"Mülayimləşməyə" çalışan vəhabi paytaxtından ilk addım: Maruni patriaxrı Riyada dəvət olundu

4-11-2017, 09:23           
"Mülayimləşməyə" çalışan vəhabi paytaxtından ilk addım: Maruni patriaxrı Riyada dəvət olundu
Livanın Maruni patriarxı Mar Beşara Butrus ər-Rai önümüzdəki günlərdə Səudiyyə Ərəbistanını ziyarət edəcək.

Ovqat.com xəbər verir ki, məlumatı Livanın rəsmi xəbər agentliyi NNA yayıb.

Məlumata görə, dəvət Səudiyyə Ərəbistanının Beyrut səfirliyindən gəlib və Livandakı Maruni x ristianların dini liderinin bu ziyarət çərçivəsində Səudiyyə Ərəbistanı kralı Səlman bin Əbdüləziz və vəliəhd Məhəmməd bin Səlman ilə görüşəcəyi gözlənilir.

Xəbərdə o da qeyd edilir ki, Maruni patriarxının Səudiyyə Ərəbistanına ziyarət xəbəri xristian dünyasında müsbət qarşılanıb. Patriarxın səfər zamanı Səudiyyə Ərəbistanında köhnə bir kilsəni açacağı bildirilir.

Azərbaycan oxucusu üçün ilk baxışdan bəlkə də adi bir xəbər kimi görünən bu məlumatın arxasında ciddi dəyişim prosesinin izləri dayanır. Məsələ burasındadır ki, indiyə qədər qatı vəhabilik dəsti-xətti tutan rəsmi Riyad öz qapılarını patriarx və Papa kimi xristian dini liderlərə qapalı tutmuşdu. Rəsmi Riyadın birdən-birə qapılarını başqa din təmsilçilərinə açması bir çoxları üçün əsl sürprizdir. Livan mətbuatı bu sürprizi bir müddət əvvəl Səudiyyə vəliəhdi Məhəmməd bin Səlmanın “mülayim islama geri qayıdış” islahatları ilə əlaqələndirir.

Xatırladaq ki, bir müddət əvvəl vəliəhd 500 milyard dollarlıq “Yeni Gələcək” layihəsinin detalları ilə bağlı paytaxt Riyadda keçirdiyi beynəlxalq toplantıda ölkəsinin “mülayim İslam”a geri qayıdacağını bəyan etmiş və bütün dünya güclərindən bu proyektin baş tutması üçün xeyir-dua istəmişdi.

Bütün dünyanı təəccübləndirən bu çıxışdan sonra rəsmi Riyad həqiqətən də mülayimləşmə istiqamətində müəyyən addımlar atmışdı. Bunlardan ilki bir müddət əvvəl Səudiyyə Ərəbistanına bağlı “Rabitə” adlı beynəlxalq qurum tərəfindən İslam dünyasının dörd bir yanından 400 müsəlman alimin iştirakı ilə Nyu-Yorkda keçirilən “Amerika – İslam dünyası əlaqələri” mövzulu konfrans olmuşdu.

Rəsmi Riyadın bu istiqamətdə atdığı digər bir addım isə son zamanlar İsrailə qarşı ritorikasını xeyli yumşaltmasıdır. Ümumiyyətlə, yeni vəliəhdi Məhəmməd bin Səlmanın İran şiəçiliyiylə mübarizədə, lazım gələrsə, İsraillə birgə hərəkət edəcəyini dəfələrlə açıqladığı və yəhudi lobbisinə özünü şirin göstərməyə çalışdığı müşahidə edilib. Onun Maruni kilsəsinin patriarxı Raini ölkəsinə dəvət etməsi də Livan mətbuatı tərəfindən “mülayim İslam” istiqamətində atılan növbəti addım kimi qiymətləndirilir.

Bəzi ekspertlərə görə isə Riyadın “maliyimləşməsinin” başlıca məqsədi heç də demokratikləşmə deyil, İranla əzəli rəqabətdə yəhudi lobbisiylə yanaşı, xristian güc mərkəzlərinin də dəstəyini qazanmaqdır. Maruni kilsəsinin xarakterinə nəzər salanda bu iddiaların nə dərəcədə əsaslı olduğunu görə bilərik. Bilindiyi kimi, Əziz Marun tərəfindən qurulan və V. əsrdən etibarən Livanda məskunlaşan xristianların tapındığı bu kilsə mahiyyət etibarilə həm ortodoksların, həm də kataliklərin qəbul etdiyi uniat xarakterə sahibdir. Uniat kilsələr ortodoks olsalar da, Papanı tanıyan və onun dini nüfuzunu qəbul edən camaat olduğundan çoxməzhəbli xristianlığın ortaq dəyəri sayılırlar. Qeyd edək ki, Şərqi pravoslav kilsələri də uniat hesab olunurlar. Görünür, Səudiyyə vəliəhdi patriarx Raini Səudiyyə Ərəbistanına rəsmi səfərə dəvət etməklə həm Qərbin, həm də Rusiyanın təqdirini qazanmağı planlaşdırır.

Səudiyyə Ərəbistanının “mülayim İslam”a qayıdış bəyanının əzəli rəqibi İranı təkləmək strategiyasının tərkib hissəsi olması barədə mülahizəni vəliəhdin “The Guardian” qəzetinə verdiyi müsahibəsi də dəstəkləyir. Həmin müsahibədə vəliəhd Səudiyyə Ərəbistanının 1979-cu ildən sonra radikal İslama yönəldiyini qeyd etmiş və bunun başlıca səbəbini İran İslam İnqilabının regionda yaratdığı yeni status-kvo ilə əsaslandırmışdı. Onun fikrincə, İranda İslam inqilabı qələbə çaldıqdan sonra Tehranın bütün müsəlman dünyasına, o cümlədən Yaxın Şərqə öz ideologiyasını ixrac etməyə çalışması rəsmi Riyadı əks tədbirlər görməyə sürükləmişdi. Beləcə, get-gedə radikallaşan Səudiyyə Ərəbistanı indiki vəziyyətə gəlmişdir.

