar verir.
Prezidentlik ambisiyalarının olmadığını və namizədliyini mövcud Putin hakimiyyətinə qarşı etiraz etmək üçün verdiyini bildirən Sobçak seçkilərdə qalib gəlmək üçün sıfırdan da az şansının olduğunu qabaqcadan etiraf edib.
Modern.az son vaxtlar haqqında çox danışılan Kseniya Sobçak barədə materialı təqdim edir.
Telejurnalist Kseniya Sobçakın adı Rusiya internet məkanında qalmaqal və epotajla assosiasiya olunur. Bu yaxınlarda 33 yaşını qeyd edən xanım bu reputasiyaya özünün çoxsaylı eşq macəraları, Rusiya şou-biznesi və siyasi elitası ilə yaşadığı skandallarla nail olub. Bununla belə, Sobçak media məkanının əsas personajlarından biri kimi müxtəlif sahələrdə - radio və televiziya aparıcısı, müğənni, siyasətçi, iş adamı və s. profillərdə özünü göstərə bilib.
Modern.az saytı Rusiyanın tanınmış telejurnalisti Kseniya Anatolyevna Sobçakın qalmaqallı həyat yoluna nəzər salır.
1981-ci il noyabrın 5-də Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsinin dosenti Anatoli Sobçakın və həmin universitetin Tarix fakültəsinin müəllimi Lyudmila Narusovanın ailəsində bir qız övladı dünyaya gəlir. Valideynləri ona Kseniya adı verirlər. 44 yaşlı Anatoli Sobçak üçün bu, sayca 2-ci nikah və 2-ci qız övladı idi. Hələ 1963-cü ildə Leninqrad Dövlət Universitetində təhsil alarkən Anatoli Sobçak tələbə yoldaşı Nonna Qandzyuk ilə ailə həyatlı qurmuşdu. 1965-ci ildə isə onların ailəsində Mariya adlı övladı doğulmuşdu. Lakin bir neçə ildən sonra intelligent ailədə problemlər başlayır və onlar ağrılı boşanma prosesindən keçməli olurlar. Boşanma prosedurunun davam etdiyi zaman isə 42 yaşlı dosent A.Sobçak 29 yaşlı Lyudmila Narusova ilə tanış olur və qısa müddətdə onunla ailə həyatı qurur.
Kseniya Sobçakın valideynləri ilə bağlı bir məqamı da qeyd etmək lazımdır ki, Sobçak soyadı onların ailəsinə polyak əsilli babalarından yadigar qalıb. Anatoli Sobçakın digər babası çex mənşəli idi. Nənələrindən isə biri ukraynalı, digəri rus mənşəli idi. Lyudmila Narusovaya gəlincə isə onun anası Bryansk ruslarından, atası isə yəhudi mənşəli Boris Narusoviç idi.
Anatoli Sobçak həyat yoldaşı Lyudmila və qızı Kseniya ilə birlikdə Leninqardda (indiki Sankt-Peterburq) yaşayanda nə vaxtsa yüksək dövlət postlarından birinu tutmaq arzusunda idi.
Tezliklə Sobçak ailəsinin gələcək taleyini dəyişən görüş baş verir. Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsində dərs deyən Anatoli Sobçak bu fakültədə təhsil alan gənc tələbə Vladimir Putinlə tanış olur. 1970-1975-ci illərdə universitetdə təhsil alan Putin müəllimlərindən biri olan Sobçakla möhkəm dost olur. Professor Sobçak gənc Putini özünün ən yaxşı tələbəsi hesab edirdi. Onların dostluğu Putinin DTK-ya daxil olmasından sonra da davam edib.
Mahiyyət etibarəilə islahatçı olan Anatoli Sobçak SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovun elan etdiyi “yenidənqurma” dövründə öz təklifləri ilə leninqradlıların rəğbətini qazanıb. O, həmin vaxt artıq Leninqrad Universitetində kafedra müdiri idi və tələbələrinin dəstəyi ilə 1989-cu ildə SSRİ Ali Sovetinə keçirilən seçkilərdə namizədliyini irəli sürmüşdü. Maraqlıdır ki, onun təbliğat-təşviqat kampaniyasının aparılmasında aktiv iştirak edən tələbələrdən biri Rusiyanın hazırki baş naziri Dmitri Medvedev olub.
