NƏRİMANOVA NECƏ YANAŞAQ:ölkəsinin gələcəyini Rusiyada görən xain, yoxsa qurucu dövlət xadimi?

3-11-2017, 10:40           
NƏRİMANOVA NECƏ YANAŞAQ:ölkəsinin gələcəyini Rusiyada görən xain, yoxsa qurucu dövlət xadimi?
Bakının hündür yerində onun heykəli yüksəlir. Uzun illər ərzində şəhərin bütün tərəflərindən görünən iki heykəl vardı: biri Dağüstü parkda bolşevik Kirovun, digəri Nəriman Nərimanovun. Kirov sağ qolunu irəli uzadaraq xalqı kommunizmə səsləyirdisə, Nərimanov müdrikcəsinə başını aşağı salıb, susurdu…

Azərbaycan siyasi tarixi bu gün Nərimanovla bağlı nə edəcəyini bilmir. Onu arxa planda saxlayaraq haqqında danışmamağa, ya da ümumi sözlərlə üstündən keçməyə çalışırlar. Səbəblərisə aydındır. 1991-ci ildə qurulan müstəqil Azərbaycan yoldaş Nərimanın heç vaxt inanmadığı, perspektivini görmədiyi Azərbaycan Xalq Cumhuriyyətinin varisliyi üzərində bərpa olunub. Nəriman Nərimanovun isə bu reallıqda yeri yoxdur. Ara-sıra onun siyasi xadim kimi təqdimatı ilə bağlı cəhdlər isə böyük mübahisələr doğurur.

Bu gün pərakəndə, ekzotik kommunist qruplarının onun heykəli qarşısına qoyduğu qırmızı qərənfillər sovet keçmişindən bixəbər böyümüş gənc nəsildə suallar doğurur, “bu adam kimdir?” sualına cavab tələb edir.

Nəriman Nərimanov kimdir? Çağdaş Azərbaycan siyasi tarixində onun yeri hardadır? Yoldaş Nəriman bolşevik ideologiyasını ölkəmizə gətirmiş bir xaindir, yoxsa dövlət xadimi?

Bütün bu suallar 27 ildir açıq qalıb.

20-ci əsrin əvvələrində, xüsusi ilə çar Rusiyasının dağılmasından sonra baş verən siyasi təlatümlər Azərbaycandan da yan keçməyib. Ölkənin ziyalı kəsimi “nə etməli?” sualı ilə çıxış yolu axtarmağa can atır, baş vermiş geopolitik zəlzələdən qurtulmağın yolunu tapmağa çalışırdı. Siyasi meydanda isə dəhşətli tablo var idi: dünya xəritəsini tar-mar edən 1-ci dünya savaşı… Bir yandan dağılan 600 illik Osmanlı İmperiyası, o yandan gurultu ilə çökən 300 illik Romanov xanədanının hökm elədiyi çar Rusiyası… Üstəgəl, bu dağıntıların arasında dünya hökmranlığı üçün məqam əldə etməyə var qüvvə ilə çalışan Britaniya imperiyası və “Yeni Dünya”nın yeni qaydalarını gətirmək iddiasında olan ABŞ…

Bütün bu xaosu daha da mürəkkəbləşdirən ideoloji baxışların qanlı davası isə kiçik xalqların qəniminə çevrilərək, onu böyük siyasətin bir detalına çevirirdi.

Belə bir ağır dövürə Azərbaycan özünün azsaylı ziyalı dəstəsi ilə daxil olmuşdu. Bu qrupun bir hissəsinə Məhəmməd Əmin Rəsulzladə və onun ardıcılları, o birinə Nəriman Nərimanov rəhbərlik edirdi.

Əvvəl Məhəmməd Əmin qısamüddətli qələbə çaldı, sonra Nərimanovun inandığı ideologiyanın 70 illik paradı başladı. Sovet tarixi Rəsulzadəni və AXC-ni lənətləyirdi. Amma sovet Azərbaycanı özünün bütün hay-küyü və bəzəkli tarixi ərzində milli ideologiyanı unutdura bilmədi. Qəribədir ki, bu milli ideologiyanın bir bütü elə Nərimanov oldu. Ona qarşı olan münasibət Azərbaycanın milli kadrlarına və xalqına qarşı olan münasibətin bir barometrinə çevrilmişdi. “Nərimanovçuluq” 30-50-ci illərdə milli ideologiyanın bazisi idi, sanki… Bu qədər ziddiyyət nadir təzahür sayıla bilər.

