İcra başçısının oğlunu kimlər oğrulayıb - Girov həkimin xilası üçün yüz min dollar pul tələbi...

21-03-2018, 13:06           
İcra başçısının oğlunu kimlər oğrulayıb - Girov həkimin xilası üçün yüz min dollar pul tələbi...
1995-ci ilin əvvəllərində, ictimai-siyasi baxımdan gərgin günlərdə, ölkədə kriminogen durumun nəzarətdən çıxmış olduğu dönəmdə Bakı şəhərində fövqəladə bir hadisə baş verir. Bu hadisə o zaman da sıradan hadisə deyildi və adı çəkilən hadisə bu gün də baş versəydi ajiotaj yaradardı. Söhbət adam oğurluğundan gedir. Baş verən hadisədə oğurlanan adam isə Lənkəranın İcra Hakimiyyəti başçısının oğlu idi. O, günün günorta çağı beynəlxalq krimioloji terminologiyada “kidneppinq” adlanan cinayətin qurbanı olmuşdu. Hərfi tərcüməsinə görə “kidneppinq” bizim dildə “uşaq oğurluğu” deməkdir, amma oğurlanan adam heç də uşaq deyildi, 30 yaşlarında yetkin bir adam idi. O, yalnız anası İH başçısı Dilruba Camalova üçün uşaq ola bilərdi. Oğrular üçün isə, qiymətli girov idi. Ondan ötrü o vaxtın bahalı dollar məzənnəsi ilə bir çamadan pul tələb edəcəkdilər.

Oğurlanan şəxs həkim Rəşad Talışınski idi. O, 1987-1988-ci illərdə Bakı şəhəri 4 saylı klinik xəstəxananın cərahiyyə şöbəsində internatura keçmiş, 1991-ci ildə Azərbaycan Tibb Universitetinin otorinolorinqologiya üzrə əyani aspiranturasına daxil olmuş və 1994-cü ildə oranı bitirmiş, burun-boğaz-qulaq həkimi ixtisası qazanmışdı. Onu oğurlayanlar heç də Rəşad həkimin özünün qazandığı, qazanmaqda olduğu pulu hədəfləməmişdilər. Oğrular onun anasının yüksək dövlət vəzifəsində olduğundan xəbərdar idilər. Rəşad Talışınski 2001-ci ildə “Uşaqlarda burun arakəsməsinin deformasiyası zamanı korreksiyaedici əməliyyatın tətbiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.


1990-1991-ci illərdə Daxili İşlər Nazirliyinin hospitalında həkim-otorinolorinqoloq kimi çalışan və polis zabitlərini müayinə edən doktor Talışınski bəlkə də oğruların əlində olarkən onu məhz keçmiş tanışlarının xilas edəcəyini düşünürdü. Amma həkimi sırf kriminal aləmin adamları azad edərək, anasının yanına qaytarıblar. Hadisənin xroniki ardıcıllığı belədir: Rəşad Talışınski girov götürüldükdən sonra onun hansı cinayətkar qrup tərəfindən aparıldığı dərhal bilinməyib. İlk növbədə ona görə ki, “qanuni oğrular” adam oğurluğunu “yol verilən cinayət növü” saymırlar. Bir növ haram buyurublar. Bu üzdən onun hansısa “qanuni oğru”nun himayəsində olan qrup tərəfindən götürülmədiyi bəlli olub və ortaya belə bir sual çıxıb: Bəs onda həkimi kim aparıb?

Bu oğurluğun kriminal dünyadan uzaq olan cinayət qruplaşması tərəfindən həyata keçirildiyi ortaya çıxıb. Rəsmən axtarışda olan Quli bu məsələyə qarışıb, öz kanalları ilə Rəşad Talışınskini kimlərin apardığını, onların 100 min dollar qarşısında gənc həkimi azad edəcəklərini öyrənib. Quli məsələylə bağlı tanınmış “oğru” Masallı Mamedlə görüşüb və məsələni ona danışıb. Bu hadisədən “Lotu Ənvər”in azad edilməsi üçün yararlanmağın lazım olduğunu deyib. Mamed Qulinin təklifini müsbət qarşılayıb. Onların adamları Lənkərana gedərək İH başçısı Dilruba Camalova ilə görüşüblər. İcra başçısına bildiriblər ki, oğlunun azad olunması üçün 100 min dollar tələb olunur və bundan başqa “Lotu Ənvər” də həbsdən azad edilməlidir. Oğlu üçün hər cür fədakarlıq etməyə hazır olan ana, şərtləri qəbul edərək, “Lotu Ənvər”in həbsdən çıxarılaraq birbaşa Lənkərana gətirilməsini təmin edib. Oğruların tələb etdiyi 100 min dollar qadın İcra başçısı tərəfindən ödəndikdən sonra 15 gün girov saxlanılan Rəşad həkim anasının yanına qayıdıb.

Vasif Əlihüseyn

Mənbə: Munis Yusifoğlunun “Mən Quliyəm” kitabı.
moderator.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.