Deputat mandatını qazandıqdan sonra isə Sobçak 1991-ci ildə Sankt-Peterburq meri seçkilərində iştirak edib. Bu zaman onun komandasına yeni sima qəbul olunur. 1990-cı ildə keçmiş DTK polkovnik-leytenantı və köhnə dostu Vladimir Putin Anatoli Sobçakın əsas etibar etdiyi şəxslərdən birinə çevrilir. Onların birlikdə səyi nəticəsində kommunist Yuri Sevenard seçkilərdə məğlub olur. Beləliklə, Sovet İttifaqının dağıldığı 1991-ci ildə Leninqrad şəhərinin ilk meri Anatoli Sobçak olur. O, 1996-cı ilə kimi bu vəzifəni icra edir. 5 illik mer dövründə Sobçak şəhərə tarixi Sankt-Peterburq adını qaytarır və bölgəyə xarici investortlar cəlb edir. Lakin korrupsiyada ittiham olunması, Rusiya prezidenti Boris Yeltsinin Moskva komandası ilə toqquşması A.Sobçaka bir çox qalmaqallar yaşadır.
Dövlət Dumasına və Sankt-Peterburq qubernatorluğuna keçirilən seçkilərdə məğlub olduqdan sonra Sobçak 1996-cı ildə siyasətdən kənarlaşır. Bu zaman artıq onun mer postunda 1-ci müavini olmuş Vladuimir Putin siyasi karyerasında yüksəliş yaşamağa başlayır. Daha sonra Moskvaya yerləşən Putin müəllimi və yaxın dostunu Rusiya hökumətində yüksək vəzifəyə təyin etməyi planlaşdırırdı.
Təsadüfi deyil ki, 2000-ci ilin martında Rusiya prezidentliyinə keçriilən seçkilərdə əsas namizəd olan V.Putin A.Sobçakı özünün etibarlı nümayəndəsi təyin etmişdi. 2000-ci il fevralın 9-dan 10-na keçən gecə Kalininqrad vilayətinin Svetloqorks şəhərində seçkiqabağı təbliğat kampaniyasında iştirak etmək üçün buraya gəlmiş 63 yaşlı Anatoli Sobçak gecələdiyi “Rus” mehmanxanasında dünyasını dəyişir. Rəsmi versiya onun “ürək çatışmazlığı” diaqnozundan vəfat etdiyini bildirsə də, siyasətçinin zəhərləndiyini iddia edənlər də az deyil.
Anatoli Sobçakın dəfn mərasimi bir çox şahidlərin sözünə görə, Vladimir Putinin insanlar qarşısında ilk dəfə ağladığı məqam kimi yadda qalıb. Çoxillik dostunu itirən Putin Sobçakla yeni hökumətdə birgə işləmək barədə qurduğu bütün planların üstündən xətt çəkməli olur. Həmin vaxt 19 yaşın içində olan Kseniyata atasının dəfn mərasimində Putinin kövrəlnməsini sonralar təsdiqləyib.
“Mən hələ heç kəsin yaxın insanının ölümünə bu cür pis olmasını görməmişdim”. Dəfndən sonra prezident Putin Sobçak ailəsini öz himayəsinə götürür.
Kseniya Sobçaka gəlincə, atasının vəfat etdiyi zaman o, artıq Sankt-Peterburq Dövlət Universitetinin Beynəlxalq əlaqələr fakültəsinin II kurs tələbəsi idi. Uşaq vaxtlarında Peterburqun məşhur Marin teatrında balet dərsləri və “Ermitaj” muzeyində rəssamlıqla məşğul olmuş Kseniya çox ambisiyalı qız kimi böyümüşdü. O, orta təhsilini Peterburqun ingilis dili təmayüllü 185 nömətli məktəbində almışdı. 1998-ci ildə isə atasının uzun illər dərs dediyi Sankt-Peterburq Universitetinin Beynəlxaql əlaqələr fakültəsinə daxil olmuşdu.