İnsafən, vəliəhdin fikirlərində həqiqət payı da az deyil. 1979-cu illərdən əvvəl Səudiyyə Ərəbistanında bir çox Qərb yönümlü təsisatların görüldüyü o dövrə aid tarixi sənədlərdə öz əksini tapıb. Bildirildiyinə görə, bu dövrə qədər Səudiyyə Ərəbistanının çimərliklərində hətta qadınlarla kişilər bir yerdə üzür, bir çox Qərb şirkətlərinin filialında xristian xanımlar çalışırdılar. İranda baş verən məlum inqilabından sonra isə Səudiyyə Ərəbistanında vəziyyət tamamilə dəyişdi. Tehranın Fələstin məsələsinə xüsusi diqqət ayırması istər-istəməz ərəblərin həm dini, həm də milli hislərini hərəkətə gətirdiyindən və İrana meyllənməni gücləndirdiyindən, Misirdən tutmuş Səudiyyə Ərəbistanına qədər bir çox ölkələrin siyasi hakimiyyətlərini dindarlaşmaq yarışına sürüklədi.

Rəsmi Riyadın “mülayim İslam”a yönəlməsinin digər səbəblərindən biri iqtisadi amillə bağlıdır. Neftin qiymətlərinin aşağı düşməsindən sonra iqtisadi cəhətdən xeyli zəifləyən ölkə, bizim kimi, qeyri-neft sektorunun inkişafına can atır. Di gəl ki, bu zamana qədər neft kapitalının gətirdiyi rahatlıq digər sahələrin inkişafını boğmuş, ən əsası isə, mütəxəssis və kadr potensialını ortadan qaldırmışdı. Siyasi hakimiyyətin xarici şirkətlərə yalnız Səudiyyə vətəndaşlarıyla ortaqlıq yaradaraq, ölkəyə investisiya qoymaq şərtini qanuniləşdirməsi yerli vətəndaşları müftəxorluğa öyrətmiş, əziyyət çəkmədən pul qazanmalarının yolunu açmışdır.

Ölkənin bütün işgüzar insanlarının xarici vətəndaş olması (Təxminən, 16 milyon əcnəbi) milli qeyri-neft sektorunun qarşısında dayanan başlıca problemlərdən biridir. Getdikcə neft kapitalları azalan və qatı şəriət qanunları ilə idarə olunan Səudiyyə Ərəbistanı hazırda xarici investorlar üçün də cazibədar görünmür. Üstəlik, yerli əhalinin nəfinə 51%-49% ortaqlıq da xarici kapitalı ürküdən amillərdən sayılır. Rəsmi Riyad yeni iqtisadi dövrün tələblərinə uyğun olaraq, öz vətəndaşlarının imtiyazını ləğv etməlidir ki, bu da ölkədə birmənalı qarşılanmaya və ciddi narazılığa yol aça bilər. Vəliəhdin dünyanın güc mərkəzlərini iqtisadi yenidənqurma prosesində Səudiyyə Ərəbistanına yardıma çağırması bu mənada təsadüfi deyil.

“Mülayim İslam”a qayıdışın ən önəmli səbəblərindən biri də Səudiyyə Ərəbistanının əhalisinin yaş fərqi ilə bağlıdır. Rəsmi statistikalara görə, ölkə əhalisinin 70%-i 30 yaşın altındadır. Gənc nəsil isə artıq qatı şəriət qaydalarıyla idarə olunmaq istəmir. Sosial şəbəkələr vasitəsilə dünyayla inteqrasiya prosesi gücləndikcə, ərəb gəncləri də Qərb insanları kimi azad yaşamaq arzusundadırlar. Özəlliklə səudiyyəli qadınların heç bir hüququnun olmaması ciddi narazılıqlar yaradır. Təsadüfi deyil ki, yeni vəliəhdin “mülayimləşmə” istiqamətində atdığı əsas addımlardan biri qadın hüquqlarıyla əlaqədardır. Bu zamana qədər qadınlara sürücülük vəsiqəsinin belə çox görüldüyü ölkədə ilk islahat da məhz bu sahədə olub. Qadınların sürücülük vəsiqəsi almaq hüququnun tanınması Səudiyyə toplumunda böyük inqilabi dəyişiklik kimi qiymətləndirilir. Növbəti mərhələdə isə qadınların siyasi hakimiyyətdə daha artıq yer alması, seçmək və seçilmək hüququ qazanması hədəfi dayanır.

Rəsmi Riyad artıq bu istiqamətdə bəzi kövrək addımlar atmağa başlayıb. 2009-cu ildə Təhsil nazirinin müavini vəzifəsinə bir qadının təyin olunması bu istiqamətdə atılmış ilk addımdir. “Mülayimləşmə” yoluna qədəm qoyduğunu elan edən Riyad bu sahədə də ciddi işlər görməlidir. Əks təqdirdə, imdad dilədiyi xarici güc mərkəzlərinə İrandan daha “mülayim” olduqlarını göstərmək vəliəhdə nəsib olmayacaq.

Hər halda, Livanın Maruni patriaxrını Səudiyyə Ərəbistanına dəvət etməklə Qərbin “saqqızını oğurlamaq” o qədər də asan məsələyə oxşamır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.