Amma bu gün Rusiya Sosial-Demokrat Fəhlə (bolşeviklər) Partiyasının məramnaməsini Azərbaycan dilinə çevirən, Leninin etibar elədiyi yoldaş Nərimana siyasi tariximizin qəhrəmanlıq hesab olunan səhifələrində yer yoxdur. O, Azərbaycan xalqının başına gətirilmiş mart soyqırımının müəlliflərindən olan Şaumyanın rəhbəri olduğu Bakı Sovetində işləmiş komissar, Azərbaycanı işğal etmiş 12-ci Qırmızı ordunun gəlişinə imza atmış siyasətçi kimi xatırlanır…

Doktorun təbliğ etdiyi siyasi ideologiya isə artıq 27 ildir ki, Azərbaycanda dəbdə deyil. 1918-ci ildə AXC-nin elan etmiş istiqlal fədailərimizin, müstəqlilik aktının müəlliflərinin fonunda Nərimanovun portreti çox bozdur.

Problem nədir?

Bu gün Nərimanovu siyasi xadim kimi təqdim etmək üçün ilk əvvəl Azərbaycanın sovet keçmişinə siyasi qiymət verilməlidir. 1920-1991-ci illərdə mövcud olmuş sovet Azərbaycanı və onu quranların bu günkü siyasi tariximizdə yeri hardadır? Onları birdəfəlik unudaqmı? Yoxsa layiq olduqları qiymətini verək? Bu suallar ağır mirası daşıyır və bu günə qədər açıq qalır.

Rəsulzadə və Nərimanov – hər ikisi müstəqil dövlət qurmaq arzusunda idi. Rəsulzadə bu ölkəni qurmaq üçün Vilson prinsiplərini əsas götürürdü, yoldaş Nəriman isə Azərbaycanın əbədi xoşbəxtliyini Rusiyada görürdü. Bir-birinə zidd ideoloji postulatlarla silahlanmış bu iki dünyagörüşü bir-birindən fərqləndirən mühüm detal vardı: Rəsulzadənin dövlət yaratmaq üçün söykəndiyi demokratik prinsipləri 1918-ci ilə qədər dünyada populyar olan və trendə çevrilməkdə olan ideyalara söykənirdi. Bu ideyalar isə öz kökünü 1789-cu ildəki Fransa burjua inqilabından götürürdü. Səngərin bu tərəfində isə insanlığın heç vaxt şahidi olmadığı tarixə onun heç bir dövründə məlum olmayan ideoloji baza dururdu: Kommunizm! “Bərabərlik, ictmai mülkiyyət, kommunizmin yeni insanı” şüarları utopik olduğu qədər cazibədar idi. Cəmi bir neçə ildən sonra Nərimanov bolşeviklərin bu ideyasının sabun köpüyü kimi partlamasının şahidi olacaqdı. Özünün “Leninə məktub”unda “Əziz İliç, axı biz belə danışmamışdıq…” deyə etiraz yazan Nərimanov bununla da öz siyasi intiharını gerçəkləşdirmiş olacaqdı.

Nəriman Nərimanovun siyasi peydestaldakı yeri müəyyən olunmalıdır. Bunu tarixin “sələflər və xələflər” zəncirinin qaydaları tələb edir.

SSRİ-nin 70-ci illərində ona həsr olunmuş “Ulduzlar sönmür” adlı filmində Nərimanovun və Fətəli xan Xoyskinin mübahisə etdiyi epizod var. Hacı Zeynalabdin Tağıyevin “ dalaşmayın, Azərbaycanı düşünün” iradından sonra Xoyskinin “nəsillər bizi mühakimə etməyəcək, biz xalqa istiqlal bəxş etdik” sözləri Nərimanovun ironiyası ilə müşaiyət olunur. Əslində isə dünyanı sarsıtımış sosializm ideoligyasının məstedici vədlərinə inanan və sinfi cəmiyyəti labüd sayan Nərimanovla dünyanı məhvərindən çıxaran inqilablar zamanını milli dövlətin yaranması üçün fürsət sayan Rəsulzadə kimi işıqlı insanların “səngər”in müxtəlif yerlərində yer alması da ağrıdıcıdır.

Qəribə bir detal da var: hər iki rəhbər- Rəsulzadə və Nərimanov – 1922-ci ildə bir məkanda – Moskvada çalışıblar. Bilmirəm, bu illər ərzində onlar bir dəfə də olsun oturub danışa biliblərmi?

Nərimanov bu gün Azərbaycanın siyasi tarixində saxlayan hələki yalnız maarifçi, ictimai xadim statusudur. Onun siyasi “dirilişi” isə Azərbaycanın mürəkkəb və təzadlı dövründə imza atdığı qərarların nəticələrinin dərin və qərəzsiz təhlilindən asılıdır.

Xaqani SƏFƏROĞLU

Strateq.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.