2000-ci ilin yayında atasının vəfat etməsindən 3 ay keçdikdən sonra Kseniya Rusiyanın ən nüfuzlu təhsil müəssisəsi olan Moskva Beynəlxalq Əlaqələr Universitetinin Politologiya fakültəsinə daxil olur. Peterburqdan Moskaya tələbə köçürməsi həmin vaxtlar üçün əlçatmaz görünsə də, Vladimir Putinin himayəsində olan xanım Sobçak üçün bu, problem olmur. 2004-cü ildə isə Kseniya Moskva Beynəlxalq Əlaqələr Universitetinin magistraturasını bitirir.
Putin hakimiyyəti bu xanıma yalnız təhsil qapılarını açmır. Tələbə vaxtlarından Kseniya Sobçak Rusiya telekanallarına da ayaq aça bilir. Ölkədə bütün iri media layihələri onun iştirakı olmadan baş tutmurdu. Rusiya teleməkanının Kseniya Sobçak tərəfindən fəth olunması 2004-cü il mayın 11-də TNT-də yayımlanan “Dom-2” realiti-shousu ilə başlayıb. 8 tənha oğlan və 8 tənha qızın sevgi münasibəti qurmaq üçün iştirak etdiyi layihə Kseniya Sobçakın aparıclığı ilə Rusiyada böyük populyarlıq qazanır. İştirakçılara “tikanlı” suallar verən və intriqalar yaradan teleaparıcı layihə iştirkaçıları ilə paralel özü də populyarlıq qazana bildi. O, 2012-ci ilin iyuluna kimi “Dom-2” layihəsinin aparıcılarından biri oldu.
Teleməkandakı ilk uğurunun ardınca Kseniya Sobçak digər federal telekanallarda da aparıcılıq etməyə başlayır və TNT-də “Kim milyonçu olmaq istəmir?”, Rusiyanın 1-ci kanalında “Sonuncu qəhrəman-6” verilişlərinin aparıcı olur. Lakin o, enerjisini yalnız televiziyaya vermirdi və “Serebrannıy dojd” radiosunda Sergey Kalvarski ilə birlikdə “Barbaka və boz canavar” verilişini də aparırdı.
Kseniya 2010-cu ilin aprelində “5-ci kanal”da “Fikir azadlığı” tok-şousunu, 2011-ci ilin avqustunda isə Ukraynanın STB telekanalında “Gəl, evlənək” layihəsinin aparıcısı olur.
Lakin 2011-ci ilin sonlarından Kseniya Sobçak Putin hakimiyyətinə qarşı müxalif mövqeyi ilə seçilməyə başlayır. Buna səbəb kimi Dmitri Medvedevin 4 illik prezidenlik müddətindən sonra (2008-2012) Vladimir Putinin 3-cü müddətə prezident olmaq niyyəti idi. Buna etiraz etdiyinə görə 2012-ci il oktyabrın 22-də Rusiya müxalifətinin koordinasiya şurasının 45 üzvündən biri də məhz Kseniya Sobçak seçilir. Beləcə o, müxalifətin təşkil etdiyi mitinqlərdə Putin hakimiyyətini “korrupsiyalaşmış oğrular klanı” adlandırmağa başlayır. 2012-ci il mayın 6-da Rusiya müxalifətinin Moskvada keçirdiyi mitinqdə xanım Sobçak həbs olunur. Bir gün sonra azadlığa çıxan telejurnalist yenə də siyasi fəaliyyətini davam etdirir. 2012-ci ilin 12 iyununda isə onun evində axtarış aparan polis Kseniya Sobçaka məxsus 1 milyon avro vəsaiti müsadirə edir. Sentyabra qədər davam edən qeyri-müəyyənlikdən sonra onun pul vəsaiti özünə qaytarılır.
Putin hakimiyyəti ilə ailəvi bağlılığının olması heç kəsə sirr olmayan və qalmaqallı hadisələrlə gündəmə gəlməsi müxalifətçilər arasında Sobçaka inamsız yanaşılmaya səbəb olur. Buna görə 2013-cü il oktyabrın 19-da teleaparıcı Rusiya müxalifətinin koordinasiya şurasını tərk edir.
