Mədət Quliyevdən gizli tariximizlə bağlı jest – Daha bir fotonun tarixçəsi və ya 3 Müsavatçı qardaşın faciəvi sonluğu…
2-11-2017, 18:54
Sərxan Carçı
Gördüyünüz bu fotonu DTX-nın qalaq-qalaq qovluqları arasından (daha dəqiqi 20-30-cu illərdə gizli Müsavatın Qazax rayonunda bir qolu olan “Əzrayıl” firqəsinin cinayət işindən) əldə etmişəm. Fotodakı şəxs isə bir neçə il öncə arxivini əldə etdiyim, Müsavatçı olduğuna görə 37-ci ildə güllələnmiş babam Musa Carçıyevin kiçik qardaşı Carçı Carçıyevdir.
DTX arxivində bu araşdırmaların aparılmasına icazənin verilməsi ilə bağlı göstərişinə görə DTX sədri, general leytenant Mədət Quliyevə bir daha təşəkkür edirəm.
27 yaşlı Carçı Carçıyev barədə şahid ifadəsində deyilir: “Müsavatçıdır. Danışıq qabiliyyəti yaxşı olduğu üçün ona təşkilatın təbliğatçısı və yeni üzvlərin cəlb edilməsi vəzifəsi verilmişdi. Bütün bunları mənə məni Müsavatçı bildiyi üçün deyirdi”.
Hər iki qardaş 1931-ci ildə “Əzrayıl” firqəsinin üzvü olaraq, silahlı antisovet üsyanına cəhddə günahlandırılaraq firqənin digər üzvləri kimi üç il müddətinə sürgün olunurlar. Üç illik sürgündən sonra, 1937-ci ildə böyük qardaş Musa Müsavatçılığına görə, antisovet fəaliyyətinə görə həbs olunaraq güllələnir. Carçı isə 1941-ci ildə həkim olaraq müharibəyə gedib gəlmir. Bəzi ehtimallara görə Türkiyəyə keçib.
Həmçinin sənədlərdə ən kiçik qardaş, həkim Vəzir Carçıyevin də adı keçir. Amma elə orda yazıldığı kimi, bəlli olmayan səbəbdən Vəzir nəinki həbs olunmayıb, heç dindirilməyib də. (Ehtimalım budur ki, repressiyaçıların planları artıq dolubmuş). Amma faciə bununla bitmir. Çox illər sonra, repressiyaların yalnız dildə bitdiyi dövrdə Vəzir həkim müəammalı qəzaya uğrayır (maşını çaya düşür), ən pisi isə meyidi tapılmır.
Amma Carçılıların faciəsi bunla bitmir. Bildiklərimizi DTX qovluğundakı sənədlər də sübut etdi ki, Musa Carçıyev güllələnən gecə onunla barəbər əmisi oğlanları Carçıyev Qurban Əli oğlu, Carçıyev Mustafa (Məşədi) Əsgər oğlu və digər əqidədaşları eyni maddələrlə güllələniblər.
Sovetlər dövründə hər cür təziqlərə və təqiblərə məruz qalan bu nəsil sınmayıb, əksinə saya gəlməz nailiyyətlər əldə edib. Amma bu nailiyyətlər onları aldatmayıb. Azadlıq hərəkatı illərində hərəkata qoşulublar. Cavanşir bəy Carçı qərb zonasında Xalq Cəbhəsinin liderlərindən olub. Amma elə onun özü də faciəli şəkildə dünyasını dəyişib. Allah hamısın rəhmət eləsin.
(Daha ətraflı üzərində işlədiyim kəndimiz barədə kitabda)
Qeyd: Turkustan.info-nun müəllifi, Siyasi Repressiya Qurbanları Assosiasiyasının xüsusi nümayəndəsi Sərxan Carçı Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyevin icazəsi ilə qurumun arxivində araşdırma işi aparmışdır.