Həbsxanadan qaçış planları: vertolyotla, iplə, qatarla qaçan məhbuslar

3-07-2018, 11:39           
Həbsxanadan qaçış planları: vertolyotla, iplə, qatarla qaçan məhbuslar
Mahmud Hacıyev: “Azərbaycan həbsxanalarından qaçış faktı demək olar ki, yox dərəcəsindədir”
Fransada barəsində 25 il həbs cəzası verilmiş məhbus Reduan Faid vertolyotla həbsxanadan qaçıb. Bu barədə “Parisien” qəzeti yazıb. Paris yaxınlığında Sena de Marna departamentində yerləşən həbsxanadan qaçan Faidə 3 nəfər silahlı şəxs yardım edib. Məhbus isə Belçikada qeydiyyatda olan vertolyot vasitəsilə qaçmağı bacarıb. Daha sonra vertolyot Paris yaxınlığında yandırılmış halda tapılıb.

Vertolyotun pilotu girov götürülüb. Faid qadın polis əməkdaşının ölümü ilə nəticələnmiş qarət cəhdinə görə 25 illik həbs cəzasını çəkirdi. İndiki qaçış sayca onun həbsxanadan ikinci qaçışıdır.

2013-sü ildə o, həbsxanaya gətirildikdən yarım saat sonra qaça bilmişdi.

Həbsxanadan vertolyotla qaçış səhnələri bizə adətən filmlərdən tanışdır. Məşhur Türkiyə seriyalı “Kurtlar Vadisi”ndə belə bir epizodu izləmişdik. Kinoda “Halo” ləqəbi ilə tanınan Halil İbrahim polis vertolyotu ilə filmin baş qəhrəmanı Polad Ələmdar tərəfindən qaçırılmışdı. Əslində dünyada elə ilk dəfə vertolyotla həbsxanadan qaçan da türkdür və bəhs etdiyimiz filmdə də məhz onun prototipi canlandırılıb.

Belə ki, Türkiyənin “Hürriyet” qəzeti yazıb ki, Gaziantepspor sədrliyinə üzv olan Halil Havar 19 fevral 1991-ci ildə Hollandiyada saxlanıldığı həbsxanadan İtalya mafiyasının məşhur ailələrindən olan Trappanans tərəfindən vertolyotla qaçırılıb.

İki il ərzində gizlənməyi bacaran Havar 1992-ci ildə Türkiyədə tutulub. Ancaq prokurorluq tərəfindən sərbəst buraxıldığı zaman yenə ortalardan itib. 1994-cü ildə isə ələ keçirilərək, həbs olunub.

Tarixdə isə həbsxanadan müxtəlif və ağılagəlməz yollarla qaçan məhbuslar çox olub. Onların həyatı müxtəlif filmlərə çəkilib, detektiv romanlarda qeyd olunub.


Vertolyotla Fransada həbsxanadan qaçan məhbuslardan biri də Pascal Payetdir. Belə ki, o, ilk dəfə adam öldürərək, 30 il həbs cəzasına məhkum edilib. 2001-ci ildə özü həbsxanadan qaçdıqdan sonra 3 nəfər adamını da vertolyot vasitəsilə, həbsxanadan qaçırmağı bacarıb. Lakin qısa müddət sonra həm özü, həm də adamları təkrar həbs ediliblər. Pascal 2007-ci ildə yenidən eyni üsulla, vertolyotla həbsxanadan qaçıb. Bu dəfə isə onun izinə düşə bilməyiblər.

Həbsxanadan qeyri-adi qaçış üsullarından hələ 16-cı əsirdə Hugo Grotius adlı vəkil istifadə edib. O, orta əsr kilsə inanclarına qarşı çıxdığı üçün mühakimə olunaraq, həbs edilib. Həbsxanada bir müddət gözətçilərin hərəkətini izlədikdən sonra Hollandiyaya yola salınacaq 70 sm uzunluğunda, 40 sm yüksəklikdə və 50 sm genişlikdə olan kitab sandığına girərək qaçmağı bacarıb.


Dülgər Jack Sheppard Londanda saxlanıldığı həbsxanadan bir neçə dəfə qaçmağı bacarıb. O, ya yataq dəstindən ip düzəldib, ya qadın qılığına girib, yaxud da həbsxananın damına çıxaraq, azadlığına qovuşub. Bir dəfə isə o, həbsxananın damından atlanmaq istəyən zaman tutulub və Londonda xalqın qarşısında asılaraq, öldürülüb.


Bu cür faktların sayı onlarladır. Azərbaycan tarixindəki səs-küylü qaçış hekayələri az deyil. Bunlardan biri də eks müdafiə naziri Rəhim Qazıyevə məxsus olub. Laçın Alayının keçmiş komandiri Arif Paşa da 90-cı illərdə MTN təcridxanasından qaçan tanınmışlardan olub.

90-cı illərin ortalarında həbsxanada bir qrup şəxs qaçmağa cəhd etmişdi, bu zaman atışma da olmuşdu.

Mahmud Hacıyev ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan sabiq polis rəisi Mahmud Hacıyev bildirib ki, iki-üç siyasi xarakterli “qaçış”dan savayı, Azərbaycanda həbsxanadan qaçmaq hallarına rast gəlinməyib:

“Həbsxananın özündən hansısa üsulla qaçmaq halı deyərdim ki, nə sovet dövründə, nə də indiki zamanda baş verməyib. Dövlətdən-dövlətə də bu məsələdə fərq var. Sovet dönəmində həbsxanadan kimsə qaçardısa belə, bu, ictimaiyyətdən gizli saxlanılırdı. Sovet dönəmində bir Kərimov soyadlı azərbaycanlı Rusiyanın xüsusi rejimli islah əmək koloniyasından qaçmışdı. O zaman bizə də tapşırıq gəlmişdi ki, ehtiyatlı olun, ora da gələ bilər. Həmin şəxsi tuta bilmirdilər. Çünki o, böyük cəsarət sahibi idi. Bu adam qaçan zaman hərəkət edən vaqonun bir təkərinin altından keçib, digər təkərin altından qarşı tərəfə çıxmışdı. Onun üstündə Rusiyada xeyli sayda adam işdən çıxarıldı. Kərimovun adı bir neçə ölüm işində keçirdi. Hətta müğənni Alla Puqaçovaya da sui-qəsdə cəhd etmişdi. Bütün bunları məxfi materialdan oxumuşam. Bu adamı tuta bilmirdilər. Nəhayət, əmr gəlmişdi ki, harada görsəniz vurun. Onu Rostov ətrafında silahlı müqavimət göstərən zaman vurub öldürmüşdülər. Kommunist ideologiyasının vaxtında həbsxanadan qaçanları çox da ictimailəşdirmirdilər. Yəni qaçanlar da yox dərəcəsində idi”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.