Putin hakimiyyətinə müxalif olması Kseniyanın jurnalist kareyrasına da mənfi təsir göstərib.
2012-cil il iyulun 6-da o, TNT-də uzun illər çalışdığı “Dom-2” telelayihəsindən, həmin ayın 23-də isə MUZ TV telekanalında apardığı “Russayağı top-model” layihəsindən uzaqlaşdırılır. Aparıcının özü bunu Putin hakimiyyətinə qarşı müxalif mövqedən çıxış etməsi ilə əlaqələndirib.
Belə bir məqamda Rusiya müxalifətinin əsas simalarından olan milyarder və “Vətəndaş platforması” Partiyasının sədri Mixail Proxorov ona özünün təsis etdiyi “Snob” jurnalında baş redaktor postunu təklif edir. Bunun ardınca Kseniya Sobçak “Dojd” telekanalında “Sobçakla birbaşa” müəllif verilişinin aparıcı olur. O, proqram çərçivəsində bir çox ictimai-siyasi fuqurlarla, o cümlədən prezidentlərlə müsahibələr gerçəkləşdirib.
Müxalif fəaliyyətdən geri çəkildikdən sonra Kseniya yenidən federal telekanalların efirinə qayıda bilib. Hazırda o, modaya aid SNC jurnalının baş redaktorudur.
Jurnalist illik qazancı da kifayət qədər yüksəkdir. 2009-cu ildə onun 1,8 milyon, 2010-cu ildə isə 2,5 milyon dollar gəlir əldə etməsi məlumdur. Kseniya Sobçak pulu aparıcılqıdan, reklamdan və müxətlif oliqrax məclislərində aparıcılıq etməsindən qazandığı deyib. Bundan başqa, o, 2009-cu ildə 1 milyon dollara “Avroset” mobil operatorunun səhmlərinin 0,1%-ni satın alaraq ildə 2 milyon dollar qazandığını etiraf edib. Qalmaqallı jurnalist Moskavada “Bublik” kafesinin və “Tverbul” restoranının da ona məxsus olduğunu etiraf edib.
Şəxsi həyatına gəlincə, 2005-ci ilin yayında onun rus əlil amerikalı biznesmen Aleksandr Şusteroviçlə ailə həyatı quracağı barədə məlumat yayılmışdı. Lakin teleaparıcı toya bir neçə gün qalmış nişanı pozmuşdu.
2011-ci ilin noyabrında isə Kseniya Rusiya Dövlət Dumasının keçmiş deputatı, Moskva meriyasının Mədəniyyət Departamentinin müdiri Sergey Kapovla sevgili olduqlarını etiraf edib. Lakin onların 2 illik isti münasibətləri məntiqi sonuna çatmadan pozulub.
2012-ci ilin iyununda isə Kseniya Sobçakın Rusiya müxaliftəinin koordinasiya şurasının üzvü olan İlya Yaşinlə sevgili olduğu aydınlaşıb. Amma bu dəfə də müxalifət düşərgəsindən ayrılan teleaparıcı sevgilsi ilə də münasibətlərini kəsməli olub.
Nəhayət, 2013-cü il fevralın 1-də Rusiya mətbuatı Kseniya Sobçakın qəfil evlilik xəbəri ilə ayılır. Məlum olur ki, o, 41 yaşlı aktyor və rejissor Maksim Vitorqanla ailə həyatı qurub. 3-cü dəfə evlənən Vitorqanın öncəki 2 nikahdan 2 övladıının olduğu da məlumdur.
Yeri gəlmişkən, Maksimin atası, Rusiyanın xalq artisti (1998) Emmanuil Vitorqran 1939-cu il dekabrın 27-də Bakı şəhərində anadan olub.
2014-cü il dekabrın 18-də Vladimir Putin jurnalistlərin suallarını cavablandırdığı geniş mətbuat konfransında “Dojd” TV-ni təmsil edən Kseniya Sobçakın da 2 sualına cavab verməli olmuşdu. Maraqlıdır ki, Vladimir Putin Kseniya Sobçaka sual vermək fürsəti yaradan mətbuat katibi Dmitri Peskova “axı sən niyə ona söz verdin?” deyə yarızarafat-yarıciddi irad tutmuşdu.